525.Az

Xəritə (hekayə)


 

Xəritə <b style="color:red">(hekayə)</b>

Universitetdə bizim Mövsüm adlı bir rus dili müəllimimiz var idi. Həddən artıq sadə, təvazökar, ədalətli insan olduğu üçün tələbələrin sevimlisinə çevrilmişdi. Mövsüm müəllimin  bir xasiyyəti var idi. Bir görürdün, dərsin şirin yerində  başladı zarafata, duzlu, məzəli əhvalatlar danışmağa. Bəzən bu söhbətlər dərsin sonunadək davam edərdi.Bir eşidirdik ki, zəngin səsi aləmi başına götürüb. Xülasə, bu qəribə müəllimin qəribə söhbətləri bitib-tükənmirdi. gizlədim, biz bu söhbətlərdən doymurduq. İstəyirdik ki, işini-gücünü atıb, ancaq "Min bir gecə nağılları"na bənzər əhvalatlardan danışsın, biz dinməz-söyləməz ona qulaq asaq...

Mövsüm müəllim adəti üzrə dərsi yarımçıq kəsib danışdığı  əhvalatla auditoriyada xoş ovqat yaratdı:

 -Mədrəsədə oxuyurduq. Coğrafiya dərslərini bizə Mirzə Səməd ağa adlı bir şəxs deyirdi. O, 40-45 yaşlarında, uzun, arıq, seyrək saçlı bir adam idi. Gözləri çox zəif gördüyü üçün daim eynək taxır, əsa ilə gəzirdi. Uşaqlar deyirdilər ki, onun saçları çox bilməkdən tökülüb. Bu  sözlərin dərəcədə doğru olduğunu deyə bimərəm. Ancaq məni daim düşündürürdü. Hərdən müəllimin saçlarına baxıb, öz-özümə sual verirdim: Görəsən, mən bilikli olsam, saçlarım belə seyrək olar? Doğrusu, bilikli olmağı arzulasam da, saçımın seyrək olmasını istəmirdim... Bir dəfə Mirzə Səməd ağa  sinfə daxil olub salam verdi masanın arxasına keçərək əyləşdi. O, eynəyinin altından hamını bir-bir gözdən keçirdi. Davamiyyəti yoxladı. Qəssab Süleymanın oğlu Səttardan başqa hamı sinifdə idi. Müəllim Səttarın "qayıb"ını yazdıqdan sonra şagirdləri bir-bir dərsə çağırdı. Keçmiş dərsin mövzusu Asiya qitəsi haqqında idi. Əvvəlcə Əlimərdan yazı taxtasının qarşısına çıxdı. Ancaq bir neçə kəlmə deyib gözlərini döyməyə başladı. Mirzə Səməd ağa onu "qeyri-kafi" ilə cəzalandırdı. Bu minvalla, şagirdlərin bir çoxu dərsə hazır gəlmədiyi üçün  qeyri-kafi alıb, yerlərində əyləşdi. Qonşumuz Səftər onların arasında idi. Düzünü deyim ki, mövzu çətin olduğu üçün mən dərsə yaxşı hazırlaşmamışdım. Odur ki, çox narahatlıq keçirirdim. Ürəyim az qalırdı, yerindən çıxsın.Bu zaman Mirzə Səməd ağanın  Kələntərin adını çağırması məni digər yoldaşlarımı, bir növ, təhlükədən xilas etdi. Sinifdə yaşca hamıdan böyük, boyca uca olan şişman gərdənli Kələntər adını eşitdikdə ayaqlarını sürütləyə-sürütləyə divardan asılmış nimdaş xəritəyə yaxınlaşdı. O, əvvəl boynunun ardını qaşıdı, sonra masanın üstündən yaş nar çubuğunu götürüb bir qədər fikirləşdi dili topuq vura-vura həyəcanla dedi:

-Mmü-əə-ll-im, Asiya k-öök bir xoo- ruzdur!

Bunu eşidən bütün sinif uğundu. Hamının gözü müəllimə dikildi. Onun deyəcəyini səbirsizliklə gözləyirdik. Mirzə Səməd ağa qıpqırmızı qızarmışdı. Bizə elə gəlirdi o, indicə  bəzəkli əsanı götürüb başından böyük qələt edən Kələntərin kürəkləri arasına endirəcək. Ancaq gözlədiyimizin əksinə oldu. Müəllim bu "hazırcavab" şagirdə "kafi" qiymət yazdı. Sinfi heyrət bürüdü. Bu, necə olan idi?! Mirzə Səməd ağa xəritəyə sarı gedib eynəyini taxdı hamını təəccübləndirəcək tərzdə dilləndi: Gör ha, gör ha! Mən buna heç fikir verməmişdim, ay səni! Sonra o, üzünü  bizə tərəf çevirib dedi:

- Uşaqlar, bilirsiniz, Kələntərə üçün "kafi" qiymət verdim?   Ona görə ki, mənə maraqlı bir sirr öyrətdi.

Mirzə Səməd ağa bunu deyib xəritəyə baxa-baxa izahat verdi:

-Bax, bu adalar xoruzun ayaqları, İran, İraq qanadları, bunlar isə quyruqları...

Həmin gündən  xəritədə olan ölkələri, dənizləri, çayları heyvanlara, quşlara bənzətdik. beləcə, coğrafiyanı öyrəndik.

 





05.02.2014    çap et  çap et