525.Az

Barışın övladları - Orxan Aras yazır


 

Barışın övladları -  <b style="color:red">Orxan Aras yazır</b>

Gözlerine bakarken,
güneşli bir toprak kokusu vuruyor başıma.
bir buğday tarlasında,
ekinlerin içinde,
kayboluyorum...
N.Hikmet

Avropanın ən böyük şəhərlərində anidən əllərində rəngli, ay-ulduzlu  bayraqlarla gənclər meydana çıxır - Vyanada, Berlində, Parisdə, Hamburqda, Kölndə, Düsseldorfda... Həyəcanlı, başı dik, saçları dalğalı bu gənclərin dilində sadəcə bir kəlmə var, o da TORPAQ...

Bu torpaq hər hansı bir torpaq deyil. Bu torpaq acılar, göz yaşları və Şuşanın yolları kimi buruq-buruq həsrət qoxuyan torpaqlardır. Otuz il öncə atalarının, analarının zorla qovulduqları torpaqları bu gənclər Avropada əllərindəki rəngli bayraqları və barış türküləriylə çağırırlar. İllərcə onların ataları, babaları, nənələri o torpaqlardakı ağacların, quşların, börtü-böcəklərin həsrətini çəkdilər. Dağlara, daşlara şeirlər, nəğmələr bəstələyib yanıqlı-yanıqlı oxuyub ağladılar...

İndi o həsrət və özləm dolu göz yaşlarından bambaşqa bir gənclik doğuldu. Bu gənclər həsrətin və barışın gəncləridir. Avropanın küçələrinə çıxan bu gəncliyin dilində müharibə nərələri, zülm türküləri yoxdur. Hamısı tək ağızdan sadəcə "TORPAQ" deyə hayqırırlar və torpağın insanları barışa, gözəlliyə çağırdığını çox yaxşı bilirlər.

İllər öncə biz Azərbaycan üçün toplandılar, mitinqlər hazırlayanda o gənclər burada deyildi. Biz o gənclərin gələcəyinə, bizləri gücləndirəcəyinə ümid edirdik. Onlar gəldilər - kimisi hüquq, kimisi tibb, kimisi riyaziyyat, kimisi də kimya oxumağa gəldilər. Amma ürəklərindəki o torpaq həsrətiylə yaşadılar Avropada. Ata-analarının acısını, məğlubiyyətini, həsrətini, işğal edilmiş o torpaqlarda babalarının məzarlarını unutmadılar. Bir gün, bəli, bir gün yenə Şuşada, Füzulidə, Cəbrayılda, Xankəndində, Ağdamda türkülər söyləmək arzusuyla yanıb tutuşdular.



Artıq Azərbaycan deyincə Azərbaycanı heç görməmiş insanlar deyil də, o uşaqları axtarmaq keçir içimdən. Onları görüncə ürəyim Şuşanın dağları, Murovun yüksəklikləri kimi qabarır ürəyim. Bir yerdə bir toplantımı var, o an ağlıma professor Səlahəddin Xəlilov hocanın qızı Türkan, yazıçı dostum Əjdər Olun qızı Aysun, Altay Rüstəmli, Süleyman Sadıxoğlu, Tuncay Həsənli kimi gənclərimiz gəlir. Onların mitinqlərdə barışa, ədalətə səsləyən fotoşəkillərini gördükcə gələcəyə doğru inancım daha da güclənir. Bu balaların əliylə ədalət gerçəkləşəcək, onların gülüşüylə barış gələcək, onların türküləriylə tərəfdaşlıqlar, qaralamalar, yalanlar bitəcək. "The Times", "Guardian", "Sputnik" və bunlar kimi böyük media təmsilçiləri nə yazırsa yazsınlar!.. Gerçəklər və ədalət bu gənclərin Avropa və Amerikadakı meydanlarda daşıdıqları ay-ulduzlu bayraqlarda dalğalanacaq. Raketlərlə vurulan evlər, daha dünyaya yeni gözlərini açmış körpələrin ruhları o gənclərin dilindəki barış şüarlarıyla yenidən  canlanacaq.

Hər kəs tərəf tuta bilər. Hər kəs müharibə üçün bir bəhanə tapa bilər. Hər kəs təbliğat maşınlarından əla istifadə edə bilər. Amma kimsə ədaləti yox edə bilməz. Barışa çağıran türküləri susdurammaz.

O torpağın qoxusu övladlarını yenidən yanına çağırdı: "Gəlin, bahar gələcək", dedi... "Viran edilmiş evlər yenidən canlanacaq, məzarlıqlarda yenidən dualar oxunacaq", dedi.

Yürüyün, balalarım, yürüyün! Vyanadan, Berlindən, Parisdən o torpağın səsini duyun! Barışa, bahara, çiçəklərə, dualara hazırlaşın!

Ustad Nazim Hikmət nə gözəl söyləmiş:

Güzel günler göreceğiz çocuklar
Güneşli günler göreceğiz.
Motorları maviliklere süreceğiz
çocuklar
Işıklı maviliklere süreceğiz...

 





21.10.2020    çap et  çap et