525.Az

Dünya səndən danışır!.. - Sosial şəbəkədə yazılanlar


 

Dünya səndən danışır!.. - <b style="color:red">Sosial şəbəkədə yazılanlar</b>

Əliməmməd Nuriyev, Konstitusiya Araşdırmalar Fondunun prezidenti:

- Faşist təfəkkürlü Vladimir Solovyov növbəti dəfə  mağara, erməni faşist düşüncəsi ilə "Rossiya1" kanalı vasitəsilə bir qrup şovinist qrupu ilə birlikdə yenə üfunətli fikirlər irəli sürərək ölkəmizə müdaxiləyə başlamağı təklif edir. Rusiya rəsmiləri, görəsən, nə vaxta kimi bu nasist təfəkkürlü şəxsə efir verməklə bütün xalqları və dövlətləri Rusiyaya qarşı qaldırmağa imkan verəcəklər?! Bütün bunları müşahidə etdikcə demək olar ki, bu zat ermənilər tərəfindən tam satın alınıb və həmçinin, daha hansısa ölkələrin xüsusi xidmətlərinə çalışır?!

Şahbaz Xuduoğlu, naşir:

 - Elif Şafakın Tvitterdəki dar düşüncəli açıqlaması bir oxucu və naşir kimi məni də məyus etdi. Azərbaycanda onun kitablarının nəşr hüququ "Qanun" nəşriyyatına məxsusdur. Kitablarının nəşrinin dayandırılması və satışdan yığışdırılması çağırışları ilə qəti razı deyiləm. Biz kitab yandıran nasistlər deyilik. Hamını Tvitterə girib onun işğalçıya mənəvi dəstəyini tənqid etməyə dəvət edirəm. Bunu mən özüm də edirəm. Biz qadağa qoymuruq, mübahisə edirik. Bizi güclü edən bizim həqiqətlərdir.

Sahilə İbrahimova, yazıçı:

- "Edebiyat ve sanat her zaman barıştan yana olmalı; kardeşlikten ve kızkardeşlikten yana olmalı; toplumlar ve kültürler arasında duvarlar değil, köprüler kurmalı... Savaşlar olmasın hiçbir zaman, kimse incinmesin, çünkü savaşın kazananı olmaz".

Elif Şafak etirazları görüb yeni tvit paylaşdı. Haqlı mesajdır. Məncə də, yazıçı müharibənin tərəfdarı ola bilməz. İyul döyüşlərindəki yazımda eynən bu fikir var idi. Amma burada bir önəmli məqam var. Sən hücumçu ilə müdafiə olunanın arasında fərqi görməlisən. Və mesajını hücumçunun fasad humanizmi üzərində qurmamalısan (bombalanan kilsə və musiqi yaradan erməni). Tolstoy barışçılıq fəlsəfəsinin banilərindən sayılır. Amma Tolstoy haqsızlıqla mübarizə aparmayın demirdi, əksinə, özü də ədalət uğrunda savaşırdı. Qanunu ali etməyən dünyaya meydan oxuyurdu. Yazıçı dünyanın boğazından yapışmalıdır ki, insanların dalaşmaması üçün qanunları işə salsın. Yoxsa hücumçunu önə çıxarmaqla, qorunanı aşağılamış sülhə deyil, savaşın güclənməsinə səbəb olmuş olur.

Vüsalə Mahirqızı, "APA group"un baş direktoru:

- Dostlar, ölkənin və millətin hazırkı əhvalının əleyhinə olanlara, ictimai rəyin əksini söyləyənlərə, özünün toplumdan "fərqləndiyini" nümayiş etdirənlərə reaksiya verməyək. Onlar o çıxışları edəndə, statusları yazanda qəzəb, əsəb yaradacaqlarını, tənqid, hətta təhqir olunacaqlarını gözəl bilirlər. Elə bu reaksiyaları da hesablayıb yazırlar. Biz reaksiya verməsək, hətta qəzəblə, etirazla olsa belə, onların statuslarını tirajlamasaq, məqsədlərinə çatmayacaqlar. Nəticə nə olacaq?

1. Onlara "liberalizm" və ya "pasifizm" "dəyərinin" (ona görə dırnaqarası ki, onların elədiyinin liberalizm və pasifizmlə əlaqəsi yoxdur. "Peaceful" görüntüsüdür) təbliği üçün qrant ayıranlar ictimai rəydə təsirsiz olduqlarını görəndə etməyəcəklər, pulsuz qalacaqlar.

2. Statuslarına reaksiya olmasa, TV-lərə, başqa platformalara çıxarılmayacaqlar, məşhurlaşa bilməyəcəklər.

3. "Həyatlarına təhlükə" şüvəni ilə xaricə köçə bilməyəcəklər.

Onların arzularının gerçəkləşməsinə mane olaq. Çox sadəcə, görməyək, iqnor edək, əhəmiyyət verməyək. Bir toplumun içindəki 3-5 nəfər təhlükə deyil, ola da bilməz.

Rövşanə Ağasəfqızı, jurnalist:

- Pasifistlər... Sülh mələkləri.. anlaşılan... Amma anlamadığım bu: erməni mənim torpağıma soxulub, işğal edib, mənim vətənimdə terror törədib, mənim yurdumda səngər qazıb, mənim qız-gəlinimi əsir götürüb, işgəncə verib, uşaqlarımı qana bulayıb, mənim məmləkətimə bayrağını sancıb, mənim ölkəmə əl uzadıb... Anlayırsınız hörmətli pasifistlər, başa düşürsünüz?! Nə sülh? Hansı sülhdən danışırıq? Mənim atam Birincı Qarabağ  savaşçısı olub, günlərlə, aylarla üzünə həsrət qalmışam. Mühasirəyə düşüb, yaralanıb, döyüşüb. Şuşa alınanda ilk dəfə atamın ağladığını görmüşdüm. "Suşa kimi zirvə necə alına bilər, axı" - deyib az qala, bağrı çatlayırdı... Bu gün hər atasına sarılan çocuq görəndə uşaqlığımın həyəcanı içimi titrədir. O zaman mən də sülh istəyirdim. Uşaq idim, anlamırdım, atam yanımda olsun arzusu var idi ancaq. Nə oldu? Savaş miras qaldı bizə. Yetər artıq!.. Torpağıma soxulanlarla sülh mümkünsüz. Sülh o zaman olacaq ki, rədd olacaqlar işğalçılar gözəlim ölkəmdən, gözlərini çəkəcəklər diyarımdan... Bu savaş sabaha qalmamalı. Qalacaqsa, nəvələrimiz silaha sarılacaq... Bitməli.  Qələbə ilə bitməli!.. Zəfərlə bitməli!..

Bütöv Azərbaycan naminə qəzamız mübarək!..

İradə Tuncay, jurnalist:

- Siyasi iradə belə anlayışdır - 10 günə 10 milyon səni qeyd-şərtsiz dəstəkləyir. Və dünya səndən danışır!..

Günel Musa, yazar:

- "Dojd" telekanalında Ermənistanın Gorus şəhərindən hazırlanan reportajda deyilir ki, təkcə bir uşaq bağçasına Hadrutdan 150 qaçqın yerləşdirilib. Ömrümün 20 ilini uşaq bağçasında yaşamışam. Anamgil hələ də uşaq bağçasında yaşayır. Yaşatdığını yaşamayınca insan ölmür.

Səlahəddin Xəlil, professor:

- Hamburqda nümayiş - alman mediasında dezinformasiya hallarına qarşı etiraz. Qızım Türkan öz mövqeyini sadəcə plakatda bildirmir. Onun kansler Merkelə və alman mediasına ingiliscə və almanca müraciətləri dünya ictimaiyyətinin məlumatlandırılmasına xidmət edir. Mən bu dilləri bilmirəm, bilənlərin fəallığına ehtiyacımız var.

Ləman Ələşrəfqızı, jurnalist:

- Erməni mətbuatı Mixail Qusmanın Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 50 min dollar göndərdiyini yazır və bundan ciddi qayğılandıqlarını büruzə verirlər. Yəqin ki, gözləntiləri Səadət Qədirovanın TACC-dan kənarlaşdırılması idi, tam əksi oldu. Şair necə demişdi: "Alın a, yana-yana qalın a..."

Günel Səfərova, hüquqşünas:

- Araikin son statusları məğlubiyyətin etirafıdır. Səfərbərlik üçün müraciət edir və əsaslandırmağa çalışır ki, bu, "sərhədlərimizin" daha yaxşı müdafiəsi üçün lazımdır. Eyni zamanda, 1-ci Qarabağ döyüşündə vuruşan, hazırda xarici ölkələrdə yaşayan insanların orduya qoşulması xəbəri ilə əhalini həvəsləndirmək istəyir. 90-larda PUA, Harop, Bayraktar və ən əsası nizamlı Ordumuz yox idi. İndi qarşınızda olan güclə bacarmayacaqsınız.

 





16.10.2020    çap et  çap et