525.Az

Zunud qürurla kədərin kəsişdiyi anı yaşadı


 

Zunud qürurla kədərin kəsişdiyi anı yaşadı<b style="color:red"></b>

Azərbaycan xalqı heç vaxt bu günki qədər birləşməmiş və bu günki qədər səfərbər olmamışdı. Bu səfərbərlik ordu səfərbərliyi deyil, bu xalqın mənəvi və vicdani hislərinin səfərbərliyidir. Ötən gün Şəki rayonunun Zunud kəndində baş verənlər də bunun bariz nümunəsi oldu.

Zunud birinci Qarabağ müharibəsində olduğu kimi hazırda davam edən vətən müharibəsində də şəhid verdi. Umudov Elmir döyüşlərdə qəhrəmancasına həlak oldu. Başın sağ olsun, vətən! Başın sağ olsun, əsgər atası!

Əvvəl də qeyd etdiyimiz kimi bu günlər ölkədə heç vaxt olmadığı bir atmasfer yaranıb. Biz bunu qəhrəman şəhidimiz Elmirın dəfn mərasimində də görə bildik. Zunud kəndində əvvəllər görünməmiş hədsiz izdihamlı dəfn mərasimi yaşandı.

Şəhidə mühasibət bütün regionlarımızda olduğu kimi burda da özünün pik həddinə çatıb. Dəfn izdihamı bunun bariz nümunəsi oldu. Hər yerdən insanlar bura axışmışdılar, tanıyan tanımayan, rayon mərkəzi, yaxın, ya uzaq kənd, fərqi yox idi. Hamının üzündə görünməmiş ifadə vardı.

İnsanlarda yeni və qəribə emosiya növü yaranıb. Şəhid adı gələn kimi simalar o görkəmi alır, ən uzaq kəndlərdən belə axın başlayır. Bir az obrazlı səslənsə də bu qaranlıqda şama can atan minlərlə pərvanəyə bənzəyir.

Şəhidi tanımayan, kənddə bir dəfə olmayanlar belə bu xəbərə inanılmaz reaksiya verib, kənd küçələrini insan selinə döndərmişdilər.

Ruhun şad olsun, Elmir! Vətən sağ olsun, qəhrəman şəhid! Atan, anan başı dik gəzərək, yetişdirdiyi Zunudlu qəhrəmanın vətən torpaqlarının işğaldan azad edilməsində pay sahibi olduğunu fəxrlə söyləyə bilər.

Eldəniz Əmirov

 





01.11.2020    çap et  çap et