525.Az

10 milyonluq Birlik ordusu - Nadir Rzalının yazısı


 

10 milyonluq Birlik ordusu - <b style="color:red">Nadir Rzalının yazısı </b>

Bütün müharibələr fəlakət gətirir: insan itkisi, gözü yaşlı qalan ailələr, müharibə üçün tələb olunan böyük xərclər həm mənəvi, həm sosial, həm də iqtisadi rifaha böyük zərbə vurur. Amma əgər bir müharibə bir ölkə üçün bütün sönən işıqları yandırırsa, həmin savaş labüddür.

İkinci Qarabağ savaşı da Azərbaycan xalqını bütövləşdirdi, heç vaxt olmadığı kimi həmrəyliyə sövq etdi. Çünki bu savaş xalqın haqq savaşı idi. Bu savaşın nəticəsi bir millət, dövlət olaraq olum və ya ölümümüzü dəqiqləşdirəcəkdi ki, mübariz xalqımızın, rəşadətli ordumuzun və qətiyyətli rəhbərimizin inamı bizi zəfərlərə doğru aparır. Bu gün 7-dən 77-yə qədər hamının bir amalı var - ərazi bütövlüyü təmin olunmuş güclü Azərbaycan! Bu həmrəyliyin bariz nümunəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna edilən ianələrdir. Müharibə zamanı maddiyat çox önəmli faktordur.

Silahlı Qüvvələrə Yardım Fondu əvvəllər də mövcud idi. Amma savaşın başladığı gündən edilən ianələrin sayı birə yüz artdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım fonduna ianə etdikdən sonra ianələr geniş vüsət aldı. Nazirliklər, dövlət orqanları, müxtəlif təşkilatlar, şirkətlər, təhsil müəssisələri, banklar, mədəniyyət və incəsənət ocaqları, ayrı-ayrı fərdlər bu yardımlara qoşuldular.

Silahlı Qüvvələrə Yardım Fonduna ianə bağışlayan bəzi şirkət və təşkilatların siyahısına nəzər yetirdikdə müxtəlif məbləğlər qarşımıza çıxır. Təbiidir ki, hər bir qurum öz büdcəsini nəzərə alaraq gücü çatan məbləği ianə edir. Sözsüz, mahiyyət məbləğdə yox, təşəbbüsdədir. Bir sıra ianələr isə xüsusilə fərqlənir. "Caspian Drilling Company" və eləcə də, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkət i(CDC) Silahlı Qüvvələrə yardım fonduna 17 milyon manat məbləğində ianə edib. "Neqsol Holding" (“Bakcell”, “Nobel Oil”, “Norm”) 2,5 milyon manat, iş adamı, biznesmen Anar Əlizadə şəxsən 2 milyon manat ianə edib. “Azərbaycan Beynəlxalq Bankı”, “Paşa Holding”, “Azercell”, “Gilan Holding” və digər bir neçə qurum Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat ianə bağışlayıb. Yayılan məlumatlara görə, bəzi təşkilatlar etdikləri ianələri xəbər saytlarında işıqlandırmaq üçün həmin saytlara müəyyən miqdarda pul köçürürlər. Halbuki o pulu da ianəyə əlavə etmək mümkün olardı. Təbii ki, edilən ianələr reklam xarakteri daşımamalı, sidq ürəkdən gələn addım olmalıdır.

Demək olar ki, nazirliklərin hamısı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib. Xalqı maraqlandıran əsas məqam isə, məhz sabiqlərin təşəbbüsüdür. Bu yaxınlarda sosial şəbəkədə sabiq Müdafiə naziri Səfər Əbiyevin fonda yardım edib-etməməsi ilə bağlı sual ünvanlanmış bir status oxudum. Rəylərin birində keçmiş müdafiə nazirinin fonda 1 milyon manat ianə etməsi ilə bağlı bir məlumata rast gəldim. Amma heç bir mənbədə bu rəyin təsdiqini tapa bilmədim. Bundan başqa, Zakir Qaralov, Eldar Mahmudov, Hacıbala Abutalıbov və başqa sabiqlər haqqında çoxsaylı axtarışlarıma baxmayaraq, Silahlı Qüvvələrə Yardım Fonduna ianə etmələri ilə bağlı bilgi əldə edə bilmədim. Bəlkə də, köçürüblər, mən bilmirəm. Baku.ws saytının verdiyi məlumata görə, sabiq Nəqliyyat naziri Ziya Məmmədov və oğlu Anar Məmmədov Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər. Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov da yardım fonduna 5 min manat pul köçürüb.

Bir az əvvəl qeyd etdiyim kimi, məbləğin  miqdarı önəmli deyil, əsas odur ki, bu addım ürəkdən gəlsin. İanələr geniş vüsət alan gündən etibarən xalqın bu istiqamətdə çoxsaylı təşəbbüsləri olduqca ürəkaçandır. Elə insanlar var ki, maddiyat cəhətdən yaşam səviyyəsi yüksək olmasa da, "Əsgərlərə hər şey qurban olsun!" şüarı altında gücləri çatan məbləği yardım fonduna köçürür. Bu yaxınlarda Şəmkir sakini, ehtiyatda olan polkovnik-leytenant, keçmiş hərbi hissə komandiri Nəbi Əhmədov öz təqaüdü ilə illərdir topladığı 50.000 manat məbləğində pulu Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib. Lənkəran Rayon Ağsaqqallar Şurasının sədri, Respublika Ağsaqqallar Şurasının Məclis üzvü 99 yaşlı Kamal Kələntərli də bir aylıq təqaüdünü yardım fonduna bağışlayıb. Qəbələ şəhərində yaşlı qadın da öz təqaüdünün bir hissəsini fonda köçürüb. Şəki şəhərinin Baş Küngüt kənd sakini Hikmət Musayevin Silahlı Qüvvələrə yadım Fonduna pul köçürən zaman çəkilən video  isə sosial şəbəkələrdə çox böyük marağa səbəb oldu. Hikmət Musayevin sosial durumunun yaxşı olmamasına baxmayaraq, atdığı bu atdım digər pul köçürən təqaüdçülər kimi onun necə böyük ürəyə sahib olmasından xəbər verir. O deyir ki, "Özüm də bu dəqiqə cəbhəyə getməyə  hazıram". Təqaüdçülərdən əlavə, azyaşlılar da bu yardımlara qoşulub. Sabirabadda azyaşlı qız anası həyatını itirdiyi üçün aldığı muavinəti yardım fonduna köçürüb. 12 yaşlı oğlan illərdir almaq arzusunda olduğu fotoaparat üçün yığdığı pulu Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib. Feysbuk izləyicilərinin bəzilərinin sevimlisinə çevrilmiş 3 yaşlı İpək Məcid də kassasına topladığı pulları öz arzusu ilə yardım fonduna verib. Bu körpə fidanlar o pulun içinə ürəklərini də qoyublar. Həmin məbləğlərin içində arzular, xəyallar gizlənib. Uşaqdan böyüyə hər kəs ordumuz üçün əlindən gələni eləməyə hazırdır. Əbəs yerə deyilməyib ki, arxa cəbhənin qətiyyəti ön cəbhənin müvəffəqiyyətinə dayaqdır.

Xalq yazıçısı Anar 1.500 manat, onun həyat yoldaşı, akademik Zemfira Səmədova 1000 manat məbləğində Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib. Bundan əlavə, tanınmış idmançılar - Rafael Ağayev və Hacı Əliyev 2.500 manat, Maksim Medvedev və Qara Qarayev 10.000 manat, Rəşad Sadıqov isə 50.000 manat məbləğində yardım fonduna ianələr köçürüblər.

Bu kampaniyaya qardaş Türkiyədən də bir çox tanınmış insanların qatılması xüsusilə qürüvericidir. Məşhur türk müğənnisi Ajda Pekkan 400.000 dollar, Doğuş isə  45.000 lirə Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib. Qardaş Türkiyənin Maraşdan olan sadə vətəndaşı Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimə öz nişan üzüyünü göndərərək yardım fonduna bağışladığını bildirib. Bu, onu göstərir ki, həm Türkiyə dövlətinin rəsmiləri, həm də sadə vətəndaşları sidqi ürəkdən, böyük sevgi ilə Azərbaycanın yanındadılar!

Bugünkü qalibiyyətlərin əsas səbəbi odur ki, biz düşmənin qarşısına 10 milyonluq ordu ilə çıxmışıq! Bu gün mətbəxdə qadınlar da, zəhmətkeş fəhlələr də, tələbə gənclər də, məmurlar da, bir sözlə, bütün sosial qruplar mücadilə içindədir. Təbii ki, ən böyük yük isə Ali Baş Komandanımızın və rəşadətli Ordumuzun üzərindədir. Əminik ki, bu birlik, bu həmrəylik Azərbaycanı daha işıqlı gələcəyə, daha firavan günlərə aparıb çıxaracaq!..

 





27.10.2020    çap et  çap et