525.Az

Müharibə hekayələri - Aytac Sahədin qeydləri


 

Müharibə hekayələri - <b style="color:red">Aytac Sahədin qeydləri</b>

Müharibələr zamanın gedişatına təsir göstərərək bəzən bəşər tarixində yeni səhifələr açır. Əsrlər keçməsinə, səhifələrin dəyişməsinə baxmayaraq, bəşəriyyət müharibə səhifələrinə adını yazdıran sərkərdələri unutmur. Xatırlatmaq üçün isə təkcə illər, rəqəmlər bəs etmir, insanlar çoxlu rəvayətlər, hekayələr danışır, yazırlar - bəziləri düz, bəziləri səhv. İstənilən halda eşitdiyimiz bütün hekayələri mütləq həqiqət kimi qəbul etmək olmaz. Əsrlər keçsə də, bir çox müharibə hekayələri var ki, həqiqətən payının ölçüsündən və dərəcəsindən asılı olmayaraq, insanlara maraqlıdır. Belə hekayələrdən bir neçəsini sizə danışmaq istəyirəm.

Deyilənə görə, Çingiz xan iştirak etdiyi döyüşlərdən birində düşmən ordunun  atdığı ox Çingiz xanın sevimli atını öldürür, özünü isə ağır yaralayır. Möcüzə nəticəsində sərkərdə sağ qalır. Müharibədə qalib gələn monqol ordusu düşmənləri əsir götürür. Çingiz xan əsirlərin qarşısına keçib, atını öldürüb, onu ağır yaralayan zərbənin kimin olduğunu soruşur. Bir gənc cəsarətlə önə addımlayıb, "mən idim" deyir. Döyüşçünün bu cəsarəti xanı heyrətləndirir. Çingiz xan bu gənci öz ordusuna dəvət edir, adını isə "Cebe", yəni "oxatan" qoyur. Cebe qısa zamanda  monqol ordusunun ən cəsur döyüşçüsü kimi məşhurlaşır.

***

Makedoniyalı İsgəndər yürüşlərindən birində ordusu ilə quraqlıq səhradan keçməli olur. Döyüşçülərdən çoxusu suyun çatışmazlığı üzündən tamam əldən düşür. İsgəndər özü də. Belə bir vaxtda İsgəndər qatır üstə tuluqda su aparan makedoniyalılara rast gəlir. İsgəndərin susuzluğundan xəbərdar olan kimi cəld dəbilqəni su ilə doldurub şaha gətirirlər. İsgəndər makedoniyalılardan suyu kimin üçün gətirdiklərini soruşur. Onlar cavabında deyirlər: "Oğlanlarımız üçün aparırıq, amma biz oğlanlarımızı itirsək də,eybi yoxdur, təki sən yaşayasan,çünki bizim başqa oğullarımız da doğula bilər". Bu sözləri eşidən İsgəndər dəbilqəni alır, amma ətrafına boylanıb görəndə ki, onu əhatə edən bütün atlılar suya baxırlar, o, bir qurtum da içmədən su ilə dolu dəbilqəni geri qaytarır. O, su gətirənlərə təşəkkür edib deyir: "Mən suyu tək içsəm, onlar ruhdan düşər".

Şahın iradəsini və alicənablığını görən süvarilər atlarını mahmızlayıb deyirlər ki, qoy İsgəndər tərəddüd etmədən onları irəli aparsın.Nə qədər ki, belə bir şahları var, onlar yorğunluq və susuzluq hiss edə bilməzlər və hətta ölməyə belə haqları yoxdur.

***

Deyilənə görə, Dara İsgəndərlə döyüşdən sonra ona xəbər göndərir ki, imperiyasının bir hissəsini verməyə hazırdır. Xəbəri gətirən sərkərdə Parmenion İsgəndərə deyir:

-Mən İsgəndər olsaydım, razılaşardım.

İsgəndər:

-Mən də razılaşardım, əgər İsgəndər olmasaydım - deyə cavab verir.

O, Daraya öz məşhur cavabını göndərir: "Mən imperiyanın hamısını yarısına dəyişmək fikrində deyiləm".

***

Əmir Teymur İranı fəth etdiyi zaman "Şahnamə"də türkləri pisləyən Firdovsinin məzarına gəlir və məzarı ayağıyla vuraraq bu sözləri söyləyir:

- Ey Firdovsi, qalx, qalx da hər sətrində pislədiyin məğlub türkü indi gör! Qalx da küfr etdiyin, küçümsədiyin türkü gör! Qalx, qalx da bax, İsfahanmı gözəl, yoxsa Səmərqəndmi? Bağdaddan bu yatdığın yerə qədər fars sağ qoymadım! Topal ayağımın dəydiyi yerdə ot bitməz oldu...

***

Şimali Afrikadan İspaniya ərazisinə 7 minlik qoşunla yola çıxan və gəmilərlə sonradan onun adını daşıyacaq Cəbəllütariq boğazını keçən Tarık bin Ziyad İspaniya torpaqlarına ayaq basdıqdan sonra ordusunun geri dönmək ümidlərini yox etmək və yalnız irəli getmək anlayışını aşılamaq üçün donanmasında olan bütün gəmiləri yandırır.

Bunu etməkdə əsas məqsədi daha geriyə yol olmadığını anlatmaq, hədəflərinin yalnız qalib gəlmək, yeni ərazilər fəth etmək olduğunu izah edtmək idi. Ərəb sərkərdəsi istəyinə çatır və Əndəlüs fəth olunur.
Tarık bin Ziyadın bu addımı əsrlər boyunca yaddaşlarda qalır və beləcə, geriyə dönüşü olmayan bir işə başlayanlar haqqında deyilən belə bir zərb-məsəli yaranır: "Gəmiləri yandırmaq".

***

Uğursuz keçən müharibədən sonra Napoleonu tənqid edən hökumət nümayəndəsi barmağını xəritə üzərində gəzdirərək deyir:

"Əvvəl buranı almalı idiniz, sonra burdan keçərək şəhərin kənarını zəbt etməli idiniz, daha sonra ..."

Napoleon ironiya ilə onun sözünü kəsir:
 
"Bəli, oralar barmaqla alına bilsəydi, dediyiniz kimi edərdim".

 





31.10.2020    çap et  çap et