525.Az

Yara - Türkan Turan yazır


 

Yara - <b style="color:red">Türkan Turan yazır</b>

"Travma" yunan mənşəli kəlmədir. Mənası "yara" deməkdir. Hələ tibbin inkişaf etmədiyi o dövrlərdə travma keçirən insanın ruhunda, bədənində yara daşıdığına inanırdılar.

Doğrudan da, hər kəsin görünən və görünməyən yarası var. Hərə bir cür zədə alır, hamının zədəsi bir cür qanayır. Kimi içindən bölünür, kimi qəddi əyilməsin deyə möhkəm dayanmağa çalışarkən gücündən qırılır. Kimi xilas ola bilir, kimisi isə elə yıxıldığı yerdə qalır, dərdə-qəmə qarışaraq daşlaşıb gedir. Bəziləri isə ayağa qalxır, amma hər nəfəs alanda ürəyindən tutan sancı ilə, hər dəfə xatırladıqca mədəsinə dolan ağrı ilə yenidən qanayır. Zaman keçdikcə travma aldığı yer yox, təpədən dırnağa bütün bədəni sızıldayır.

Azərbaycan travmalara yad olmayan ölkədir. Tarix boyu, xüsusilə son otuz ildə açılan yarası bir gün olsun qaysaq bağlamadı. Bəzən ümidi öləzidi, bəzən inamı azaldı, amma heç vaxt yox olmadı. Xatırlayıram, Qarabağın işğalının ilk vaxtlarında babam günlərini gözünü AzTV-nin "Xəbərlər" proqramına zilləməklə keçirirdi. Əvvəl bütün buraxılışları izləyirdi. Getdikcə ümidini saat səkkizə "Ana xəbər"ə bağladı. Bir müddət beləcə keçdi. Bir gün babam hiss elədi ki, xəbərlərdə xüsusi nəsə deyilmir, elə hey atəşkəsin neçə dəfə pozulmasını, hər dəfə də bunun qarşı tərəfin əməli olduğundan bəhs edilir. Çox keçmədən ortalıqda xarici təşkilat nümayəndələri görünməyə başladılar, bu dəfə də bütün ümidini onlara bağlayan babamın solmuş çöhrəsinə bir işıq gəldi. İngilis dilində danışan nümayəndələrin danışığından bircə "Karabakh" kəlməsini anlayır, tərcüməçinin bütün cümlələri Azərbaycan dilinə çevirməsinə ehtiyac belə duymurdu. Əmin idi ki, onlar Qarabağın adını çəkirsə, deməli, məsələ tezliklə həll olacaq. Amma bu inam çox çəkmədi, çünki ortada sadəcə boş danışıqlar var idi, əməl yox. Sonra babam yeni informasiya vasitəsi tapdı. Evimiz qalaq-qalaq qəzetlərlə dolmağa başladı. Çünki həmin səhifələrdə televiziyadakından daha çox məlumat əldə edə bilirdi. Bir müddət də beləcə su kimi axıb getdi. Evə gələn qəzetlərin sayı azaldı, babamın ümidləri kimi... Qarabağın xiffəti getdikcə çoxalırdı. Nə edəcəyini bilmirdi. Nə içki içərdi, nə siqaret çəkərdi. Amma elə bir dönəm gəldi ki, babam dərd içməyə, qəm çəkməyə başladı. Cəbhəyə yaxın yerlərə gedib Qarabağın havasını içinə çəkməyə çalışırdı. Sonra bir gün Prezident Heydər Əliyev Bərdəyə gəldi. Babam onu hamı kimi qışın soyuğunda saatlarla gözlədi. Həmin gün Ulu öndərin çıxışını dinləyib-dinləmədiyini xatırlamıram, amma yadımda qalan odur ki, babam o gündən sonra özünü daha güclü, inamlı hiss etməyə başlamışdı. Həmin gün yaralarının üstünə ümid toxumları səpilmişdi və onu bəsləyirdi. Toxumlar cücərib şaxələndikcə "yarasının" üstünü örtür, görünməz edirdi. O vaxtdan sonra bir gün olsun Qarabağa dönəcəyinə şübhə etmədi. Amma ümid yetmədi, çünki dünyasını dəyişdi. Torpaqlar işğaldan azad olduqca babamı düşünürəm. Əgər sağ olsaydı və hər şeyi gözü ilə görsəydi... əminəm ki, bu dəfə sevincdən ürəyi dayanardı! Minlərlə insan babam kimi sülhə inanaraq, gözünü danışıqlar masasında oturanların ağzına dikərək, Qarabağ travması ilə köçüb getdi. Bəllidir ki, müharibədən yenicə çıxan və hər şeyini itirən insanlar müharibə istəmirlər. O da istəmirdi!

Çünki müharibənin ağır nəticələrinə, insana, insanlığa vurduğu mənəvi və maddi zərbələrə, ağrı-acılara yaxşı bələd idi. Nə vaxt və harada baş verməsindən asılı olmayaraq müharibə həmişə insanlara ölüm və göz yaşı gətirir. Bütün müharibələr bəşəriyyətə ağır, sarsıdıcı zərbələr vurur. Evlər dağıdılıb uçurulur, insanlar məhv olur. Tarixin atası adlandırılan Herodot müharibənin ağrı-acılarının insanlara vurduğu zərbəni belə xarakterizə edirdi: "Sülh zamanında oğullar atalarını dəfn edir, müharibə zamanı isə atalar oğullarını". Hə, müharibə çox amansızdır. Herodotun bu sözü deməyinin üstündən yüz illər keçib. Amma dəyişən elə də çox şey yoxdur. Yenə də savaşın ortasındayıq! Amma bizə başqa variant vermədikləri və  ayrı yolumuz olmadığı üçün savaşdayıq... Özü də indi sadəcə atalar oğulları yox, bütün ailəsini torpağa tapşırır. Qadınlar ərlərini dəfn edir. Gəncə, Bərdə, Tərtər, Goranboy, Ağdamda sivillərin başına bomba, raket ələnir. Dəhşətli mənzərələrə şahid oluruq! Hər dəfə insanların fəryadını, gözyaşlarını, qorxularını, qanlarını görəndə dünya gözümdə xarabaya çevrilir.

Tək təsəlli odur ki, milyonlarla insanın yarası sağalır, 30 illik travmadan qurtuluruq. "Gələn il Qarabağda...", "Gün o gün olsun ki, doğma torpaqlarımızda..." ilə başlayan arzular artıq gerçəkləşir. Amma başqa bir məqam da var. Sosial şəbəkələrdə didişmələr, davalar dinmək bilmir. Əslində, bütün savaş dönəmlərində belə olur, söz-söhbətlər artır, fərziyyələr alıb başını gedir. Hər cür siyasi ssenarinin yüksək səslə danışıldığı dönəmlər başlayır. Ağız deyəni qulaq eşitmir. Hamı bir-birini danlayır, hamı bir-birinə dərs keçir. Hamı bir-birini linç edir. Sözü qorxa-qorxa çıxardırsan ağzından. "Mən müharibə istəmirəm" deyənlər müharibə istəyənləri, əks tərəf də istəməyənlərlə savaşır. Bir-birilərini aşağılayır, təhqir edir, sosial şəbəkədə dişlərini qıcayanların önünə atırlar. Belə olmaz! Bu, alma ağacı əncir vermir deyə onu daşlamağa bənzəyir. Fikir də insanın məhsuludur. Düşüncəsindən dolayı kimisə qol-budaq etmək doğru deyil. Soyuqqanlı və sakit qalmaqda fayda var.

 





01.11.2020    çap et  çap et