525.Az

Yaponiya və Hindistan Çinə qarşı?


 

Bu birlik sonacan bir ola biləcəkmi?

Yaponiya və Hindistan Çinə qarşı?<b style="color:red"></b>


Strateji Araşdırmalar Mərkəzinin Çin üzrə eksperti

 

Yaponiyanın son zamanlar bir çox ölkələrlə münasibətlərini intensivləşdirməsinin, başqa sözlə desək, yaxınlaşma siyasəti həyata keçirməsinin bir sıra tarixi kökləri var. Bu kontekstdə Yaponiya baş nazirinin Hindistana səfəri tarixi məna kəsb edir. Belə ki II Dünya müharibəsində Hindistanın "Sübhas Kandra Boses" Milli Ordusu Yaponiya İmperator Ordusu ilə döyüşlərdə Britaniya qüvvələrinə qarşı birlikdə vuruşub.

Bu ilin yanvar ayının 25-27-i tarixlərində Yaponiya baş naziri Şinco Abenin Hindistana səfəri iki ölkə arasında həm iqtisadi, həm siyasi münasibətlərin daha da yaxınlaşmasının təzahürüdür. Səfər çərçivəsində Yaponiya baş naziri 64 il əvvəl hazırlanmış "konstitusiyanın" qüvvəyə minməsi ilə qurulan Respublika Günü münasibətilə təşkil olunmuş paradda iştirak edib.

Qeyd edək ki, son illərdə Yaponiyanın hərbi texnikasını xarici bazarlara çıxarmaq ölkədaxili müdafiə istehsalçıları üçün dünyada ən böyük silah bazarı açmaq niyyətində olduğu açıq-aydın görünür. Bildiyimiz kimi, son zamanlar Senkaku (Dyaoyü) adası ilə bağlı səngiməyən münaqişələr Yaponiyanın Çinə qarşı rəqibləri ilə birləşməsinə gətirib çıxarıb. Baş nazirin  səfəri zamanı da qeyd etdiyimiz məsələlər danışıqların əsas mövzusu olub. Belə ki, Yaponiyanın Hindistana amfibiya xilasetmə təyyarələri, həmçinin mülki istifadə üçün Şin Mayva US-2 təyyarələri satmaq təklifləri üzərində geniş müzakirələr aparılıb. Həmçinin Hind okeanı ərazisində hərbi əməkdaşlığın genişləndirilməsi  bu il üçün artıq üçüncü dəfə hər iki ölkənin quru qoşunlarının birgə hərbi təlimlər keçməsi məsələsi səfər çərçivəsində əsas müzakirə mövzusu olub. Burada bir məqamı xüsusi vurğulayaq ki, Yaponiyadan alınan təyyarələrin Çinin yaxın ərazilərində havaya qalxması, təbii olaraq, gələcəkdə Çinin kəskin etirazına  səbəb ola bilər. Onu da bildirək ki, Hindistan XİN-in Şimali Asiya regionu üzrə səlahiyyətli nümayəndəsi Qautam Bambavalle danışıqlarda Hindistanın Yaponiyadan təyyarə almaq ehtimalının yüksək olduğunu qeyd edib. İki rəqib ölkənin bir araya gəlməsini Çinin son zamanlar qonşu ölkələrlə yaranmış bir sıra problemlərinin həlli yollarının müzakirəsi  kimi  qiymətləndirmək olar. 

Silah digər hərbi texnikanın satışında Yaponiyanın  məşhur şirkətlərinin - "Mistubişi" ağır sənaye LTD "Kavasaki" ağır sənaye LTD-nin yaxından iştirak edəcəyi gözlənilir. Məhz bu səbəbdəndir ki, Yaponiya baş nazirini Hindistana səfəri zamanı "Mistubishi", "Sumitomo Chemical", "Toşiba" "Hitaçi" şirkətlərinin rəhbərləri müşayiət ediblər.

Məlumat üçün qeyd edək ki, Hindistan son üç ildə dünyanın ən çox silah alan ölkəsi olub. Yaponiyanın Asiya regionunun güclü dövlətlərindən olan Hindistanla münasibətlərin sıxlaşdırılması faktını son illərdə iqtisadi cəhətdən böyük gücə çevirən Çin ilə balans yaratmaq kimi qiymətləndirmək olar. Tarixə nəzər salsaq görərik ki, Çin ilə Hindistan arasında Himalay dağları tərəfdən sərhədyanı ərazilər problemi mövcuddur. 1962-ci ildə yaşanmış qısamüddətli müharibədən sonra  hazırda burada sərhəd boyunca Çin əsgərləri yerləşdirilib.  Tarixən yaşanmış bu cür hadisələr iki ölkə arasında ticari əlaqələrin inkişafına mənfi təsir göstərir.

Qeyd edək ki, Yaponiya Hindistanla təkcə hərbi-müdafiə sahəsində deyil, digər sahələrdə əməkdaşlıq etmək niyyətindədir. Səfər çərçivəsində Yaponiya ilə Hindistanın birgə atom elektrik stansiyası inşa etməsinə dair razılığın son məqamları da müzakirə edilib. 

İki ölkə arasında həm iqtisadi, həm siyasi münasibətlərin yaxınlaşmasına xidmət edən bu layihələrdən biri nəqliyyat sektorunun (xüsusilə dəmiryolu xətlərinin) qurulması ilə bağlıdır. Məsələn, yaponlar Dehli Mumbay, Çennay Bangalore arasında sürətli dəmiryolu xətlərinin quraşdırılması, həmçinin Hindistanda metro xətlərinin çəkilişi digər layihələrin həyata keçirilməsi üçün 210 milyard yen kredit ayırmaq niyyətindədirlər. Yaponiya hökumətinin bu addımları bu ölkənin sözügedən regiona dərəcədə böyük önəm verildiyinin bariz nümunəsidir.

Səfərin digər maraqlı məqamlarından biri, başqa sözlə desək, Yaponiya baş nazirinin ən böyük istəyi Çin Xalq Respublikasında fəaliyyət göstərən 14000 yapon adamı üçün yeni münbit sərmayə mühiti tapmaqdır. Bu halda təbii ki, ən münasib seçim Hindistandır. ABŞ-ın Asiya-Sakit okean regionunun təhlükəsizliyinə dair verdiyi vədin qeyri-sabit olması səbəbindən Yaponiya Çinin mümkün təzyiqlərinə  mane ola biləcək yeni müttəfiq tapmaq məcburiyyətindədir.

Məlum olduğu kimi, Yaponiya-Çin münasibətlərində soyuqluq hələ hiss edilməkdədir. Yaponiyanın NHK kanalının verdiyi məlumata görə, 2013- ildə Çinə səfər edən yaponların sayı keçən illə müqayisədə 18% azalaraq 2 milyon 870 min olub. Yəni son 10 ildə ilk dəfə olaraq 3 milyondan aşağı rəqəm qeydə alınıb. Bu,  iki ölkə arasında turizmlə yanaşı, ticari əlaqələrin inkişafına mənfi təsir göstərib. Gələcəkdə bir çox məsələlərdə Hindistanın da Yaponiyaya dəstək verməsi  sual altında ola bilər. Çünki  qonşu Çinlə münasibətləri o qədər ürəkaçan olmasa da, Hindistanın regionda cərəyan edən hadisələrə münasibətdə öz mənafeləri çərçivəsində hərəkət edəcəyi şübhə doğurmur.

 





30.01.2014    çap et  çap et