525.Az

"Azərbaycanla Pakistanı çox sıx tarixi tellər bağlayır" - Eynulla Mədətli ilə müsahibə


 

"DOSTLUQ VƏ QARDAŞLIQ ƏLAQƏLƏRİMİZ HƏM ETNİK KÖKLƏRDƏN VƏ MƏNƏVİ-DİNİ BAĞLILIQDAN, HƏM DƏ SİYASİ-HƏRBİ YAXINLIQDAN QAYNAQLANIR"

"Azərbaycanla Pakistanı çox sıx tarixi tellər bağlayır" - <b style="color:red">Eynulla Mədətli ilə müsahibə</b>

1-ci HİSSƏ 

Qarabağ münaqişəsi, Haqq Savaşımız Azərbaycana həm də dost-düşmənini tanımaq baxımından fürsət yaratmış oldu.

Bu xüsusda biz Türkiyəylə yanaşı, bir sıra ölkələrin də dostluq mövqeyini gördük, güclü dəstəyini hiss etdik. Onların sırasında dost və qardaş Pakistan dövləti önə çıxdı. Pakistan hər zaman öz dəstəyini dövlətimizə və xalqımıza fəal şəkildə göstərməkdədir.

AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, Azərbaycanın Pakistan İslam Respublikasındakı keçmiş Fövqəladə və Səlahiyyətli səfiri Eynulla Mədətli ilə məhz bu mövzuda söhbətləşdik.

Tanınmış alim və diplomat E.Mədətli Pakistan-Azərbaycan münasibətlərindən, bu münasibətlərin tarixi köklərindən ətraflı şəkildə söz açdı.
 

***

- Eynulla müəllim, konkret suallara keçməzdən öncə, Pakistanda illərlə yaşamış və çalışmış səfir və alim kimi, bu dost və qardaş ölkəyə marağınız, Azərbaycan-Pakistan münasibətlərinin yeni dövrü haqqında ümumi fikirlərinizi, təəssüratınızı bilmək istərdik.

- Şübhəsiz ki, Azərbaycana dost dövlətlər içərisində Türkiyədən sonra tam əminliklə qardaş deyə biləcəyimiz ikinci ölkə Pakistan İslam Respublikasıdır. Pakistanla tanışlığım, əlbəttə, Ulu Öndərimiz Heydər Əliyevin 2002-ci ildə məni həmin ölkəyə fövqəladə və səlahiyyətli səfir təyin etməsi ilə birbaşa başladı. Ancaq bundan əvvəl İranın Təbriz şəhərində Azərbaycanın təyin olunmuş ilk baş konsulu və Tehranda Azərbaycan səfirinin müşaviri olaraq çalışdığım zaman, yəni 1996-2001-ci illər arasında, şübhəsiz ki, region ölkəsi kimi Pakistanla da maraqlanırdım. O zaman Əfqanıstan hadisələrinin də gur vaxtı idi. Orda güclü siyasi proseslər gedirdi. Bu və ya digər dərəcədə həmin proseslər İran və Pakistanla əlaqəli idi. Ona görə də Pakistana məndə xüsusi maraq o illərdən yarandı. Daha güclü marağım isə başqa bir hadisəylə əlaqədardır. Belə ki, 2000-ci ilin iyununda Ümummilli Lider Heydər Əliyev İrana işgüzar səfər etmişdi. İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) sammitində dövlətimizin başçısını müşayiət edirdik. Onda Pakistanın İrandakı səfiri məlumat verdi ki, Pakistan rəhbəri Pərviz Müşərrəf cənab Heydər Əliyevlə görüşmək istəyir. O zaman Pərviz Müşərrəfə hələ prezident demirdilər. Çünki o, ölkəsində çevriliş edib, prezidenti istefaya göndərib, baş naziri vəzifəsindən uzaqlaşdırıb, konstitusiyanın hökmünü dayandırıb, hakimiyyəti öz əlində birləşdirərək ölkədə icraedici hakimiyyətin başçısı olmuşdu. Amerika və Avropa ölkələri bu hadisələrə Pərviz Müşərrəfin hərbi qiyamı kimi baxırdılar. Əslində isə bu, hərbi qiyam deyildi, keçmiş hökumətin ciddi səhvləri nəticəsində yaranmış bir vəziyyət idi. Bu durumlara görə digər ölkə başçıları hələ Pərviz Müşərrəfi qəbul etmir, onunla əlaqə qurmaq istəmirdilər. Buna baxmayaraq, Heydər Əliyev həmin təklifi qəbul elədi və o görüş Tehranda baş tutdu. Bu, çox əhəmiyyətli bir görüş idi və mən deyərdim ki, 2000-ci ildən sonra Azərbaycan-Pakistan əlaqələrindəki həlledici rolu məhz o görüş oynadı.

Doğrudur, bu iki ölkə arasındakı münasibətlər daha əvvəldən başlamışdı, Ulu Öndərin dəvəti ilə Pakistan prezidenti Faruk Əhməd xan Leqari ölkəmizdə səfərdə olmuş, bir il sonra 1996-cı ilin aprelində Heydər Əliyev Pakistana rəsmi səfər etmiş, Prezidentlə, Baş nazir Benazir Bhutto ilə səmərəli görüşlər keçirmişdi. Lakin Pakistanda yeni siyasi şərait yaranmış, ordu hakimiyyətə əl qoymuşdu və siyasətdə prinsip və ardıcıllığın tərəfdarı olan Ulu Öndər ən doğru qərarı qəbul etdi və bunun gələcək qarşılıqlı münasibətlərdə əvəzsiz rolu oldu. Bu görüşdən bir müddət sonra, daha doğrusu 2002-ci ilin aprelində Azərbaycan və Pakistan Müdafiə nazirlikləri arasında müdafiə və hərbi sahədə əməkdaşlıq Protokolu imzalandı. Həmin ilin  oktyabrında isə İstanbulda Ulu Öndərin indi artıq qanuni prezident seçilmiş Pərviz Müşərrəflə təkrar görüşü oldu. Cənab İlham Əliyev Prezident seçiləndən sonra həm eyni kursu ardıcıllıqla davam etdirdi, həm də daha irəliyə apardı. Bir sözlə, Azərbaycanla Pakistanı çox sıx tarixi tellər bağlayır. Pakistan bir çox cəhətdən bizim üçün olduqca önəmli ölkədir.

- Azərbaycan-Pakistan siyasi və mədəni əlaqələrinin tarixi kökləri haralara gedib çıxır?

- Müasir Pakistan bir dövlət kimi 1947-ci ildə Hindistan yarımadasında Britaniyanın burada müstəmləkəçilik siyasətinin başa çatması və bu bölgədə Hindistan və Pakistan adlanan iki dövlətin formalaşdırılması ilə yaradılıb. Britaniya hakimiyyəti dini mənsubiyyət əsasında Hind yarımadasındakı müsəlmanların üzun illər müstəqil dövlət qurmaq sahəsində mübarizəsini nəzərə almalı olmuşdu və beləliklə Pakistanın indiki coğrafiyasında əsasən müsəlmanların sakin olduğu yerləri əhatə edən bu dövlət qurulmuşdu. Bu zaman hindlilərin Pakistandan Hindistana, müsəlmanların da bir qisminin oradan Pakistana köçürülməsi prosesi baş vermiş, çoxlu faciələr də yaşanmışdı. Nəzərə alınmalıdır ki, indi də Pakistan və İndoneziyadan sonra müsəlmanların ən çox yaşadığı ölkə məhz Hindistandır. Ümumən, bu coğrafiyada yaşayan pəncablıların, sindlərin, belucların, kəşmirlilərin, puştuların, urdu dilində danışan türk-fars-ərəb mənşəli əhalinin -  indiki adla desək,bütöv Pakistan xalqının bizimlə çox qədim tarixi əlaqələri olub. Məsələn, eradan əvvəl 1-ci əsrdən eramızın 3-cü əsri də daxil olmaqla Pakistan və bütün Türküstan, yəni biz və indiki Mərkəzi Asiyadakı türk cümhuriyyətlərinin yerləşdiyi ərazi Kuşan adlı vahid imperiyanın tərkibində idilər. 4-cü əsrdə indiki Pakistanın Pəncab və Sind əyalətlərində türklərin ulu babalarından  sayılan hunlar, əsasən də ağ hunlar hakim idilər. 7-ci əsrin ortalarından sonra həm bizim coğrafiyada, həm də hind yarımadasında ərəblər islam dinini yaymağa başladılar. İslamın gəlişiylə bu ərazilərdə ortaq mədəniyyət yarandı. Bu da öz təsirini göstərdi.

Ərəb Xilafəti zəifləyəndən sonra ayrı-ayrı ərazilərdə yeni müstəqil dövlətlər yaranmağa başladı. Belə bir şəraitdə orta Asiyada Sultan Mahmud Qəznəvinin başçılığı ilə Qəznəvilər dövləti yarandı. Uzun illər Pakistan ərazisi bu türk dövlətinin tərkibində qalıb. Hətta Pakistanın ikinci böyük şəhəri, siyasi-mədəni mərkəzi Lahor təxminən 35 il ərzində həmin dövlətin paytaxtı olub. Beləliklə, türk elementi bu dövrdə daha da gücləndi. Sonrakı dövrlərdə, XIV əsrin sonlarında  Əmir Teymurun yürüşləri də türk amilini diri saxladı. 1501-ci idə Şah İsmayılın başçılığı ilə Azərbaycan Səfəvilər dövləti yarandı. Çox keçmədən bu dövlət Azərbaycan hüdudlarını aşaraq böyük imperiyaya çevrildi. Belə bir zamanda Şərqdə Böyük Muğal İmperiyası yaranırdı. Buna Azərbaycan ədəbiyyatında Moğol da deyirlər. Bu dövləti quran Zahiruddin Babur da türk idi. Şah İsmayıl 1510-cu ildə özbək Şeybani xanla Mərv yaxınlığındakı döyüşdə əsir düşən Baburun bacısını böyük ehtiramla geri göndərir. Bu hadisədən sonra Baburla Şah İsmayılın dostluğu başladı. Bu dostluq daimi oldu. Babur 1525-ci ildə Dehliyə gedərək Böyük Muğal dövlətinin yaranmasını elan etdi. Səfəvilər dövlətiylə də həm diplomatik, həm də dostluq səviyyəsində sıx əlaqə qurdu. 1530-cu ildə Baburun ölümü ilə oğlu Humayun taxta çıxdı. 10 ildən sonra əfqanlar üsyan qaldırıb onu taxtdan saldılar. Humayun ailəsi və yaxın adamlarıyla birgə Təbrizə - Səfəvi sarayına pənah gətirdi. O zaman Şah İsmayılın oğlu Şah Təhmasib hakimiyyətdə idi. O, Humayunu çox böyük ehtiramla qarşıladı. 15 il Humayun burda qaldı və himayə olundu. 1555-ci ildə Şah Təhmasib azərbaycanlılardan ibarət 12 minlik qızılbaş ordusunu Budaq bəy Qacarın başçılığı ilə onun ixtiyarına verdi. Bununla Humayun Dehliyə hücum edib yenidən taxtına sahib oldu.  Bir sözlə Pakistanın tarixi Muğal İmperiyasının tarixidir. Yəni, Azərbaycanın tarixi dövləti olan Səfəvilərin köməyi olmasaydı, Muğal İmperiyası bərpa edilməyəcək və yaşamayacaqdı. Hazırda Azərbaycanla Pakistanın dostluq və qardaşlıq əlaqələri həm etnik köklərdən və dini-mənəvi bağlılıqdan, həm də siyasi-hərbi yaxınlıqdan qaynaqlanır.

Humayun Təbrizdə olarkən Azərbaycan mədəniyyətinə, ədəbiyyatına o qədər vurulmuşdu ki, vətəninə qayıdandan sonra buradan yüzlərlə incəsənət adamını, memarını, xəttatını, miniatürçülərini ölkəsinə dəvət elədi, onlar indiki Pakistan və Hindistana mənsub olan böyük bir ərazidə çox mühüm işlər gördülər.

Yaxud islam mədəniyyəti baxımından bağlılığımıza nəzər yetirək. Məlumdur ki, İslam dini yayıldıqca onun müxtəlif təriqətləri yaranırdı. Azərbaycanda sufizm çox güclü idi. Şihabəddin Sühraverdinin təlimi və digər sufi ideyaları eynilə Hindistan yarımadasında da yayılırdı. Məsələn, sufiliyin  məşhur simalarından olan  olan Şəms Təbrizinin bir məqbərəsi Konyada-Mövlana Cəlaləddin Ruminin yanında, biri də Pakistanın Multan şəhərindədir. Mən Pakistanda işləyərkən, təbii ki, ölkəyə daha yaxından bələd olmaq üçün imkan qədər bütün bölgələrə səfər edirdim və Multan şəhərində də oldum. Çünki Multanla bizim ölkəni bağlayan başqa əlaqələr də vardı. Şəms Təbrizinin məqbərəsini ziyarət edəndə orda yüzdən çox dərviş gördüm. Hamısı Şəmsi ziyarətə gəlmişdilər. Bir çoxumuz dərvişləri folklordan, ədəbiyyatdan tanıyırıq. Amma onlar geyimləri, saçları, çiyinlərindəki heybələriylə tipik, real həyatdakı dərvişlər idilər. Onlar dizin-dizin Şəmsin məqbərəsinə yaxınlaşır, ətrafına dolanırdılar. Yəni, Şəmsin məqbərəsi Pakistanda sufi dərvişlərinin ibadət yeridir.

Eləcə də Azərbaycanın digər şairləri, filosofları, elm adamları Hind yarımadasında tanınırdı, sevilirdi. Əmir Xosrov Dəhləvi Nizami Gəncəvidən ruhlanaraq Xəmsə yaratmışdı. Məsələn, 17-ci əsrdə yaşamış Azərbaycan şairi, alimi Saib Təbrizi 1630-cu ildə Muğal İmperatoru Şah Cahanın sarayına dəvət olunmuşdu, şahın ailəsi, övladları tərəfindən çox tanınır, sevilirdi. Onun epik poemaları, qəsidələri, xüsusilə "Qəndəharnamə" əsəri geniş yayılmışdı.Yeri gəlmişkən, Şah Cahanın vaxtsız vəfat etmiş həyat yoldaşı Mümtaz xanımın xatirəsinə inşa etdirdiyi və dünyanın yeddi möcüzələrindən sayılan Tac Mahal məqbərəsinin də memarı türk İsa Əfəndi idi.Eləcə də şair və həkim Ruqnəddin Məsihi (Doktor Ruqna) Muğal İmperatorları Əkbər Şahın, ondan sonra Cahangir Şahın sarayında hökmdarın şəxsi həkimi idi.

Şahanə MÜŞFİQ

 





02.11.2020    çap et  çap et