525.Az

Azərbaycan Prezidentindən Ermənistana əxlaq dərsi - Nadir Rzalının yazısı


 

Azərbaycan Prezidentindən Ermənistana əxlaq dərsi - <b style="color:red">Nadir Rzalının yazısı </b>

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa son müraciəti zamanı bir çox vacib məsələlərə toxundu.

Bu məsələlərin içərisində ən diqqət çəkən məqamlardan biri də Prezidentin 200 il əvvəl Qarabağa köçürülmüş ermənilərin gələcək taleyi ilə bağlı söylədiyi fikirlər idi: "... O ki qaldı, bizim dədə-baba torpaqlarımıza 200 il bundan əvvəl köçürülmüş ermənilərin gələcəyinə, mən demişəm ki, onlar da bizim vətəndaşlarımızdır. Onların da canı bu xuntadan qurtarılmalıdır. Əgər özləri canlarını qurtara bilmirlərsə, biz onlara kömək göstərəcəyik".

Prezident İlham Əliyevin bu fikirləri bir daha təsdiqlədi ki, Azərbaycan bu savaşda olduqca humanist və qərəzsiz mövqe tutaraq mülki şəxslərin günahsız olduğunu qəbul edir. Bu sözlər həm də bizi qeyri-tolerantlıqda ittiham edən bəzi dövlətlərə tutarlı cavab, neçə illərdən bəri Azərbaycanın əzəli torpaqlarını işğal altında saxlayan, dinc əhaliyə qarşı terror aktları həyata keçirən düşmən Ermənistan tərəfinə isə əxlaq dərsi idi. Prezident İlham Əliyev bu məsələ ilə bağlı fikirlərini tamamlayarkən belə bir məqamı xüsusilə vurğuladı: "Mən məsələni belə görürəm və mənim bu yanaşmam həm əxlaqa, həm beynəlxalq hüququn normalarına əsaslanır". Halbuki düşmənin tarix boyu yol verdiyi qeyri-insani hərəkətlərə, bu günlər törətdiyi vəhşiliklərə, Gəncədə, Bərdədə, digər şəhər və rayonlarımızda dinc əhaliyə qarşı həyata keçirilən terror aktlarına nəzər salanda onlar tərəfindən heç bir əxlaq və hüquq normalarına məhəl qoyulmadığını müşahidə edirik. Bütün bu vəhşiliklərə rəğmən, Azərbaycan Prezidentinin tutduğu bu humanist mövqe əslində, Ermənistan hökuməti üçün böyük utanc olmalıdır.

Dünyada "müharibə əxlaqı" deyilən bir anlayış var, hər bir dövlət dürüst müharibə aparmağı bacarmalıdır. Ermənistanın mülki əhaliyə qarşı törətdiyi cinayətlər, hərbi münaqişənin şiddətlənməsinə baxmayaraq, sülh şərtlərindən boyun qaçırmaları, bununla yanaşı, öz xalqını haqsız yerə güllə önünə verməsi məhz erməni rəhbərlərinin əxlaqsız siyasətinin daha bir göstəricisidir.

Bu günlər erməni xislətinin mahiyyətini göstərən daha bir nümunəsinə şahidlik etdik. Ərazilərimiz işğaldan azad olunduqca hər kənddə, hər qəsəbədə, hər şəhərdə düşmənin törətdiyi saysız-hesabsız, ölçüyəgəlməz vandalizm, tarixi abidələrin dağıdılması faktları ilə üzləşirik. Xatırlayırsınızsa, hələ 2007-ci ildə "Xalq diplomatiyası" adı altında Azərbaycan ziyalılarından ibarət nümayəndə heyəti işğal olunmuş ərazilərə səfər etmişdilər. Azərbaycan nümayəndə heyətinin tərkibində olan Xalq artisti Azərpaşa Nemətov müsahibələrinin birində səfər zamanı Şuşada qarşılaşdığı vəziyyəti xatırlayaraq həmin ərazilərin, ordakı tarixi teatr binasının, məktəblərin, mədəniyyət evlərinin, qəbirlərin necə bərbad vəziyyətə salınmasından söhbət açmışdı. İşğal altında olan Azərbaycan torpaqlarında neçə-neçə tarixi-mədəniyyət abidələrinin məhv edilməsi, görkəmli şəxsiyyətlərin məzarlarının, ev-muzeylərinin yerlə-yeksan olunması kimi faktlar da erməni əxlaqsızlığının, erməni faşizminin bariz nümunələrindəndir.

Bu gün Azərbaycanda fərqli din və mədəniyyətlərin daşıyıcısı olan bir çox xalqların, milli azlıqların nümayəndələri yaşayırlar, ölkəmizdə məscidlər, kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Erməni işğalçılarının Qarabağın işğal olunmuş ərazilərindəki məscidləri dağıtmaları, orada donuz saxlamaqla dini məbədi təhqir etmələri də bu xəstə toplumun mental dəyərlərdən uzaq xislətini üzə çıxarır. Belə bir reallığın yaşandığı bir dönəmdə böyük humanizm nümunəsi göstərən Azərbaycan Prezidenti isə deyir: "Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Azərbaycan xalqı da tolerant xalqdır. O insanların günahı yoxdur. Kimin günahı var, o cavab verir və mən demişəm ki, Azərbaycan xalqının qanı yerdə qalmayacaq və qalmır".

27 sentyabrdan bu günə qədər Ermənistanın təxribatlarına yalnız döyüş meydanında cavab verilir. Çünki Azərbaycanın döyüş taktikası, müharibə mədəniyyəti bu təxribatları onların dili ilə cavablandırmağa imkan vermir. Azərbaycanın dövlət başçısı bu məsələyə toxunarkən qeyd etdi ki, "Mən yenə də göstəriş vermişəm, hələ ki, Azərbaycan ordusu özünü təmkinlə aparsın, təxribata uymasın".

Bəli, biz ədalət uğrunda mübarizə edirik və düşmənin xisləti, niyyəti nə olur-olsun, haqq savaşımızı mərdi-mərdanə aparırıq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu bütün hərbi əməliyyatları öz ərazilərimizdə aparır, Ermənistan ərazisinə birmənalı surətdə atəş açmır. Müharibə əxlaqı, müharibə mədəniyyəti, ədalətli döyüş taktikası da budur. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, bizim işimiz haqq işidir və zəfərlər qazanmağımızın başlıca səbəbi də məhz bununla bağlıdır.

 





30.10.2020    çap et  çap et