525.Az

Ermənilər su mənbələrindən də bizə qarşı təxribat məqsədi ilə istifadə edir


 

Ermənilər su mənbələrindən də bizə qarşı təxribat məqsədi ilə istifadə edir<b style="color:red"></b>

Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasəti, habelə işğal edilmiş ərazilərdə təbii resurslardan vəhşicəsinə istifadə edilməsi, transsərhəd çayların qəsdən çirkləndirilməsi nəticəsində ölkəmizin iqtisadiyyatına ciddi ziyan vurulub, o cümlədən, yüz minlərlə əhali içməli sudan məhrum edilib.

Təcavüzkar ölkə tərəfindən işğal olunmuş ərazilərdə su ehtiyatlarından qəsdən sui-istifadə münbit torpaqların eroziyası, torpaqların susuzlaşması və səhralaşmasına gətirib çıxarıb.

Məlumdur ki, Azərbaycan quraqlıq zonasında yerləşir və bu səbəbdən kənd təsərrüfatı 90 faiz suvarmadan asılıdır. Bu baxımdan, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi də istisna deyil. Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərdə strateji əhəmiyyət kəsb edən bir sıra iri iqtisadi obyektlər var. Bu obyektlər sırasında işğal altında qalmış su anbarlarından ən böyüyü olan Sərsəng su anbarıdır.

Tərtər çayı üzərində inşa edilmiş Sərsəng su anbarı 1976-cı ildə istifadəyə verilib. Onun ümumi su tutumu 565 milyon m3, bəndinin hündürlüyü 125 metr, uzunluğu 555 metrdir. Su anbarı 120 min hektar ərazinin suvarılması üçün layihələndirilmişdir. Su anbarında gücü 50 MVt olan 2 ədəd turbindən ibarət su elektrik stansiyası (SES) quraşdırılıb. Tərtər çayının yığıldığı bu nəhəng su anbarının sağ və sol sahilindən çıxan magistral kanallar vasitəsilə Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının ümumilikdə 78 min hektar əkin sahəsi suvarılırdı. 

Sərsəng su anbarının işğalı nəticəsində Tərtər çayı üzərindəki Suqovuşan su elektrik stansiyası, eləcə də Tərtər sağ və sol sahil suvarma magistral kanallarının 80 km-lik hissəsi, Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam (işğal olunmamış hissəsində) və Goranboy rayonlarında 60 min hektardan çox əraziləri uzun müddətdir ki, su ilə təmin olunmur. Qeyd etmək lazımdır ki, 68,3 km uzunluğunda və mənbəyində 50 m3 tutumu olan Tərtər sağ sahil magistral kanalı tamamilə işğal altındadır.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Sərsəng su anbarı, 130 min hektar ərazini su ilə təmin edən və uzunluğu 6426 km olan suvarma kanalları şəbəkəsi, 185 km-lik kollektor və drenaj kanalları, 1429 artezian quyusu, 539 hidrotexniki tikinti obyektləri, 220 su elektrik stansiyası, 88 nasos stansiyası, habelə ümumi həcmi 640 milyon m3 olan 8 su anbarı işğala məruz qalıb.

Ümumilikdə, 125,8 min hektar suvarılan torpaq ərazilər işğal edilmişdir. Onlardan yalnız 25,3 min hektarı (20 faiz) Dağlıq Qarabağ bölgəsi, digər 100,5 min hektar isə aşağıda sadalanan rayonların payına düşür: Ağdam - 49,5 min hektar, Füzuli - 26,4 min hektar, Cəbrayıl - 12,5 min hektar, Zəngilan - 5,3 min hektar, Qubadlı - 5,3 min hektar, Kəlbəcər - 1,4 min hektar. 

Sentyabrın 27-dən başlayan əks hücum nəticəsində Azərbaycan ordusu tərəfindən Suqovuşan kəndi azad olunduqdan sonra Suqovuşan su anbarından suyun buraxılmasına nail olunub. Hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda, ekoloji tarazlığın təmin olunmasında mühüm addım atılıb. 

Sərsəng-Tərtər hidroelektrik kompleksinin normal qaydada işləməsi, ən azı Tərtər sağ sahil magistral və ikinci dərəcəli kanallarının keçdiyi ərazilərin tam şəkildə işğaldan azad edilməsi və minalardan təmizlənməsi tələb olunur. Kompleksə lazımi texniki xidmətin göstərilmədiyi, istifadə olunan avadanlıqların köhnəldiyini nəzərə alaraq, ilk növbədə, kompleksin texniki vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var. 

Sərsəng-Tərtər hidroelektrik kompleksinin bərpası və istifadəyə verilməsi Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının təxminən 60 min hektar ərazini su ilə təmin edəcək, yanğına qarşı mübarizəni asanlaşdıracaqdır.

Son illər ərzində ölkəmizin meliorasiya sahəsində mühüm layihələr həyata keçirilmiş, o cümlədən, Şəmkirçay və Taxtakörpü su anbarlarının tikilmiş, rayonlarda əkin sahələrinin suvarma suyu ilə təminatı sahəsində işlər görülür. İşğaldan azad edilən ərazilərin bərpası üçün Azərbaycan lazımi təcrübəyə və iqtisadi potensiala malikdir. 

Millət vəkili Elman Məmmədov hesab edir ki, bu gün Azərbaycandan axan xeyli su mənbələri, çaylar var: "Onların bir hissəsi mənbəyini Ermənistan deyilən dövlətin ərazisində götürür və bizim ərazimizə oradan keçir. Müəyyən sularımız da var ki, onlar mənbəyini öz ərazimizdən götürür. Ancaq o ərazilərimiz də bu gün düşmənin işğalı altındadır. Məsələn, Araz çayı, Qazax-Tovuz tərəfdəki müəyyən çaylar, Arpaçay və s. var ki, onlar bizə tərəf Ermənistan ərazisindən keçir”.

Deputatın sözlərinə görə, ermənilər bütün bu təxribatlarla, ziyankarlıqlarla bərabər, su mənbələrindən, axar sulardan da bizə qarşı təxribat məqsədilə istifadə edirlər: "Onlar ərazilərində olan Atom Elektrik Stansiyasının tullantılarını Araz, Arpaçay vasitəsilə biz tərəfə axıdırlar. Hətta suların güclü axan daşqınlar vaxtı təxribat məqsədilə partlayıcı maddələri, minaları axıdırlar. Artıq bir neçə dəfə insanlarımız yaralanıb və məhv olub. Eləcə də suları zəhərləyirlər və yanğınlar törədirlər. Onlar Sərsəng su anbarı ilə bağlı indiyədək nə qədər problemlər yaradıblar və bu gün də yaradırlar. Təəssüf ki, ermənilərin o biri təxribatlarının qarşısı alınmadığı kimi, beynəlxalq qurumlar bu məsələyə də biganə qalır və Ermənistana heç nə demirlər. ATƏT-in Minsk qrupunun həmsədrləri ermənilərin bütün qanunsuz, cinayətkar əməllərinə göz yumduqları kimi, buna da göz yumurlar. Bu sahəyə cavabdeh olan beynəlxalq qurumlar isə biganə qalmamalıdır".

PƏRVANƏ

 





25.10.2020    çap et  çap et