525.Az

YAP-çı deputatdan Əli Kərimli, İsa Qəmbər və Milli Şuraya kəskin sözlər


 

YAP-çı deputatdan Əli Kərimli, İsa Qəmbər və Milli Şuraya kəskin sözlər<b style="color:red"></b>

“Müsavat və Xalq Cəbhəsi partiyaları, onların liderləri və nümayəndələri arasında baş verən qarşıdurmalar, ziddiyyətlər, xoşagəlməz hallar, təhdidlər, təhqirlər, böhtanlar yalnız Milli Şurada baş verən parçalanlamalarla əlaqədar deyil”.

525.az-ın məlumatına görə, bunu millət vəkili Tahir Rzayev dilə gətirib.

Onun dediyinə görə, bu çəkişmələrin, ziddiyyətlərin təməli bu günlərdə, yaxınlarda deyil, əslində Xalq Cəbhəsi vahid bir qurum kimi fəaliyyət göstərəndə, mərhum Əbülfəz  Elçibəyin sağlığında qoyulub. Millət vəkili qeyd edib ki, əslində Xalq Cəbhəsi yarananda onun ətrafına toplaşanların çoxunu Cəbhəyə xidmət etmək, Əbülfəz Elçibəyi dəstəkləmək yox, bu qurumdan bəhrələnmək, vəzifə tutmaq, lider olmaq məqsədi birləşdirirdi.  T.Rzayevin fikrincə,  elə buna görə də istər ilk günlər, istər hakimiyyətdə olduqları dövrdə, istərsə də hazırkı vaxtda köhnə cəbhəçilər heç cür bir araya gələ bilmir və haqlı olaraq bir-birilərini satqınlıqda, Elçibəyə xəyanətdə, Məhəmməd Əmin Rəsulzadənin ideyalarına dönüklükdə ittiham edirlər.

 “Bu ittihamlar, təhqirlər təbiidir. Çünki Xalq Cəbhəsinin təməlində saxtakarlıq, şantaj, böhtan, fitnə, qorxu, zorakılıq durur. Hakimiyyət illərində cəbhəçilər xalqa divan tutdular, əməllərini ört-basdır etmək üçün bir-birilərini satdılar, torpaqları düşmənə təslim etdilər. Qoçu, quldur dəstələri təşkil edib, insanları soydular. Ziyalıları, veteranları, ağsaqqalları hörmətdən saldılar.

Çətinə düşəndə isə  bir-birilərinin üzünə durdular, bir-birilərini ittiham etdilər, bir-birilərini vətən xaini, satqın, xalqın düşməni adlandırdılar. Əlbəttə ki, Xalq Cəbhəsini satmaq, parçalamaq elə Əbülfəz Elçibəyin özünə xəyanəti idi. Onun məqsədinə, amalına hörmətsizlik idi. O xəyanət Cəbhəni sarsıtdığı kimi, Elçibəyi də sarsıtdı. Onun da ürəyini, qol-qanadını parçaladı, vaxtsız ölümünə səbəb oldu.

 Elçibəyə bundan artıq xəyanət nə ola bilərdi ki? Əgər Xalq Cəbhəsi bir neçə yerə - Müsavata, Xalq Cəbhəsinə, Klassik Xalq Cəbhəsinə, Bütöv Azərbaycan Xalq Cəbhəsinə parçalanırsa və bu parçalanmalardan sonra köhnə cəbhəçilərin hər biri özünü Elçibəyin ən sədaqətli silahdaşı adlandırırsa, bu, səmimiyyətdən və həqiqətdən uzaqdır.

 Çünki Elçibəyə sədaqətli olanlar bir yerdə olmalı, onu bir nəfər kimi müdafiə etməyə borclu idilər. Əksinə Elçibəyin adından istifadə edib, ona arxa çevirmək ən böyük xəyanətkarlıqdır. Əlbəttə, bu yolu ilk növbədə Müsavat və Xalq Cəbhəsi partiyalarının liderləri – İsa Qəmbər və Əli Kərimli tutdu. Onlar ilk gündən bir-birilərini qəbul etməyən, bir-birilərinin əleyhinə işləyən, hər birinin öz ambisiyası olan insanlardır.

Birinci olmaq, hakimiyyəti ələ almaq bu adamların hər birinin başlıca məqsədidir. Xalq, vətən mənafeyi əsas məqsəd deyil. Məhz buna görə də onlar istər Milli Şurada, istərsə də digər heç bir qurumda birləşə bilməzlər. Məhəmməd Əmin Rəsulzadənin,  Elçibəyin adından istifadə etmək isə bu müxalifət liderlərinə gözə kül atmaq, gündəmdə qalmaq üçün lazımdır.

Müxalifətdaxili çəkişmələr bir daha göstərir ki, özlərini müxalifət adlandıranların əksəriyyəti demokratik ideyalarından, vətəndaş həmrəyliyindən, xalq, vətən istəyindən uzaq adamlardır. Onları düşündürən yalnız və yalnız hakimiyyətdir. Vəzifə, pul, qazancdır”-deyə, millət vəkili sonda sözlərinə əlavə edib.

Kamil Həmzəoğlu

 





03.02.2014    çap et  çap et