525.Az

Qələbəyə qədər - həm ön cəbhədə, həm də arxa cəbhədə! - Sosial şəbəkədə yazılanlar


 

Qələbəyə qədər - həm ön cəbhədə, həm də arxa cəbhədə! - <b style="color:red">Sosial şəbəkədə yazılanlar </b>

Erkin Qədirli, millət vəkili:

- Uzunmüddətli atəşkəsin baş tutacağı mümkün görünmür (humanitar ola bilər, beynəlxalq hüquqda nəzərdə tutulub). Onu mümkünsüz edən sistem amilləri var. Şəraitin kəskin dəyişməsi Bişkek anlaşmasıyla müqayisəni yersiz edir. Ordumuz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə girib (həm şimaldan, həm cənubdan). Üstəlik, Murovu götürüb. Şəraitin belə kəskin dəyişməsi istənilən atəşkəsin ömrünü qısa edəcək. Ermənilər bizi keçmiş DQMV-nin ərazisindən çıxarmağa, ordumuz isə onun içinə daha dərinə getməyə çalışacaq. Moskvada 10 saatlıq görüşdən sonra belə yüngül, dəfələrlə işlədilmiş sözlərdən ibarət bir mətn çıxıbsa, deməli, əsas məsələləri razılaşdıra bilməyiblər. Həmin mətnin altında da kimsənin imzası yoxdur.

Şahbaz Xuduoğlu, "Qanun" Nəşrlər evinin rəhbəri:

- Prezident İlham Əliyev bu konflikti gələcək nəsillərə qoymayacaq. İqtisadi və hərbi gücünə görə regionda lider olan bir dövlət torpaqlarını heç kəsə güzəştə getməli deyil. Ruhdan düşmək olmaz. Hətta bütün torpaqlarımızın azad olması da müharibənin bitməsi demək deyil. Ali baş Komandan İlham Əliyev çox parlaq bir mövqe qoydu ortalığa - həm hərbi, həm də diplomatik. Bu o deməkdir ki, bu müharibəni o bitirməlidir. Çünki dedikləri hələ ki, tam həyata keçməyib. Qarabağ azad edilməlidir, Azərbaycan torpaqları geri qayıtmalıdır, Türkiyə tərəf kimi Minsk qrupuna daxil olmalıdır, Paşinyan xalqımızdan üzr istəməlidir. Türkiyə yanımızda qalmalıdır. Türkiyə geri çəkilməli deyil. Yalnız mənəvi yox, bütün imkanları ilə. Bu, xalqımızın mövqeyidir. 10 günlük müharibəni Azərbaycan uddu. Dünyada misli olmayan hərbi bacarıq göstərdi. Bu müharibə mütləq hərb tarixinə qızıl hərflərlə yazılacaq. Qarabağın yüksək nöqtələrinə qədər ordumuz irəlilədi; daha ordan düşmək olmaz - nə ruhən, nə də real. Azərbaycan bu birliyini, ruh yüksəkliyini qorumalıdır. Azərbaycan o yüksəklikdə yaşamağa layiqdir.

Aslan İsmayılov, hüquqşünas:

- Əziz həmvətənlərim! Bu günə qədər heç vaxt yoxlamadığım, qəti inanmadığım fikirləri paylaşmamışam və bundan sonra da paylaşmayacam. Buna əmin olun! İndi isə yenə hamı iş başına. Bu günə qədər etdiklərimizi indi daha geniş, effektli və inamlı etməliyik. Sosial şəbəkələrdə ruh düşkünlüyü yaradan heç nəyi paylaşmayın. Ali Baş Komandana və Şanlı Ordumuza inanın! Qələbəyə heç kimin şübhəsi olmasın! Bir şeyi də anlayın ki, istənilən müharibənin sonu danışıqlarla nəticələnir. Ondan başqa, bütün dünyanın sülhə çağırdığı bir vaxt bizim heç bir danışığa getməməyimiz, ancaq müharibə deməyimiz anlaşılmaz və bizə ziyan olar. Ancaq hər danışıq da müharibənin dayandırılması deyil. Müharibənin bizi qane edən nəticələrə qədər davam edəcəyinə şübhəm yoxdur. Bir şeyi də bilin, bu müharibədə 10 erməni öləndə ən azından bir nəfər də bizim balamız həlak olur. Ondan başqa, ölülər bizim azad etdiklərimiz ərazidədirlər. Onların yığışdırılması ən azından sanitar gigiyena qaydalarına görə bizə sərfəlidir. Ancaq irəli, Qələbəyə qədər - həm ön cəbhədə, həm də arxa cəbhədə!

Elşad Miri, dinşünas:

- Ruhdan düşməməliyik... Ümid edirəm ki, bu humanitar atəşkəs İslam tarixindəki Hudeybiyyə müqaviləsi kimi təkrarlanacaq... Hudeybiyyənin nəticəsi Məkkənin fəthi olduğu kimi, bu humanitar atəşkəsin nəticəsi də ŞUŞAmızın fəthi ilə sonuclanacaq!

İlqar Məmmədov, siyasətçi:

- Bu gecə Gəncəyə edilən hücumdan sonra hər şey daha da aydındır. Bir tərəfdən atəşkəs Azərbaycana özünün davakar olmadığını, doğrudan da sülh istədiyini dünyaya sübut etməyə imkan verdi. Digər tərəfdən, atəşkəsə qədər hərbi geriləməkdə olan Ermənistanın marağı ifşa olundu: İrəvan müharibəni o nöqtəyə qədər qızışdırmaq istəyir ki, Rusiya həmişəki kimi onun tərəfində müdaxilə etsin. Bunun cavabı nə olmalıdır: Ermənistanın mülki şəxslərimizə və ordumuza qarşı etdiyi hücumlarının dayaq nöqtələri məhv edilməli, Rusiya qarışmaq istəsə, Türk ordusu rəsmən parlament tərəfindən Azərbaycana, o cümlədən, Dağlıq Qarabağa dəvət edilməlidir.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Hökumətə çağırış. Düşünürəm ki, indiki anda Tvitter sosial media resursuna Azərbaycan ərazisindən qoyulan məhdudiyyətin arada qaldırılması çox faydalı ola bilərdi. İndiki anda bu platforma Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün hədsiz dərəcədə vacibdir. Eyni zamanda, Prezidentin və digər dövlət rəsmilərinin son zamanlar vətəndaşlarla informasiya münasibətlərinin həm də bu platformadan qurması, Birinci-vitse prezident Mehriban Əliyevanın bütün sosial media platformalarından effektiv istifadə ilə bağlı çağırışı beynəlxalq ictimai rəyə ciddi təsir imkanı olan Tvitterin ölkədə əlçatan olmasını zəruri edir. Fikrimcə, Tvitterin Azərbaycandilli auditoriyası ciddi bir təbəqədir, intellektualdır, əsasən ictimai fəallar, rəsmilər və informasiya ictimaiyyətinin nümayəndələridir, şayiə və panikaya uyan deyil. Əksinə, Tvitter istifadəçilərimiz xarici dillərdə faydalı kontent yaratmaqla beynəlxalq ictimai rəyin formalaşmasında ciddi rol oynayır. Əvvəlki hərbi əməliyyatlar zamanı və Azərbaycanda keçirilən beynəlxalq tədbirlər zamanı da Tvitter anti-Azərbaycan təbliğatının qarşısının alınmasında müstəsna rol oynamışdı. Bütün bunları nəzərə alaraq, düşünürəm ki, Tvitter-ə tətbiq edilən məhdudiyyətin aradan qaldırılması informasiya sahəsində milli maraqlarımızın qorunması baxımından faydalı olardı.

Sahib Məmmədov,  ictimai xadim:

- Ermənilər bütün dünyaya haray-həşir salmışdı ki, azərbaycanlı zabit bunların dığasını yatan yerdə öldürüb. Halbuki yalan deyirdilər. İndi Gəncədə insanları yatdıqları vaxt qətlə yetirdilər.

Taleh Yüzbəyov, aktyor:

- Ermənilərin belə qudurmağının əsas səbəblərindən biri də tarix boyu cəzasız qalmaları olub. 90-larda o vəhşilikləri törədən adamlar heç bir məsuliyyətə cəlb olunmadan həyatlarını rahat yaşayıb, öz ölkələrində qəhrəman, hətta prezident də oldular. Onlar elədiklərini cəzasını çəkmədilər. Heç kəs onlardan qisas almadı.İkinci Dünya müharibəsindən sonra cəzadan qaçan almanları yəhudilər dünyanın ən ucqar yerlərindən belə tapıb İsrailə gətirə bildilər. İllər sonra öz ölkələrində hökm oxudular onlara. Öz ölkələrində asdılar. Kimləri ki gətirmədilər, məhv elədilər. Münhen Olimpiadasında terrora məruz qalmış yəhudilərin qisasının alınması haqda film də var. Yəhudilər holokostu, onlara qarşı terror törədənləri unutmadı və bağışlamadı. Düz də elədi. Biz də unutmamalıyıq. Biz də cəzalandırmalıyıq. Sadə erməni ilə nə işimiz? Biz insanlıq cinayəti işləmişlərdən qisasımızı almağa borcluyuq. İndi biz dünyadan ədalət istəyirik. #StopArmenianTerrorism yazıb, başqa ölkələrdən bizə dəstək umuruq. Terroristlərdən atəşkəsə əməl etmələrini gözləyirik. Onlar atəşkəsə heç vaxt əməl eləmədilər. Mən postda qulluq etdiyim vaxtlarda hər gün atırdılar. Atəşkəs vaxtı əsgərlərimiz şəhid olurdu. Ona görə də terroristlə danışmırlar, terroristi məhv edirlər. Dünya bizə dəstək olana qədər evində yatmış dinc əhalimiz yuxuda öldürülür. Özümüz özümüzə çarə qılmalıyıq. Bundan sonra #WeWillStopArmenianTerrorism yazaq artıq. Biz heç kəsin torpaqlarını işğal etmirik, öz Vətənimiz uğrunda vuruşuruq. Biz öz torpaqlarımıza qayıdırıq. Bizim satıcı Aykanuş, kamaz şoferi Aşotla haqq-hesabımız yoxdur. Biz əlisilahlı əsgərlər, Birinci Qarabağ müharibəsində vəhşiliklər eləmişlərdən haqqımızı alırıq. Necə deyərlər, biz Xarı bülbülün haqqını almağa gəlmişik. Heç bir erməni faşisti cəzasız qalmasın. Heç bir vəhşilik törətmiş, uşaqları öldürmüş, başlar kəsmiş, qocaları döymüş, əsirlərə işgəncələr vermiş, qadınlara təcavüz etmiş erməni cəzasını çəkmədən ölməsin!

 





13.10.2020    çap et  çap et