525.Az

Moskva məhkəmədən möhlət istəyir


 

Moskva məhkəmədən möhlət istəyir<b style="color:red"></b>

Rusiya Niderland Ali Məhkəməsinə müraciət edərək YUKOS şirkətinin sabiq səhmdarlarına 57 milyard dollar kompensasiya ödənilməsi ilə bağlı Apellyasiya Məhkəməsinin qərarının icrasını təxirə salmasını xahiş edib.

YUKOS neft şirkətinə qarşı cinayət işi hələ 2003-cü ildə başlamış və şirkətin prezidenti Mixail Xodorkovskinin həbsi ilə başa çatmışdı. YUKOS şirkəti isə müflis elan olunaraq satışa çıxarılmış və Rusiyanın neft nəhəngi "Rosneft" tərəfindən satın alınmışdı. YUKOS şirkətinin sabiq səhmdarları isə Niderlandda məhkəmə yolu ilə haqlarını müdafiə etməyə çalışmışlar. Beynəlxalq Arbitraj Məhkəməsi isə uzun araşdırmalardan sonra 2014-cü ilin iyulunda Rusiyanın YUKOS şirkətinin sabiq səhmdarlarına 57 milyard dollar ödəməsi haqqında qərar çıxardı. 2016-cı ildə Haaqa Dairə Məhkəməsi sözügedən məhkəmə çəkişməsinin Beynəlxalq Arbitraj Məhkəməsinin səlahiyyətlərinə aid olmadığını qeyd edərək bu qərarı ləğv etdi. Ancaq bu ilin fevralında Haaqa Apellyasiya Məhkəməsi YUKOS şirkətinin sabiq səhmdarlarının şikayətini təmin edərək Rusiyanın xaricdəki aktivlərinin müsadirə olunması ilə bağlı qərar verdi.

İndi isə Rusiyanın yeganə ümidi Niderland Ali Məhkəməsinə qalıb. Əgər Niderland Ali Məhkəməsi Moskvanın bu istəyini rədd edib 57 milyard dolların ödənilməsinin yolunu açsa, bu, Rusiya üçün iqtisadi fəlakətlərin yolunu açmış olacaq. Məsələ ondan ibarətdir ki, bu qədər vəsaiti ödəmək üçün hazırda Rusiyanın əlavə pul ehtiyatı yoxdur. Bu gün COVİD-19-a qarşı effektli mübarizə aparmaq üçün pul çatışmır. “Reuters” agentliyinin yaydığı məlumata görə, tibbi avadanlıqlar çatışmadığından COVİD-19-a qarşı peyvəndlərin sınağı dayandırılıb.

Neft və qazın qiymətlərinin kəskin ucuzlaşması Rusiyanın valyuta ehtiyatının sürətlə əriməsinə səbəb olub. Belə bir vəziyyətdə Moskvanın YUKOS şirkətinin sabiq səhmdarlarına 57 milyard dollar ödəməsi çox ağrılı hadisə olacaq. Əgər Niderland Ali Məhkəməsi Moskvaya möhlət verməkdən imtina etsə, Rusiyanın nə edəcəyini müəyyənləşdirmək mümkün deyil. Dövlət büdcəsinin 20 faizinə bərabər olan bu pulun ödənilməsi iqtisadi fəlakətə səbəb olacağı kimi, ödəməmək də çox ağır iqtisadi nəticələrə yol açacaq. Çünki Moskva məhkəmənin qərarın icra etməsə, Rusiyanın xaricdəki bank və maliyyə aktivlərinə həbs qoyulmasına başlanılacaq. Son günlər Rusiya milli valyutasının dəyərdən düşməsi də sürətlənib. Əgər 57 milyard dolların ödənməsi ilə bağlı məsələ qətiləşsə, rus rublu İran rialının taleyini yaşaya bilər.

Koronavirus pandemiyasının təsirləri altında Rusiya iqtisadiyyatı hazırda çox ağır günlərini yaşayır. Neft və qazın qiymətlərinin kəskin ucuzlaşması Moskvanı böyük gəlirlərdən məhrum etdiyi kimi, işsizliyin kəskin artması sosial-iqtisadi vəziyyəti daha da kəskinləşdirir. Məlumatlara görə, ötən ay Rusiyada ən azı iki milyon insan iş yerini itirib.

Bu olayın təhlükəli tərəfi ondan ibarətdir ki, iş yerləri əsasən böyük şəhərlərdə bağlanır. Bu isə çox təhlükəli proseslərə səbəb ola bilər. Ötən əsrin 90-cı illərindəki kömür mədənlərinin fəhlələrinin qiyamını indi yoxsullaşmış orta sinifin üsyanı əvəz edə bilər.

Bütün bu qorxunc ssenarilərin reallaşmaması üçün Moskva Niderland Ali Məhkəməsindən möhlət istəyir. Əslində isə bu, fəlakətin qarşısının alınması yox, onun bir qədər təxirə salınmasıdır. Çünki Rusiya bu pulu əvvəl-axır ödəməli olacaq. Əgər 5 il öncə Rusiya ona kəsilən 57 milyard dollar cəriməni ödəsəydi, indi qorxulu vəziyyətlə üzləşməzdi. Hər kəs anlayır ki, 57 milyard dolları ödəmək gələn il bu ilə nisbətən daha çətin olacaq. Buna görə də, məhkəmədən möhlət istəyən Rusiyanın bununla nəyə nail olmaq istədiyi də tam məlum deyil.

Yeri gəlmişkən, YUKOS şirkətinin sabiq səhmdarlarına 57 milyard dollar ödəmək imkanında olmayan Rusiyaya qarşı daha böyük bir iddia hazırlanır. Ukrayna Krımın və Donbasın ilhaqına görə Rusiyaya qarşı 500 milyard dollarlıq təzminat davasına hazırlaşır.

 





31.10.2020    çap et  çap et