525.Az

"Daha gözəl günlərimiz çox yaxındadır" - Bəhruz Nəzərov ilə müsahibə


 

"İŞĞALDAN AZAD EDİLƏN ƏRAZİLƏRİMİZİ YAŞILLAŞDIRACAĞIMIZ GÜNLƏRİ SƏBİRSİZLİKLƏ GÖZLƏYİRİK"

"Daha gözəl günlərimiz çox yaxındadır" - <b style="color:red">Bəhruz Nəzərov ilə müsahibə </b>

20 gündən bəri davam edən Qarabağ müharibəsində ən çox zərbə altına düşən rayonlarımızdan biri Tərtərdir.

Döyüş meydanında biabırçı məğlubiyyətlə üz-üzə qalan düşmən Azərbaycana daha çox zərər vurmaq, insanlar arasında panika, qorxu yaratmaq üçün bir sıra rayonlarda mülki əhalini hədəf alır. Ancaq cəbhəyanı bölgələrdə insanlar düşmən gülləsindən qorxmadan həyatlarına davam edirlər.

Bu günlərdə Tərtərdə pambıq yığımının başladığı xəbərini də aldıq. Ordakı həyatı və insanların ruh halını öyrənmək üçün Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin, Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin (RAEİM) direktoru Bəhruz Nəzərovla həmsöhbət olduq.

Uşaq yaşlarında Ağdamdan məcburi köçkün gələn, hazırkı savaşın ən qaynar nöqtələrindən birində - Bərdədə yaşayan və Tərtərdə işləyən Bəhruz Nəzərov hamılıqla arxa cəbhədə canla-başla işlədiklərini, ordumuza heç olmasa, bu cür dəstək olmağa çalışdıqlarını deyir:
 

***

- Bəhruz bəy, bu müharibədə Tərtərə Azərbaycanın Stalinqradı, Çanaqqalası deyirlər. Tərtər və Bərdədə vəziyyət necədir?

- İlk gündən Tərtər rayonu ətrafında çox güclü döyüşlər gedir. Bilirik ki, Stalinqrad və Çanaqqala uğrunda da ağır döyüşlər aparılmışdı. Ona görə də həm birinci Qarabağ savaşında, həm də indi Tərtər əhalisinin apardığı uğurlu mübarizənin şahidi olduğumuz üçün deyə bilərik ki, tamamilə uyğun bənzətmədir. Rayonun və ətraf kəndlərin mütəmadi bombalanması heç bir rayon sakinini qorxuda bilmir. Hər kəs dövlətimizin, cənab Ali Baş Komandanın siyasətini, rəşadətli ordumuzun həyata keçirdiyi uğurlu döyüş əməliyyatlarını, təmizlənmə prosesini yaxından izləyir, dəstəkləyir. Tərtər və Bərdədə erməni terrorçularının dinc əhalini hədəf seçməsinə baxmayaraq, həyat öz axarı ilə davam edir, işləyirik, əlimizdən nə gəlirsə, əsirgəmirik, dövlətimiz, millətimiz, ərazi bütövlüyümüzün tam bərpası üçün hər birimiz hansı istiqamətdə irəliləməliyik bunu yaxşı bilirik.

Həm işlədiyim Tərtər, həm yaşadığım Bərdə rayonunda əhali arasında indiyə kimi olmadığı qədər güclü ruh yüksəkliyi var, hər kəs dövlət-dövlətçilik prinsiplərinə əsaslanaraq öz dəstəyini əsirgəmir, "müharibədirsə, evlərimiz də dağılacaq, gündəlik həyat tərzimizdə pozulacaq, vətən uğrunda şəhidimiz də olacaq, yaralanan əsgər-zabitimiz də" - deyirlər. Biz yumruq kimi birləşmişik, əli silah tuta bilən hər kəs ön cəbhədə döyüşməyə hazırdır.

- Çətin vəziyyətə baxmayaraq, direktoru olduğunuz Tərtər RAEİM işini dayandırmadı. Bu günlərdə pambıq yığımıyla da məşğulsunuz. Sizi dayanmamağa vadar edən nədir?

- Bəli, mən və kollektivim bir gün də dayanmadıq, xanım işçilərimiz belə bizi tək buraxmadılar. Hazırda pambıq yığımı dövrüdür. Aqrar sahə elədir ki, ləngitmək, təxirə salmaq olmaz, hər bir aqrotexniki tədbir öz zamanında aparılmalıdır. Ön cəbhədə, bizdən bir neçə yüz metrlikdə mərd, qorxmaz Azərbaycan əsgəri dayanıb, torpaqlarımız uğrunda mübarizə aparır, arxada isə biz dayanmalıyıq, necə ki dayanmışıq. Dövlətimizə torpaqlarımızın işğaldan azad olunması necə vacibdirsə, eləcə də gələcəyimiz üçün pambıq, buğda-arpa, qarğıdalı və digər kənd təsərrüfatı məhsulları lazımdır. Filmlərdən və böyüklərimizin danışdığı xatirələrdən hər birimizə məlumdur ki, Böyük vətən müharibəsi zamanı da arxa cəbhə dayanmadan, yorulmadan torpaqda işləyərək, ərzaq məhsullarına olan tələbatı ödəyib, ordunu qida ilə təmin edib. Biz də həmin insanların nəvələriyik. Bu gün mənə ön cəbhədə ehtiyac yoxdursa, bu o demək deyil ki, evimdə rahat oturmalıyam, demək mənə hazırda arxa cəbhədə ehtiyac var, mən də burda komandamı başıma yığıb, öz vəzifə borcumu layiqincə yerinə yetirməliyəm.

- Yığım zamanı hansı təhlükəli hallarla qarşılaşırsınız?

- Tərtər RAEİM-də həm toxumçuluq məqsədilə yerli Gəncə 110 elit pambıq sortu əkilib, həm də Yunanıstanın "Bios Agrosystems LTD" şirkəti ilə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin arasında bağlanmış müqaviləyə əsasən yunan texnologiyası əsasında təcrübə sahəsi qoyulub. Bu işlərdə bizə Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun alimləri çox dəstək olublar. Hazırda müharibənin od-alovuna baxmayaraq, kollektivimizlə birgə sahələrə daxil olmağa çalışdıq. Bu, ağır, təhlükəli və riskli idi. İllik zəhmətimiz hədər getməsin, təcrübə nümunələrimiz, seleksiya və hibridləşmə nəticəsində əldə edilmiş hibrid xətlərimiz məhv olmasın deyə sahələrdən onları topladıq. Bu işdə alimlərimiz də yaxından kömək etdilər. Eləcə də toxumçuluq üçün yetişdirdiyimiz pambıq sahələrinin yarıdan çoxunu kombaynlar vasitəsilə toplayıb zavoda təhvil verdik. Ancaq hələ də sahələrdə məhsulumuz var, çalışacağıq bu günlərdə onları da itkisiz toplayaq.

Bu şəraitdə işləmək çox təhlükəlidir. Düşmənin şərəflisi də hər kəsə qismət olmur. Şərəfsiz düşmənin gücü ordumuza, igid oğlanlarımıza çatmır, dinc əhalini hədəf alır. Bəlli deyil mərmi hara düşəcək, bölgədə təhlükəsiz yer yoxdur. Ona görə də bu milləti alqışlayıram. Bu millət, bu dövlət uğrunda ölməyə də dəyər. İnsanlar öz dövlətini necə sevirsə, öz peşəsini də o cür sevir, biz ölümü düşünmürük, qorxmuruq, bu torpağın hər qarışı bizimdir. Aqrar sahə mütəxəssisləri kimi işğaldan azad ediləcək ərazilərimizi yaşıllaşdıracağımız günləri səbirsizliklə gözləyirik.



- Bəs qorxu hissi keçirmirsiniz?

- Əsla. İşçilər arasında xanımlarda var, inanın, bir gün belə getmədilər. Mən onlara görə narahat oluram, onlar isə tam sərbəst, arxayın işlərin görürlər. Bilirik ki, düşmənin yaşayış məntəqələrini vurmaqda, dinc əhalini hədəf almaqda məqsədi sadəcə insanlar arasında təşviş yaratmaq, qorxuya salmaqdır. Onun məqsədinə çatmağına, sevinməsinə imkan vermərik.

Biz sadəcə öndəki oğullarımıza görə narahatıq, onların sağ-salamat bu mübarizəni yekunlaşdırmağını, qələbə çalmaqlarını arzu edirik.

- Suqovuşanın azad olunmasıyla Tərtər çayının önü açıldı, 3 rayona su verilir artıq. Aqrar sahə mütəxəssisi kimi bu hadisəni necə dəyərləndirirsiniz?

- Tərtərlilər, ətraf rayonlar üçün Suqovuşanın işğaldan azad olunmağı, Tərtər çayına yenidən suyun gəlişi bir bayram oldu. İllərdir bunun həsrətini çəkirdik, təsərrüfatlarımızı suvarmaq üçün artezian quyularından istifadə edirdik ki, bunun da çatışmazlıqları vardı. Səfalı dağlardan gələn sular vasitəsilə suvarmanın nəticəsi də çox yüksək olur. İnşallah, gələcəkdə bütün bölgə fermerlərimiz Tərtər çayının suyundan yararlanacaq, təsərrüfatlarımız rentabelli işləyəcək, kənd zəhmətkeşlərimiz gəlirlə çalışacaqlar. Eyni zamanda məlumdur ki, artezianların işləməsi üçün nə qədər enerji sərfiyyatı var idi, buna da qənaət olunacaq. Həm rayon üçün bu qənaətə böyük ehtiyac var, həm də əkilmiş hər hansı bitkidən əldə edilmiş məhsulun maya dəyəri aşağı düşəcək.

Allahın izni ilə Sərsəng su anbarını da hərbçilərimiz azad edib, kənd zəhmətkeşlərimizə hədiyyə edəcəklər. Bu şad xəbəri də eşidəcəyimizə artıq şübhəmiz yoxdur.

- Birinci Qarabağ müharibəsində Ağdamı uşaqkən tərk etməli olmuşdunuz. Oraları necə xatırlayırsınız?

- Ağdam haqqında danışmaq çox çətindir mənə. Ağdamın Nəmirli kəndindənəm, 6-cı sinifdə oxuyurdum ordan məcburi köçkün düşəndə, hər şey o qədər gözlənilməz oldu ki. Evimizi, rayonumuzu itirəcəyimizə heç inanmırdıq, buna görə heç nəyimizi çıxarmadıq, illərlə min bir zəhmətlə yığdığımız hər şeyi qoyub çıxdıq. Sıfırdan başlamaq isə çox ağırdır. Təsəvvür edin, yaşamaq üçün lazım olan ən adi şeylər belə yoxdur. Ən ağırı isə odur ki, ailəndə, nəslində gənclərin, ümumiyyətlə, kişilərin çox hissəsi yoxdur, şəhid olub, itkin düşüblər.

Ağdamı xatırlayanda, nədənsə, ancaq insanların səs-küylü həyat tərzi, toy, bayramlar canlanır xəyalımda. İndi ruhlar şəhərinə çevrilən Ağdamımda o qədər gözəl, canlı həyat vardı ki. Ağdam ticarət şəhəri idi, çox varlı şəhər idi.

Nəmirlidə böyük evimiz vardı, amma son illərdə tikmişdik deyə tam hazır deyildi. Yeni evə köçdüyümüz cəmi 6 ay idi ki, kəndimiz işğal olundu, bircə Novruz bayramı keçirə bildik. İllərlə böyük zəhmətlə tikdiyimiz, yekunlaşmağını həsrətlə gözlədiyimiz evimizdə yaşamaq qismət olmadı. O kəndin hər qarışında ayaq izlərim var, çox darıxıram o yerlər üçün. Bilirəm ki, orda ev yoxdur, amma kəndin bütün küçələrinə bələdəm axı, hətta evin bünövrəsindən tanıyaram bu kimin evidir, kimin həyətidir. Sinif yoldaşlarım, dostlarım, çox mehriban qonşularımız, qohum-əqrəba var idi orda. Düzdür, çoxu indi də var, bəzilərilə əlaqələrimiz bu günə kimi kəsilmədi, amma orda daha fərqli, daha maraqlı idi sanki.

- Kəndinizə qayıtsanız, ilk nə edəcəksiz?

- Atamla birgə qəbiristanlığa gedəcəm, babamın və bir çox yaxın qohumlarımın qəbirlərini tapmağa çalışacam. Ev, üstüörtülü bir dam olmasa da, ilin hansı fəsili olur-olsun, soyuq olsa, üşüsəm belə, evimizdə yatdığımız otaqda ilk gecəni yatacam. Azərbaycanın hər yeri əzizdir, doğmadır, amma doğulduğun yer həqiqətən çox fərqlidir.

- Arxa cəbhə əsgəri kimi ön cəbhədəki əsgərlərimizə nə demək istərdiz?

- Onlara sözüm odur ki, qətiyyən narahat olmasınlar, arxalarında dayanmışıq, bu gün yanlarına getmiriksə, bu, ona görədir ki, onlara mane olmaq istəmirik. Amma çox uzaqda deyilik. Müharibə gedən rayonlarda, kəndlərdə insanlar deyirdilər, evlərdə işıqları söndürməyək, birdən əsgərlərimiz elə bilər ki, düşmən bizə bomba atır deyə qaçmışıq, qoy arxaya baxanda görsünlər ki, burdayıq, yaxınıq, onları qoyub heç yerə getməmişik.

Biz belə millətik. Bu gün səngərdə bizi qoruyan hər bir əsgər bizim qardaşımızdır, onların hamısını sevirik. Onların ön, bizim arxa cəbhədəki uğurlarımız sayəsində Qarabağ işğaldan azad olunacaq. Daha gözəl günlərimiz çox yaxındadır.

Şahanə MÜŞFİQ

 





19.10.2020    çap et  çap et