525.Az

Etnik separatizmin yeni dalğası başlaya bilər


 

Etnik separatizmin yeni dalğası başlaya bilər<b style="color:red"></b>

Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının qarşısının beynəlxalq birlik tərəfindən alınmaması, hətta bəzi böyük dövlətlər tərəfindən buna təhrik edilməsi İrəvanın qəsbkarlıq niyyətlərini daha da artırıb.

Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsini Cavaxk adlandırmaqla bu ərazinin də "qədim erməni torpağı" olduğunu gündəmə gətirməyə çalışıb. Paşinyanın bu addımı Gürcüstanda narahatlığa səbəb olub və etirazlar doğurub. Ermənistanın cilovlanmayan ərazi iddiaları Cənubi Qafqazda ermənilərin yeni hərbi münaqişəyə səbəb olmalarına gətirib çıxara bilər. Paşinyanın Gürcüstana qarşı ərazi iddiaları yeni hərbi münaqişəyə səbəb olmasa belə, postsovet məkanında etnik separatizmi gücləndirəcək. Gürcüstanın separatçı bölgələri Cənubi Osetiya və Abxaziya Rusiya ilə daha dərin inteqrasiyanı gündəmə gətirməyə başlayıb. Bu qondarma respublikaların yaxın günlərdə Rusiyaya birləşmək qərarı verəcəyi gözlənilir. Çox böyük ehtimalla, Gürcüstanda oktyabrın 31-də keçiriləcək parlament seçkilərindən sonra bu proses başlayacaq. Xüsusilə də, əgər sabiq prezident Mixail Saakaşvilinin tərəfdarları seçkidə üstünlük qazansalar, separatçı bölgələrin Gürcüstana qarşı çıxışları güclənəcək. Paşinyanın da məhz bu proseslər öncəsi Gürcüstana qarşı ərazi iddiaları irəli sürməsi də təsadüf olmaya bilər. Bəlkə də, erməni separatizminin himayədarı postsovet məkanında yeni separatçılıq dalğasına start verir. Əgər qondarma Cənubi Osetiya və Abxaziya respublikaları Rusiyaya birləşsə, ermənilər də dərhal Samtsxe-Cavaxetiyanı Gürcüstandan ayırmağa çalışacaqlar.

Ermənilərin qonşularına qarşı cilovlanmayan ərazi iddiaları postsovet məkanındakı digər separatçılıq hərəkatlarını da qışdıracaq. Əgər noyabr ayının ilk günü Moldovada keçiriləcək prezident seçkilərində qərbyönümlü Mayya Sandu qalib gəlsə, Dnestryanı bölgə də Cənubi Osetiya və Abxaziyanın yolu ilə gedəcək.

Qarabağda Azərbaycan ordusunun başlatdığı əks hücum kampaniyası fonunda Rusiya mediasının Ukraynanın separatçı bölgələri ilə bağlı yeni müzakirələr açması bu regionunda da separatçılığın güclənəcəyini söyləməyə imkan verir.

Aydın görünür ki, ötən əsrin sonlarında ermənilərin Azərbaycana qarşı ərazi iddiaları keçmiş SSRİ-də çoxsaylı etnik münaqişə ocaqlarının yaranmasına rəvac verdiyi kimi, ermənilərin qonşularına qarşı ərazi iddiaları da postsovet məkanında yeni etnik münaqişələrə səbəb olacaq. Bunun bütün məsuliyyəti isə ermənilərin qonşularına qarşı ərazi iddialarını cilovlamayan, bəzi hallarda isə onu buna təhrik edən böyük dövlətlərin üzərinə düşəcək.

 





14.10.2020    çap et  çap et