525.Az

Zeytun yağı istehsalı xəttinin alınması - Telman Orucovun yazısı


 

Zeytun yağı istehsalı xəttinin alınması - <b style="color:red">Telman Orucovun yazısı </b>

Yunanıstan: səfər təəssüratları və zəngin keçmişi barədə düşüncələr

(Əvvəli ötən şənbə sayında)

Kerkira adası osmanlıların əsarəti altında olmamışdı. Rus admiralı F.F.Uşakov (1744-1817-ci illər) Fransaya qarşı 1778-1800-cü illərdə gedən müharibədə donanma ilə Aralıq dənizinə çıxanda Kerkirada olmuş və buradakı  qala mühasirəyə alındıqdan sonra, 1799-cu ildə ruslara təslim olmuşdu.

Kerkiralılar kritlilərə nisbətən daha qonaqpərvər və mehribandırlar, institutun direktoru bizi qayğı ilə əhatə etmişdi, adanı geniş şəkildə göstərməklə bizi sevdirmişdi. Bazar günü o bizi şəhərin baş meydanındakı çoxmərtəbəli evdə yerləşən mənzilinə qonaq dəvət etdi.

Köhnə mebellər və pianino olan qonaq otağına daxil olarkən qoca bir kişi bizə "Xoş gəlmişsiniz!" dedi.

Direktor atası ilə bizi tanış etdi, qonaqlarına hörmət əlaməti kimi Afinada yaşayan atasını da evindəki ehtiram tədbirinə dəvət etmişdi.

Evin xanımı süfrəyə cürbəcür salatlar, tərəvəzlər düzmüşdü. Sonra süfrəyə pilav və çilav gətirildi. Xanım izah etdi ki, bu xörəklər türklərdən götürülmüşdür, yəqin etdik ki, bizim plova və çilova bənzəyirlər. Yunanlar türk mətbəxinə hörmətlə yanaşır və əxz etdikləri də az olmamışdır. Dostum Pavlikin anası bizi onun Moskvadakı evində "yalançı dolmaya" qonaq etmişdi. Bu dietik xörəkdə pomidora, bibərə və badımcana ət əvəzinə çox sayda göyərtilər doldurulur. Bu xörəyin də türklərdən götürülməsi ev sahibləri tərəfindən qeyd olundu.

Axşam tərəfi şəhərin baş meydanında gəzərkən burada aparıcı siyasi partiyalardan biri olan PASOK seçkiqabağı mitinq keçirməyə hazırlaşırdı. Çox sayda plastik stullarda əyləşmiş adamları mitinqə qədər məşğul etmək üçün səhnədə A.P.Çexovun "Vanya dayı" pyesinin tamaşasını göstərirdilər. Reaksiyadan görünürdü ki, böyük rus yazıçısının dram əsəri onlara heç də yad deyildir.

İnstitutun kollektivi bizi iki meşəli dağ arasında yerləşən "Tripa" adlı ("Deşik" mənasını verir) açıq havadakı restorana dəvət etdi. Süfrəyə hədiyyə kimi "Şirvan" konyakı qoyduq. Lakin yunanlar spirti içkiyə elə də meylli deyillər. Məclisin sonunda vur-tut 150 qrama yaxın konyak içilmişdi, qonaqların sayı isə 20-dən çox idi.

Yunanlar zeytun yağını çox sevirlər, xörək bişirilməsində kərə yağından istifadə etmirlər. Hətta tərəvəz salatına üstünə çıxana qədər yağ tökürlər. Salat yeyilib qurtardıqda kasada qalan yağa çörəyi batırıb iştahayla yeyirlər. Bu məsələdə onlar qurutlu xəngəlin aludəçiləri olan bizim qazaxlıları xatırladırlar. Xəngəl boşqabda deyil, iri porsiya kimi buludda verilir. Qazaxlı son xəngəl yarpağı ilə buluddakı yağı siyirib ləzzətlə onu yeməyə başlayır. Yunanlarla qazaxlıların yağa münasibətində elə bir fərq yoxdur.

Yunan musiqisi olduqca böyük emosional təsir bağışlayır, onda qəmgin, minor melodiyalar üstünlük təşkil edir. Müğənnilərin səs tembri də qüssəni, kədəri ifadə etməyə uyğun gəlir və ifa olunan mahnılar dinləyicini öz təsiri altına ala bilir. Bir müğənninin ifasında eşitdiyim "Tomaxeri" mahnısı mənə çox xoş gəlmişdi. Mahnının "Bıçaq" adı təəccübümə səbəb oldu. Səmimi etiraf edirəm ki, yunan musiqisinin həzinliyi ürəyimin kreşendosunu gücləndirirdi.

Yunanlar qədim Romaya ədəbiyyatı, incəsənəti, teatrı, arxitekturanı, fəlsəfi bilikləri gətirmişdi. Lakin b.e.ə. III əsrdən başlayaraq Romada əxlaq pozğunluğu meylləri gücləndi və bu məsələdə onlar yunanların mənfi təsirini ön plana çəkirdilər. Romanın görkəmli siyasi xadimi Böyük Katon (b.e.ə. 234-149-cu illər) əxlaqın korlanmasının yunanların təsirinin nəticəsi olduğunu qeyd edərək, Romanın köhnə qaydalarının bərpasını və saxlanılmasını təbliğ edirdi.

Müasir yunanlar əcdadlarının qiymətli irsi ilə fəxr etdikləri halda, qədim dövrlərdə əxlaqa yüngül münasibət bəslənməsi hallarını ənənələr cərgəsindən silib çıxarmışlar. Bu işdə ortodoks dini də pozitiv fəaliyyət göstərir. Avropanın digər ölkələrində əxlaq tabularına əhəmiyyət verilməməsinin əksinə, Yunanıstanda nə intim yaxınlığa xidmətlə əlaqədar malları satan mağazalara və nə də pornoqrafik ədəbiyyata rast gəlinir.

Roma yunanların elmə, təhsilə münasibətdəki nümunələrindən çox şey götürmüşdü. Yunan qullar varlı ailələrin uşaqlarına evlərdə müəllimlik edir, həkimlik praktikası ilə məşğul olurdular. Yaradıcı insanlar da yunan fəlsəfəsindən, ədəbiyyatından çox şey öyrənirdilər. Qədim Romanın məşhur siyasi xadimi, natiqi və filosofu Mark Tulli Siseron (b.e.ə. 106-43-cü illər) qədim yunan fəlsəfəsinə və siyasət elminə arxalanaraq siyasət, fəlsəfə və ritorika haqqında 19 traktatdan ibarət qiymətli əsərlər yaratmışdı. O, yunan fəlsəfə nəzəriyyəsində ona əhəmiyyətli görünənləri toplayaraq, onlardan geniş istifadə etmişdi. Onun fəlsəfi əsərləri təkcə müasirlərini deyil, Orta əsrlərdəki və Yeni tarixdəki nəsilləri də yunan fəlsəfəsi ilə tanış etmişdi. Platonun əsas fəlsəfi ideyalarının tərəfdarı olmaqla, o ən yaxşı qanunvericiliyə malik olan nümunəvi dövlətin mənzərəsini təsvir edirdi. O, yunan mədəniyyətinin əhəmiyyətinə dərindən əmin olduğundan, təhsil mənasında "humanitas" sözündən istifadə edərək, güman edirdi ki, yalnız təhsilin hesabına insan olmaq olar. Natiqlikdə də onun üçün nümunə rolunu böyük yunan natiqi Demosfen oynayırdı. O, Antoniyə qarşı mübarizəsində Demosfenin nitqlərini təqlid etmək qaydasında, onun çıxışlarının da adını götürərək, 14 "filippika" yazmışdı.

Romanın təmsilçi şairi Fedr (b.e.ə. 15- b.e. 70-ci illəri) yunan təmsilinin banisi Ezopun mövzularından istifadə edərək əxlaqi mövzuda güclü şeirlər yazmışdı. Böyük yunan tarixçisi Plutarx (b.e. 46-119-cu illər) Romada müəllimlik etmiş, böyük yaradıcılıq irsi qoyub getmişdir. Ayrı-ayrı böyük şəxsiyyətlərin müqayisəli tərcümeyi-hallarını isə müasir madam Tyüsso muzeyinin eksponatlarının dəqiqliyini andıran bir qaydada yazmışdır.

Kerkirada biz "Axilleon" adlanan saray və bağla tanış olduq. Onlar Avstriya imperatoru Frans İosifə (1830-1916-cı illər) məxsus idi. İmperatorun istirahət sarayının birinci mərtəbəsində onun iş otağı yerləşir. Otaqda yazı stolunun arxasındakı kreslo at yəhəri formasında idi. İmperatorun ayaqları qüsurlu olduğundan yəhər üstündə oturub işləməyi sevirmiş. Saray və bağ imperatorun qədim yunan mifologiyasının pərəstişkarı olan arvadının təşəbbüsü ilə tikilmiş və salınmışdı. Bağ yaşıllığa bürünmüşdür və qədim mifologiya qəhrəmanlarının heykəlləri ilə doludur. Sarayın və bağın adı da xanımın istəyinə müvafiq olaraq Homerin qəhrəmanı Axillesin şərəfinə "Axilleon" adlandırılmışdı. Lakin qadın faciələrdən uzaqlaşa bilməmişdi. Oğlu sevdiyi qızla evlənməyinə atası icazə vermədiyinə görə intihar etmişdi. Qadının özü də Cenevrə gölü ətrafında gəzərkən 1898-ci ildə güllə atəşi ilə qətlə yetirilmişdi.

Kerkiranın təbiəti dənizin əhatəsi ilə birlikdə özünün "Cənnət" adını bütünlüklə doğruldur. Adadakı təpələr yaşıllığa bürünmüşdür, onların içərisindəki dar yolla avtomobildə hərəkət edərkən gözlərin qarşısında füsunkar mənzərə açılır. Dənizin göz yaşı kimi duru suyunun səthi, alt qatdakı yosunların hesabına üç rəngdə - mavi, qara və yaşıl rənglərdə görünür. Fransız şairi Pol Verlen təsvir vasitəsi kimi rəngləri inkar edərək ona hər şeyi ifadə edən çaları (la nuanse) verməyi xahiş edirdi. Gözlərimiz önündə gözəllik haləsinə bürünmüş rənglərdə isə onlarla çaları müşahidə etmək mümkün idi.

Ölkənin iki adasına səfərdə biz öz düşüncələrimizin real təzahürləri ilə tanış olmaq imkanı əldə etdik və təəssüratlarımız bu ölkənin, onun qədim mədəniyyəti barədə, az-çox bildiklərimizi xeyli möhkəmləndirirdi. 

Zeytun yağı istehsalı xəttinin alınması

Biz Afinada olarkən əyalət şəhərində zeytun yağı zavodu üçün avadanlıqları və  bütöv xətt istehsal edən zavodun sahibi ilə görüşdük və belə bir xətti almaq barədə məqsədimizi ona çatdırdıq. Biz başqa müəssisələrin satış təkliflərini də gözdən keçirmişdik və sonuncu ilə iş görməyi məqsədəuyğun hesab etmişdik. Çünki onun təklif etdiyi istehsal xəttinin avadanlıqları bizim istəyimizə uyğun idi, ən başlıcası isə başqalarından xeyli ucuz idi. Sövdələşmənin müzakirəsi uzun çəkdi və biz minimum qiymətə belə avadanlıq kompleksini almağa razılıq verdik. Birgə qərara gəldik ki, respublika nazirliyinin mütəxəssisi xətti zavodda qəbul edib, oradan Sovtransavtonun iri yük maşınlarına yükləyib, Bakıya göndərəcəkdir.

Nazirlikdə avadanlığın qəbul edilməsinə kimi göndərmək məsələsi müzakirə edildikdə, hamı "Baş mexanik" idarəsinin rəisi Mübariz Süleymanovun adını çəkdi. Çünki o, 1982-1983-cü illərdə İtaliyadan alınmış iki nar emalı zavodunun avadanlıqlarını Milanda qəbul edib, Sovtransavto maşınları ilə Bakıya göndərmişdi. Həmin zavodların avadanlıq kompleksinin tamlığı barədə heç bir çatışmazlıq və ya problem meydana çıxmamışdı. Bu dəfə də həmin mütəxəssisin fərasətli tərpənməsi hesabına, zeytun yağı emalı xətti oktyabr ayının əvvəllərində Zabrat zavoduna gəlib çıxmış və orada montaj-quraşdırma işinə başlanmışdı. Dekabr ayında isə zavodda artıq keyfiyyətli zeytun yağı istehsal edilirdi.

(Ardı var)

 





02.11.2020    çap et  çap et