525.Az
Hüznlü bir gecə
Duyğusal
İstanbuldan yazır
Ürəyi sıxıldı. Özünü çölə atdı. Bir an içində Taksimdəydi. Gecə saat üç olardı...
İstiqlal küçəsiylə üzü aşağı doğru irəlilədi. Kiçik daşlarla döşənmiş küçədə yeridi.
Ayağı büdrədi. Tez özünü yığışdırıb yoxuşla enməyə davam etdi. Dar küçələr, köhnə binalar, 15-ci əsrdən qalma məscidlər, Qalata döngəsi, mehmanxanalar, pablar və ətrafdan gələn musiqi səsləri gecənin bu vaxtında onu düşüncələriylə yalnız buraxdı.
Əvvəllər bura gəlsə də, hər şey ona bugünkü qədər qeyri-adi, gerçək gəlməmişdi. Sanki, indi baş verənləri daha yaxşı anlayırdı.
Evinönünə getməyi də az çəkdi, o bu sahildən digərinə keçmək istəyirdi. Ancaq vapur gecə saatlarında işləmədiyinə görə qəmə batdı...
Sahildə balaca daşın üstündə oturdu, bir siqaret yandırdı, ayaqlarını dənizə uzatdı. Bu vaxt gözü kiçik qayıqda balıq tutan kişiyə sataşdı. Deyəsən, o da digər sahilə – Anadolu tərəfə üz tutacaqdı. Yaşlı kişi gözlənilməyən anda gənci səslədi, ondan balıq dolu vedrələri daşımaqçün yardım istədi. İkisi birləşib vedrələri başqa bir gəminin anbarına daşıdılar. İş bitdikdən sonra gənc qocadan onu o biri sahilə çıxarmasını istədi. Balıqçı yolüstü onu Kadıköydə endirəcəyini dedi. Qayığın içi su ilə dolmuşdu.
Gəncin ayağında botu yox idi, ayağı islansa da içəri keçib oturdu.
Gecə vaxtı dənizlə səyahət etməyin bu qədər gözəl, əfsunlu görünməsinin fərqinə varmamışdı. Dəniz qara üzlüydü, göyə bitişmişdi, sanki. Ulduzlar göyü yerdən ayırırdı. Dənizin üstü sisli, dumanlı olsa da , göy üzü açığıydı. Çoxlu ulduzlar vardı, işım-işım işıldayırdılar. Onlardan biri daha böyük, daha parıltılı görünürdü...Həmən ulduz onu səsləyirdi...
Telefonuna zəng gəldi. Dostu idi, uşaqlıqdan bəri qazandığı əsl, səmimi, təmənnasız duyğularla sevdiyi dostu. Cavab vermək istəmədi. Bu gün o yalnızlığı seçmişdi. Çox düşünməyə ehtiyacı vardı.
Uzaqdan sahilin sayrışan işıqları bərq vururdu. Havadan balıq qoxusu gəlirdi. Sis bir az çəkilmişdi. Ay daha böyük görünür, ətrafı daha çox işıqlandırırdı. Dənizin dərinlikləri, orda üzən balıqlar, meduzalar, xərçənglər, yosunlar bu gecəyə rəngarənglik qatırdı. Hər şey sirli idi bu gecə: bu ulduzlar, bu dəniz, bu səma, bu ay...
22 yaşlı gənc düşünürdü. Ona hadisələrin, düşüncələrin bu qədər dərinliyinə enmək və orda nə üçün, niyə suallarının cavabını axtarmaq ağrılı idi. Çünki bunlara cavab verəcək kimsə yox idi, suallar cavabsızıydı.
Xəyallarında atasını canlandırırdı. Körpəliyindən bəri onun hafizəsində iz buraxan ən şirin, ən gözəl olayları xatırlamağa çalışırdı. Atası onun üçün ideal insan və əsl kişi nümunəsiydi. Ancaq onu çox düşündürən sual bu idi: görəsən nə vaxtsa atasını görə biləcək, ona qovuşacaq?! Bir anda min sual keçirdi ağlından. Bununla belə, hər şey onunçün nə qədər hüznlü olsa da, təbiətin gözəlliyindən dinclik tapırdı, içindəki tufanlar səngiyirdi.
Bu saf gənc utopik cəmiyyətin sakiniydi. Əslində onun düşüncələri, xəyalları, hafizəsi reallıqdan çox uzaq idi.
Atası onu uşaq ikən, 3 yaşında atıb getmişdi. İndi neçə illərdi ki, ögey atası ilə yaşıyırdı. O çox istəyirdi ki, xatirələri inandığı qədər gercək olsun. Ögey ata yaxşı insan olsa da, oğlu ilə hər şeyi bölüşsə də, ona xoş anlar yaşatsa da, gənc bu hadisələrin hamısını öz atasının adına çıxırdı. Ögey atasının yerinə öz atasını qoyurdu. Sonuncu dəfə atasını 17 yaşında görmüş, qəlbən ondan incidiyini söyləmiş, bir daha onunla görüşməyəcəyinə söz vermişdi. Cavanla ata arasında məsafə çox idi: vaxt da başqaydı, ölkə də...
Əslində atası yadına düşəndə ağlına Vətən gəlirdi. Vətənini nə qədər sevsə də, acı xatirələr ona geri dönməyə imkan vermirdi. Ancaq bu, onun ən böyük arzusu idi.
Axi niyə bu hadisələr onun başına gəlməli idi? Onun günahı nə idi? Suallar, suallar, suallar...
Ömrünün çox hissəsini Bakıda yaşamış, daha sonra ailəsi ilə birlikdə xaricə – ögey atasının ölkəsi Türkiyəyə üz tutmuşdu. Artıq illər ötmüş, o, qayışbaldır, enli kürək gənc olmuşdu, ikinci ali təhsilini alırdı. Onun bir gəncin istəyə biləcəyi hər şeyi var idi: “porshe” maşını, yaxşı təhsili, dostlar arasında hörməti, brend saatları, son model telefonu, kompüteri və s. Ancaq bunlar onu qane etmirdi. O xoşbəxt deyildi.
Sübh yaxınlaşırdı. Quşlar ötməyə başlamışdı. Növbəti səhərini yenə İstanbulda açırdı. Marketler açılmasa da, simit satanlar artıq iş başında idi. O, sahildə, skamyada oturmuşdu. Günəşin təzə şəfəqləri onun üzünə işıq salırdı. Onun ağ bənizi şuaları əks elətdirirdi, parıldayırdı. Gözləri azca qamaşırdı. Dəniz ətri nəfəsinə təravət verirdi.
Ürəyi simit istədi. Birini aldı, yarısını özü yedi, qalanını ovub quşlara səpdi. Bu vaxt ovcunun içinə göyərçin qondu, ağappaq, yumşaq tükləri vardı. Ona sığal çəkdi, tumarladı. Göyərçinə astadan pıçıldadı: “ Bakıma salam apar!”
Quş qanad açdı, havalandı, geniş mavi səmada uçub gözdən itdi.
Onun gözlərində bir damcı yaş parladı...
03.02.2014
çap et