525.Az

Haqq savaşında tam qələbəmiz uzaqda deyil - Kərim Tahirov yazır


 

Haqq savaşında tam qələbəmiz uzaqda deyil - <b style="color:red">Kərim Tahirov yazır </b>

Bu gün Azərbaycan özünün yeni tarixini, real tarixini və zəfərlər tarixini yazır. Bu günlərin sevincini yaşadığıma görə mən bir vətəndaş kimi özümü xoşbəxt sayıram.

Təəssüflə qeyd edirəm ki, mən ötən əsrin 90-cı illərinin əvvəllərində xalqımızın düçar olduğu nisgilli günləri də, o kədərli günlərin acısını çəkən insanların ölkəmizdə hökm sürən özbaşınalığın, hərcimərciliyin, səriştəsizliyin, tayfa davasının qurbanı olduğunu da öz gözlərimlə görmüşəm. Bugünkü uğurlarımızı da, bu uğurlarımıza görə canından keçən cəsur və qəhrəman əsgərlərimizi də görürəm, böyük inam və qətiyyətlə onları qələbəyə aparan Ali Baş Komandanımızı da! İnanıram ki, gələcək nəsillər onları böyük fəxrlə həmişə yad edəcək, onların qəhrəmanlıqları ilə və bu fədakar insanların nəvə-nəticələri olmaqları ilə öyünəcəklər!

Bu gün isə Azərbaycandakı birliyi, həmrəyliyi, vətənpərvərliyi, bütün xalqın cənab Prezidentimizin, Ali Baş Komandanımızın ətrafında sıx birləşdiyini görəndə qəlbim fərəhlə dolur, sevincim yerə-göyə sığmır! Doğma Azərbaycanımız heç vaxt bu qədər yekdil, bu qədər həmrəy və bu qədər güclü olmamışdır! Zənnimcə, bu gücün mənbəyi də  xalqla rəhbərin, ordunun birliyindədir. İkinci Qarabağ savaşının, Vətən Müharibəsinin davam etdiyi bir aydan artıq olan qısa müddət ərzində Azərbaycan ordusu çox böyük uğurlar qazanmışdır, cəsur və qorxmaz Azərbaycan əsgəri düşmən tapdağındakı torpaqlarımızı kəndbəkənd azad edərək inamla hamımızın fəxri, Qarabağın tacı olan Şuşaya doğru irəliləyir. Bu müharibə xalqımızın haqq savaşıdır, zəfər tarixidir. Məhz buna görə də Ulu Tanrı bizimlədir, Haqqın yanındadır!

Bu gün dünyanın bir sıra vicdanlı hərbi ekspertlərini də heyrətə gətirən şanlı zəfərlərimizin gücü, mənbəyi bizim haqq-ədalət uğrunda vuruşmağımızda, heç zaman olmadığı kimi, xalqla dövlətin, Prezidentimizin, Ali Baş Komandanla, Azərbaycan ordusu ilə, qəhrəman əsgərlərimizlə xalqımızın birliyindədir, həmrəy olmasındadır, hamımızın qələbə naminə yumruq kimi birləşməyimizdədir. Əks halda Azərbaycan ordusu cənab Ali Baş Komandanın rəhbərliyi altında qısa bir müddət ərzində ATƏT-in, onun Minsk qrupunun və dünyanın üç  güclü dövlətinin təmsil olunduğu həmsədrlər institutunun 28 il ərzində edə bilmədiklərini (bəlkə də etmək istəmədiklərini) edə bilməzdi.

İkinci Qarabağ müharibəsi mənfur Ermənistanın iç üzünü də açdı və onun bəzi havadarlarının məkirli planlarını da darmadağın etdi, əsl həqiqəti ortaya qoydu, kimin hansı məssəbə qulluq etməsini də meydana çıxartdı, hamının iç üzü açıldı. Üzdə sülh effekti yaratmağa çalışan ölkələrin arxada erməni işğalçılarını silahlandırdığı və əslində Ermənistanın işğalçılıq planlarına rəvac verdikləri məlum oldu. Hörmətli cənab Prezidentimiz, Ali Baş Komandan xalqa müraciəti zamanı "Kimdir Ermənistanı silahlandıran, kim verir onlara bu qədər silah-sursatları?" deyərkən, dəqiq ünvanları nəzərdə tuturdu və bu sirr deyil ki, bu ünvanları hamı tanıyır.

Çox təəssüf ki, bu gün bir sıra ölkələr "kar" və "kor" olduqlarını, sanki heç nəyi görmədiklərini və heç nəyi eşitmədiklərini nümayiş etdirirlər, əslində isə onlar hər şeyi görürlər də, eşidirlər də. Lakin burada "ikili standartlar" amili ortaya çıxır və onlar sanki nə Gəncə qətliamlarını, nə Bərdə vəhşiliklərini nə görürlər, nə də eşidirlər, amma əslində hər şeyi görürlər və onlara sərf etmədiyinə görə özlərini görməməzliyə vururlar. Şuşada bir kilsənin kümbəzinə dəyən qəlpənin açdığı kiçik oyuğu çəkib bütün dünyaya vandalizm aktı kimi "sırıyan" erməni havadarları Dağlıq Qarabağda bizim yüzlərlə məscidlərimizin və digər dini inanc yerlərimizin dağıdılmasını və  təhqir olunmasını, 976 kitabxanamızın 3,6 milyon nüsxə qiymətli kitab fondlarının vəhşicəsinə yandırıldığını, 22 muzeyimizin nadir əşyalarının talanaraq dünya hərraclarında satıldığını, yüzlərlə tarixi abidələrimizin dağıdılaraq yerlə-yeksan olunduğunu görmürdülərmi? Niyə susurdular? Budurmu ədalət? Bu insanlığa, bəşəriyyətə qarşı cinayət deyildirmi?!

Azərbaycan, Azərbaycan ordusu, Azərbaycan əsgəri Ali Baş Komandanının rəhbərliyi altında bu gün dünya düzəninin yeni tarixini yazır, işğal altında olan Vətən torpaqlarımızın azad olunmasını təkbaşına təmin edir, xalqımızın, ordumuzun zəfər salnaməsini yazır, yeni reallıq yaradır! Və inanıram ki, işğalçı Ermənistanı dəstəkləyən dünya gücləri Azərbaycanın qardaş Türkiyə Cümhuriyyətinin mənəvi dəstəyi ilə yaratdığı bu reallıqla gec-tez barışmalı olacaqlar!

Qarabağ Azərbaycandır!

Zəfərləriniz mübarək, Azərbaycan əsgəri, Azərbaycan Prezidenti!

 





03.11.2020    çap et  çap et