525.Az

Azərbaycanın hərbdə və informasiya cəbhəsində yeni qələbəsi


 

Azərbaycanın hərbdə və informasiya cəbhəsində yeni qələbəsi<b style="color:red"></b>

İşğalçı və terrorçu dövlət olan Ermənistan əvvəlki dövrdə olduğu kimi hazırda da erməni lobbisinin və xarici havadarlarının köməyi ilə Dağlıq Qarabağ münaqişəsi haqqında dünyada informasiya vakuumu yaratmağa, öz yalan, riyakar və ikiüzlü siyasətini beynəlxalq ictimaiyyətə sırımağa uğursuz cəhdlər göstərir.

Azərbaycan hələ əks-hücum əməliyyatından əvvəl Ermənistan tərəfindən törədilən ardıcıl təxribatları və erməni yalanlarını sistemli şəkildə, bütün mümkün vasitələrdən istifadə etməklə beynəlxalq arenada ifşa etməyi bacardı. 2020-ci ilin iyul təxribatından əvvəl və sonra Azəbaycan Prezidenti İlham Əliyev bütün beynəlxalq platformalarda Ermənistanın işğalçı siyasətinin ifşa etdi, düşmən ölkənin Azərbaycana qarşı yeni işğal planları qurduğunu faktlarla sübuta yetirdi.

Sentyabrın 27-də Ermənistanın növbəti təxribatı nəticəsində bərpa olunan hərbi əməliyyatlar dövründə Prezident İlham Əliyev dünyanın 10  çox nüfuzlu  televiziya kanalına müsahibələr verib, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, səbəbləri, hazırkı vəziyyəti, habelə Azərbaycanın mövqeyini əsaslandıran tarixi, hüquqi, siyasi, mənəvi və digər amilləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb, Azərbaycanın haqlı mövqeyini əsaslandırıb.

Ali Baş Komandan kimi Prezident İlham Əliyev eyni vaxtda həm döyüş cəbhəsində, həm də informasiya cəbhəsində məharətli sərkərdə kimi ölkəsinin maraqlarını inamla və qətiyyətlə müdafiə edib. Dövlət başçısının "CNN International", "CNN-Türk", "Sky News", "Euronews", "Əl-Cəzirə", "Əl-Ərəbiyə" kimi dünyanın əsas televiziya kanallarına, o cümlədən, Türkiyənin nüfuzlu "TRT Haber", "Haber Global", Rusiyanın aparıcı "Rossiya-1", "Pervıy Kanal", RBK televiziya kanallarına müsahibələrində Azərbaycana qarşı "feyk-nyuslar"ı ifşa edib, Ermənistanın yalan üzərində qurulmuş informasiya maşınına ağır zərbə vurub.

Prezident İlham Əliyev məsələlərə operativ müdaxiləsi və reaksiyası, hadisələri nəzarətə götürmək, vəziyyəti idarə etmək bacarığı ilə istənilən ağır şəraitdə, taleyüklü anlarda Azərbaycanın milli maraqlarının müdafiəsinin necə təşkil edilməsi ilə bağlı şəxsi nümunə ortaya qoydu. Dövlət başçısının istər daxili, istərsə də xarici auditoriya qarşısındakı çıxışları xalqın ürəyindən xəbər verib, onun sözünü və mövqeyini ifadə edib. Bu müsahibələr bir daha nümayiş etdirdi ki, Azərbaycan xalqı Prezident İlham Əliyevi onun iradəsini ən layiqli şəkildə müdafiə etmək  qabiliyyətinə malik lider hesab edir, ona inanır, güvənir və tam dəstəkləyir. Prezident İlham Əliyevin həm döyüş, həm də informasiya cəbhəsində əldə etdiyi qələbələr həm də onun isbatıdır ki, dövlət başçısı bütün addımlarında Azərbaycan xalqının ona olan dərin inamına əsaslanaraq hərəkət edir və bu etimadı layiqincə doğruldur.

Deputat Anar Məmmədov deyib ki, Prezident İlham Əliyev həmişə, o cümlədən, Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirdi, düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi. Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları ölkə başçısı üçün ən ali dəyərdir. Azərbaycan hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirdi. Ermənistanın danışıqları formatını dəyişdirmək və Dağlıq Qarabağdakı qondarma rejiminin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq, o cümlədən, 1994-cü il Bişkek protokolunu əlində bayraq etmək iddiasının üzərindən birdəfəlik xətt çəkildi. Ermənistan etiraf etdi ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan dövlətidir. Ermənistan baş naziri artıq 7 şərt irəli sürmür, ona diktə edilən şərtləri qəbul etmək zorundadır. Bu gün danışıqlar prosesində məhz Azərbaycan öz iradəsini diktə edir və şərt irəli sürür. Prezident İlham Əliyevin də vurğuladığı kimi, "Ermənistanın baş naziri bizə qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik. Halbuki indi şiddətli döyüşlər getdiyi zaman bunu etmək çətindir. Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik. Buna görə də bu günədək aparılan siyasət, atılan adımlar, o cümlədən, sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dövlət başçısının bu fikirlərinin tam əsaslı olduğunu təsdiq edir. İstər danışıqlar masasında, istərsə də hərb meydanında atılan hər bir düşünülmüş və dəqiq addım bizi əsas hədəfə daha da yaxınlaşdırır. Bununla da, erməni tərəfi birdəfəlik dərk etməlidir ki, atəşkəs sülh deyil.

PƏRVANƏ

 





13.10.2020    çap et  çap et