525.Az

Sülh üçün savaşmağın qaçılmaz labüdlüyü - Cavid Qədirdən yeni yazı


 

Sülh üçün savaşmağın qaçılmaz labüdlüyü - <b style="color:red">Cavid Qədirdən yeni yazı </b>

"Müharibənin insanlıq üçün bəla olduğu qənaətində olmaq vəhşi düşüncədi. Əksinə, o, ən əhəmiyyətli hadisədi. Siyasi, xalqlararası müharibə bütün münasibətlərə xeyir verir, ona görə də vacibdi.

... Sülh zamanı qorxaqlıq kök salır. İnsan öz təbiəti etibarilə dəhşətli dərəcədə qorxaqlığa, utanmazlığa meyllidir və özü də bunu çox gözəl bilir. Bəlkə də, elə buna görə, o, müharibəyə belə susayır, onu çarə kimi görür. Müharibə insansevərliyi inkişaf etdirir və xalqları birləşdirir".

Bu sözlər böyük rus yazıçısı Fyodor Dostoyevskinin müharibə ilə bağlı verdiyi müsahibədəndir. Bir əsrdən çoxdur ki, az qala bütün dünyada bu sözlər dilemma səbəbidir. Mübahisəli məqamlar çox olsa da, razılaşdığımız nüanslar az deyil.

Dostoyevski deyir ki, müharibə dövründə hər kəsdə ruh yüksəkliyi yaranır, sülh zamanı olduğu kimi adilik və darıxmaq haqda giley-güzar eşidilmir. Necə də doğru yanaşmadı. Müharibə soyuq başla verilən eyforiya yaratma qərarıdı. Müharibə eyforiyanın anasıdı. Onu hardasa, türkəçarədəki qanalma ilə müqayisə etmək olar. Orqanizm yenilənir, zəif nöqtələr gücləndirilir, hamı problemlərə yox, döyüşlərə, müharibəyə, qələbəyə köklənir. Xırda incikliklər, çatışmazlıqlar unudulur, yaxud müəyyən müddətlik dondurulur.

Mən ümumən götürəndə müharibə tərəfdarı deyiləm. Amma bir məsələ də var - müharibəyə məcbur olmaq. Məşhur latın atalar sözü "Si vis pacem, para bellum" ifadəsini xatırlayaq: "Sülh istəyirsinizsə, müharibəyə hazırlaşın" kimi tərcümə olunur. Bu deyim az qala bütün sahələrdə istifadə olunub. Bir çox hərbi təşkilatlar şüar kimi istifadə edirlər. Hətta alman silah istehsalçısı Deutsche Waffen und Munitionsfabriken tərəfindən şəninə "Parabellum" tapançası istehsal olunub. Xüsusən, İkinci Dünya müharibəsində alman zabitlərinin əsas silahı olub.

Təxminən 30 ildir ki, müharibəyə məcburuq. Sülh istəyirik və sülhün yolu torpaqlarımızdakı qanayan yaranı qanla sarımaqdır.

Daxili İşlər Nazirliyinin açıqlamasına rast gəldim. Cəbhədə döyüşlər başlayandan cinayətkarlığın sayında ciddi azalma müşahidə edilir. Fərqi gündəlik həyatda da görmək çətin deyil. Hər kəs işə yaramağa, başqasına kömək etməyə çalışır. Adi günlərdə tıxac yaransa, yol bağlansa, yolda qalan olsa, qiyməti 5 qat deyən taksi sürücüləri indi, pulsuz aparmağı təklif edirlər. Od qiymətinə məhsulu sırımağa çalışan səyyar satıcılar da gözə az dəyirlər. Hamı mehribanlaşıb, birləşib. Şəhid generalımız Polad Həşimovun sözlərilə desək, artıq “birik, bizik - hamımız əsgərik”.

Bizi - azərbaycanlıları həmişə birləşməyi bacarmamaqda qınayırlar. Adicə komanda oyunlarında belə, adətən geri qalırıq, uğur əldə edə bilmirik. Bizi bir şey yumruq kimi birləşdirir - ağrı. Amma ağrı arzu etmək olmur axı... Biz son dövlərdə ən yaxşı birliyi Tovuz döyüşlərində nümayiş etdirdik. 30 minlik dinc yürüş də buna ən yaxşı nümunədir. General-mayor Polad Həşimovun dəfn və yas mərasimində də buna şahid olduq. Generalımız ölümüylə bizi birləşdirdi, dirçəltdi, mübarizə ruhumuzu geri qaytardı.



Xaraktercə kövrək adam deyiləm. Çox ölüm görmüşəm. 30 ilə sıdıra bilməyəcəyim qədər çox və doğma ölümlər. Heç biri yıxmayıb, ağrıtmayıb.

Ölüm xəbərləri hər dəfə daş kimi üzümə dəyib yerə düşüb. Amma hərənin bir "Axilles dabanı" var axı. Son günlərdə öz "Axilles dabanı"mı kəşf etmişəm - torpaqlarımız. Getmədiyim, görmədiyim, məndə hansısa xatirə ilə assosiasiya olunmayan, 30 ildi işğal altında qalan torpaqlarımız.

Hər kənd azad edildikcə elə kövrəlirəm ki. Zülüm-zülüm, payız buludu kimi boşalanadək ağlamaq istəyirəm.

Cəbrayılın azad edilmə xəbərini anama mən verdim. Alqış etdiyi yerdə səsi qırıldı. Ağladı. Ona qoşulub ağlaya bilmədim.

Neçə gündü, Feysbukdan uzaq idim. Bir az əvvəl göz gəzdirdim. Qələbədən sonra hərə bir yerdə məclis quracağını deyir. Mən isə bütün torpaqlarımız azad edilən gün, müharibənin son gülləsi atılanda oturub hönkürəcəm.

30 illik hikkəmizi boşaltmaq, acığımızı çıxmaq üçün hönkürəcəm.

İki şəhid - 27 ildir meyitləri tapılmayan gənc qohumlarımız üçün hönkürəcəm.

30 ildə verdiyimiz (hələ də verməkdə olduğumuz) 30 mindən çox şəhid üçün hönkürəcəm.

Atasız qalan körpələr, balasız qalan analar, ərsiz qadınlar adına hönkürəcəm.

"Uşaqlara göz yaşı qalmasın" deyə, hönkürəcəm.

Belə "ağlamaq gözəldir!"

 





14.10.2020    çap et  çap et