525.Az

Şuşa sizin üçün nədir? - Mövqe


 

Şuşa sizin üçün nədir? - <b style="color:red">Mövqe</b>

Bu günlər Feysbukda dolanarkən iqtisadçı alim Qubad İbadoğlunun belə bir statusuna rast gəldim: "Şuşa sizin üçün nədirsə, şərhdə yazın. Ən çox bəyənmə alana muştuluq məndən!"

Mən hələ ilk cümləni oxuduğum andan "Şuşa sənin üçün nədir?" sualını özümə də verdim və bu sualın nə dərəcədə məsuliyyətli olduğunun fərqinə vardım. Bu məsuliyyətin altına girən minlərlə şəxs statusa rəy yazmışdı. Demək olar ki, rəylərin hamısını oxudum. Bu mənə sanki kitab oxuyurmuşam kimi bir təsir bağışladı - bir rəyi oxuyanda tələsirdim ki, digərini oxumağa keçim. Ən bəyəndiyim rəyləri özüm üçün də qeyd edirdim, necə ki, kitab oxuyanda sevdiyin cümlələrin altından xətt çəkirsən və altından xətt çəkdiyin həmin cümlələrdə özünü tapırsan. Mən də bir şuşalı olaraq, aşağıdakı rəylərdə özümü tapa bilmişdim:

- Açığı, bunadək alçaq olan Milli qürurumuzu qaytaran yüksəklik. (Rüfət Səfərov)

- Məğlubiyyətimizin qisası, Qürurumuzun doğuşu... (Sirus Ahmedtürk)

- Sevinci ilə "əyilmiş qədd-qamətimizi düzəldəcək" Vətənimin düşmüş qaşıdır. (Sugra Jafarova)

- Heç vaxt görmədiyim, hər işğal günündə kövrəldiyim, Basqala bənzətdiyim, kübarlar məskəni! (Elvin Basqallı)

- Şuşa qəfəsə salınmış, düşmənin hər alçaqlığına şahid olub çırpınan, qəfəsdə susan və nəhayət, azadlığına qovuşmuş bülbüldür. (Cəbrayıl Vəliyev)

- Cıdır düzündə Bayatı-Şirazı dinləyərək Qarabağın havasını ciyərlərimə çəkmək. (Zafir Azadov)

- Türkiyə üçün Çanaqqala nədirsə, Şuşa da bizim üçün odur. (Teymur Sarmuradi)

- Şuşa cümlənin sonundakı nöqtədir. (Rizvan Qənbərli)



- Çöldən gəlirsən evə, ananı görmürsən. O otağa baxırsan, yoxdur, bu otağa baxırsan, yoxdur. Dözməyib evdəkilərdən soruşursan ki, anam hanı? Onlar da deyir, qonşuya gedib, indi gələr. Qonşuda olduğunu bilirsən və rahatlayıb səbirlə gözləyirsən ki, indi gələcək. Aradan 30 dəqiqə keçməmiş anan gəlir və sən ona elə sarılırsan ki, sanki çoxdandır heç görməmisən. Şuşa Azərbaycanın və azərbaycanlıların 30 dəqiqəliyinə qonşuya getmiş anasıdır! (Nüşabə Məmmədova)

- Şuşa bu ölkədə yaşayan hər bir kəsin dini, irqi, milliyyətindən asılı olmayaraq ləyaqət məsələsidir. Şuşa erməni üçün şəhər, Azərbaycan üçün mədəniyyət incisi, itirilməsi həzm edilməyəcək vətən parçasıdır. (Nemət Orucov)

- Şuşa mənim üçün milli qürur və milli ləyaqət nümunəsi, mədəniyyətimizin beşiyi, vətənimizin hər bir diyarı kimi müqəddəs bir məkan və bütöv Azərbaycanın bərpası xəyalımızın ilk addımıdır. (Teymur Mirzəbəyli)

- Şuşa 28 ildir atamın yuxularında sayaqladığı gerçəyimizdir. (Anar Ağazadə)

- Şuşa bizim ruhumuzun şəhəridir. Onu azad edəndən sonra biz xalq olaraq yenidən doğulacağıq. Azərbaycan dünyanın ən gözəl ölkəsinə çevriləcək. (Şahin Əliyev)

 





03.11.2020    çap et  çap et