525.Az

Azərbaycan ordusu yeni zəfər tarixi yazır - Münasibət


 

Azərbaycan ordusu yeni zəfər tarixi yazır - <b style="color:red">Münasibət </b>

27 sentyabr 2020-ci ildə erməni silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti təxribatının qarşısı hər zaman olduğu kimi alınsa da, artıq səbri tükənmiş ordumuz bu dəfə hər zamankından fərqli olaraq, bu quldur zehniyyətli düşmən ordusunu torpaqlarımızdan tamamilə qovub çıxarmağa başlayıb.

Hər dəfə belə təxribatlardan sonra cavablarını alaraq qınlarına çəkilən, eyni zamanda xaricdəki havadarlarını vasitəçi edərək Azərbaycan ordusunun dayandırılmasına alışmış erməni dəstələri bu dəfə yanıldıqlarını anladılar və çaşqınlıq içində döyüş postlarını tərk edərək qaçmağa üz qoyublar. Qaçarkən də öz xislətlərindən əl çəkmir, gah sərhədyanı bölgələrimizi atəşə tutur, gah da beynəlxalq aləmə saxta məlumatlar ötürməklə imdad diləyirlər.

Lakin bu dəfə onların xaricdəki havadarları da köməklərinə çata bilmir. Çünki artıq Azərbaycan həqiqətləri lazımi səviyyədə dünyaya çatdırılır. Son günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ingilis, türk, ərəb, rus telekanallarına media nümayəndələrinə verdiyi müsahibələrdə konkret faktlarla ermənilərin feyk xəbərlərini tamamilə alt-üst etməsi bunun ən gözəl sübutudur. Prezidentin xalqa müraciəti zamanı söylədiyi hər bir söz, hər bir cümlə insanlarımızın qəlbini riqqətə gətirmiş və qələbəyə olan inamı daha da artırıb. Bu inamdır Azərbaycan igidlərini düşmən qarşısında sarsılmaz edən, 2016-cı ilin Aprel döyüşlərindən başlanan qəhrəmanlıq salnaməsini yenidən yazdıran.

Bəli, bu gün şanlı Azərbaycan ordusu Qarabağımızda yeni Zəfər Tarixi yazır. Elə bir tarix ki, uğruna fəda olan müqəddəs şəhid ruhlarının nigarançılığına son qoyacaq, o tarix ki, atalarını, övladlarını, qardaşlarını, ərlərini bu yolda qurban verərək yanan ürəklərə su səpəcək və o tarix ki, dünyanı ikili standartlarla idarə etməyə çalışan "böyük güclərə" ilahi ədalətin necə təcəlli etdiyini göstərəcək.

Zeynəb QULİYEVA
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri

 





13.10.2020    çap et  çap et