525.Az

Səid - Anım


 

Səid - <b style="color:red">Anım</b>

Şahidi olduğumuz bu Vətən müharibəsi hər birimizə milli kimliyimizi sanki yenidən xatırlatdı. Yaşlı nəsildən fərqli olaraq, biz gənclər bu hissləri yeni-yeni yaşamağa başlamışıq. Bu günlər Azərbaycan tarixinin növbəti qəhrəmanlıq dövrünə şahidlik edirik. Əslində, belə bir dövrün taleyimizə nəsib olduğuna görə bizim nəslin Tanrıya ayrıca bir təşəkkür borcu var.

Son günlər cəbhədə qazanılan uğurlar hər birimizi qürurlandırır. Birinci Qarabağ müharibəsindən sonrakı neçə illərin bədbinliyi, sınıqlığı yox olub gedir. Yaşadığımız bu günlər Azərbaycan dövlətinin və xalqının bir yumruq kimi birləşib necə möhtəşəm bir tarix yazdığını təcəssüm etdirir. Xalqımız öz gücünün gerçəkdən nələrə qadir olduğunu görmək səadətini yaşayır indi.

Müharibə həm də bizlərə bir neçə hissin, duyğunun çulğalaşmış vəziyyətini yaşadır. Bu gün biz qürurlu və sevincli olduğumuz kimi, həm də kədərliyik. Və bu qarışıq duyğuların içərisində bir əminlik də var – işğal olunmuş torpaqlarımızın geri qaytarılması əminliyi.

Biz güclüyük - həmrəylikdən doğan vahid bir gücük. Bu qürurlu günləri bizlərə yaşadanlar isə həm də ön cəbhədə, döyüş meydanında düşmənə qarşı əzmlə döyüşən, öz canından keçib şəhidlik zirvəsinə ucalan oğullarımızdır. Və onların böyük əksəriyyəti Azərbaycanın müstəqillik tarixində doğulub boya-baş çatmış gənclərimizdir. Bu ali mərtəbəyə ucalıb öz adını Azərbaycanın tarixinin şanlı səhifələrinə yazdıran o gənclərdən biri də baş leytenant Səid Rəşidzadədir.

Səidlə biz demək olar, yaşıd idik. Yeni köçdüyümüz ev onların qonşuluğunda idi. Məktəbə  bir yerdə gedirdik, 6-cı sinifdən məktəbi bitirənə kimi bir yerdə oxumuşuq. Atası Nofəl əmi – Nofəl Qasımov ötən əsrin 90-cı illərində Füzulinin müdafiəsi uğrunda döyüşlərin fəal iştirakçılarından, komandirlərindən olub. Anası Rübabə xala bizi öz övladlarından fərqləndirməyən mərd bir Azərbaycan qadınıdır.

Səidi təsəvvür etmək üçün insan xarakterinə məxsus ən gözəl cəhətləri düşünməyiniz kifayətdir. Düşünün ki, məktləblisiniz, dərslər başa çatıb, futbol oynamaq istəyirsiniz və bu istəyinizi anlayan dostunuz bu əyləncəni ən gözəl şəkildə yaşamağınızdan ötrü sizin üçün hər şeyi edir: yaxınlıqdakı evlərinə aparıb özünün təzə futbol çəkmələrini sizə verir, özü köhnəsi ilə oynayır.



Ad günü tədbirlərimizin ən gözəl parçası olurdu Səid. Yaddaşına gülərüz, saf, söhbətinə sıxılmadan qulaq asa biləcəyin biri kimi həkk olunurdu. Hələ uşaq yaşlarından böyüklər kimi düşünmək qabiliyyəti var idi Səidin. Məktəbli uşağın dediklərinin illər sonra həyatın reallığı olduğunu görürdün.

Abır-həya xarakterinin önəmli cizgisi idi. Təvazökarlıq onda çox gözəl alınırdı. Məhdud çərçivədə geniş imkanlar yaratmaq qabiliyyəti vardı. Ən kiçik şeylərdən zövq almağı və bunu yanındakılara da sirayət etdirməyi bacarırdı. Kömək üçün üz tutan dostlarının ümid yeri idi. Bu kömək və yardımlarla verdiyi qarşılıq onda bir çox cəsarətli keyfiyyətlər formalaşdırmışdı. Bəlkə də, onu sonradan hərbi sahəyə meylləndirən də elə uşaqlıqdan içində baş qaldıran qəhrəmanlıq, çətin anlarda özünü qabağa vermək, ətrafındakılar üçün yarana biləcək maneləri dəf etmək duyğuları idi.

Hərbçi oldu Səid. Zabit kimi 2016-cı ilin aprel döyüşlərində iştirak etdi. Builki iyul döyüşlərində iştirak edə bilməməsi, general Polad Həşimovun şəhid olması onu bərk sarsıtmışdı. Döyüş meydanında olub böyük ehtiram bəslədiyi sevimli komandiri xilas edə bilməməsini özünə bağışlaya bilmirdi.

Şəhidliyindən bir gün öncə atasına -Nofəl əmiyə zəng edib qürurla Hadrutda olduğunu söyləmişdi, “Bax, sənin torpaqlarını, geri alıram” –  demişdi. Doğmalarına, dostlarına fəxarət hissini yaşatmağı da çox gözəl bacarırdı Səid.

Təəssüf ki, son illər universitet, iş və ailə həyatı bizi bir-birimizdən bir qədər ayrı salmışdı. Bir müddət öncə Səidlə təsadüfən ictimai nəqliyyatda rastlaşmışdıq.  Bir-birimizə elə sarılıb qucaqlaşmışdıq ki, sanki bununla uzun müddət bir-birimizi görməməyin acısını çıxarmaq istəmişdik.

Səidin ən gözəl xüsusiyyətlərindən biri də içindən gəldiyi kimi hərəkət etməsi idi. O, qısa ömründə bizə necə yaşamaq lazım olduğunu öyrətdi. 

Səidin dəfnində minlərlə yaşıdları iştirak edirdi. Tanıdığı hər kəsin sevgisini qazanmağı,  könlündə özünə taxt qurmağı bacaran bu cəsarətli, igid oğlan sonda öz ölümü ilə bizlərə ağır bir kədərin acısını yaşatmağı da bacardı.

Bu günlər Vətən torpaqları Səid kimi gənclərimizin qanı ilə yoğrulur və o torpaqların bütünlüklə düşmən işğalından mütləq azad olunacağına inamımızı daha da artırır, böyük qələbəmizə sonsuz əminlik yaradır. Hər birimiz ürəkdən inanırıq ki, bu haqq Savaşında zəfər Azərbaycanın olacaq.

Hər birimiz əminik, tarixi torpaqlarımız bütünlüklə Ali Baş Komandanımızın rəhbərliyi ilə, əzəmətli Ordumuz tərəfindən mütləq düşməndən geri alınacaq. Necə ki, qısa müddətdə biz bunun əhəmiyyətli bir hissəsini bacarmışıq. Torpaqlarımız uğrunda verilən canlar, tökülən qanlar bihudə getməyəcək! Buna Sən də əmin ol, əziz qardaşımız, Səid! Haqlı savaşımızın sonunda Sənin ruhunun şad olacağına zərrə qədər də şübhə etmirəm.

AYXAN

 

 





15.10.2020    çap et  çap et