525.Az

Prezidentdən önəmli mesajlar


 

Prezidentdən önəmli mesajlar <b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın "Nikkei" qəzetinə verdiyi müsahibədə bir sıra maraqlı və mühüm məqamlara toxunub.

Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsi, davam edən hərbi əməliyyatlar, Ermənistanın sülh danışıqlarını pozmağa yönəlmiş təxribatları haqqında ətraflı danışaraq, işğalçıların fiaskoya uğramasına diqqət çəkib. Prezident bəyan edib ki, əvvəlki status-kvo artıq mövcud deyil, təmas xətti yoxdur. İndi Ermənistan rəhbərliyi daha məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır.

Müzakirələrdə Azərbaycanın əsas məqsədi Ermənistan rəhbərliyinin ərazilərin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir.

Dövlət başçısı Ermənistanın hazırkı hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivlərinin çox uzaq olduğunu əlavə edib. Çünki Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, hərəkətlər danışıqları mənasız edib.

Danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması olub.  Təəssüf ki, ATƏT-in Minsk qrupunun vasitəçilik səyləri  30 il ərzində heç bir nəticə verməyib. Hazırkı vəziyyət də bunu aydın göstərir.

Dövlət başçısı bu məqama diqqət çəkərək deyib ki, Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu ölkələrin iştirakı və səsverməsi ilə TŞ Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrə niyə əməl edilmədiyi sual olunur.

Ölkə rəhbəri Dağlıq Qarabağda heç bir referendumun olmayacağını, Azərbaycanın danışıqlar zamanı buna razılıq vermədiyini bəyan edib. İndi ərazinin böyük bir hissəsini geri alındığı bir vaxtda bundan söhbət gedə bilməz. Ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var.

Diqqətçəkən məqamlardan biri də Ermənistan rəsmilərindən gələn bəzi terror hədələri ilə bağlı olub. Prezident deyib ki, Ermənistanın rəsmi nümayəndələri dəfələrlə bildiriblər ki, onlar Azərbaycanın ixrac kəmərlərinə, neft-qaz nəqli üçün mühüm olan Səngəçal terminalına hücum edəcəklər. Bu, onların terrorçu xislətinin bir hissəsidir. Ermənistan bunu edəcəyi təqdirdə, Azərbaycan və həmçinin, enerji təhlükəsizliyinin bir hissəsini Azərbaycandan təmin edən ölkələr tərəfindən sərt şəkildə cəzalandırılacaq. 

Mövzu ilə bağlı danışan politoloq Tofiq Abbasov deyib ki, bu ixrac kəmərlərinə, milyardlarla dollar investisiya yatırıldığından onun vurulması elə də asan məsələ deyil: "Bu kimi benəlxalq layihələrə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və başqaları investisiya yatırıblar. Hazırda Azərbaycan Qərb dövlətləri üçün bu mövzuda çox mühüm strateji müttəfiq səviyyəsində olan bir dövlətə çevrilib. Bizim ərazimizdən Qərbə doğru neft və neft məhsulları və digər mühüm məhsullar nəql edilir. Bütün dünya bilir ki, dənizdə yaratdığımız bu infrastrukturun kökündə hansı ideya durur. Hazırda bu layihələrin arxasında Qərb şirkətlərinin konsorsiumu, onların maraqları dayanır. Bu, bizim aparıcı ölkələrin şirkətləri ilə birgə əməyimizdən hasil olunan bir uğurlu nəticədir ki, artıq dənizdə belə böyük bir infrastruktur yarada bilmişik". 

Politoloq quruda - yerüstü mühüm infrastruktur layihələrimizi də xatırladaraq deyib ki, bütün bunları inşa edəndə bir sıra ölkələrin enerji təhlükəsizliyi təmin olundu. İndi erməni hədəsi həmin ölkələrin də enerji təhlükəsizliyini sual altına qoya bilər: "Gürcüstan və Türkiyə ərazilərindən keçən həmin enerji layihələri Aralıq dənizinə çatır. Cənub Qaz Dəhlizi İtaliyaya qədər çəkiləcək, TANAP və TAP kimi mühüm layihələrdən başqa mühüm nəqliyyat layihələrinin də işlənməsində və reallaşmasında isə tək Azərbaycanın yox, həm də bütün tərəfdaş şirkətlərin böyük rolu olub. ABŞ, Fransa, İtaliya, Böyük Britaniya, Türkiyə və digər dövlətləri təmsil edən şirkətlər bu kimi layihələrə birgə kapital qoyublar. Yəni konsorsium həmin şirkətlərin birləşməsidir ki, bu birlik də birgə səylərlə sözügedən layihələri reallaşdıra bilib. İndi həmin şirkətlər uğurla işləyərək layihələrdən mənfəət də götürürlər. Amma əgər işğalçı aşkar hədə ilə zərər vurmaqdan söz açırsa, demək, təhlükə hamı üçün hər an var. Əgər Ermənistan növbəti bir axmaq qərarı verərək işlək infrastruktura zərbə endirsə, bütün bu iştirakçı ölkələr, həm də Azərbaycanın neft-qaz, enerji daşıyıcılarından istifadə edən istehlakçılar bundan ciddi əziyyət çəkəcək. Ona görə də ən azı bizi hədələyənlər bu ciddi siyasi səhvin yarada biləcəyi mənfi nəticələri də düşünməlidirlər.   Hələlik ermənilər bu yola getməzlər. Sadəcə olaraq Ermənistan rəhbərliyi çalışır ki, Azərbaycanda maraqları cəmləşən ölkələri hərəkətə gətirsin. Yəni müharibənin dayandırılması üçün bu cür hədələri ortaya qoymaqla həmin ölkələr vasitəsilə Azərbaycana təzyiq göstərməyə cəhd edirlər".

PƏRVANƏ

 





25.10.2020    çap et  çap et