525.Az

"Fədakar tədqiqatçı-alim" işıq üzü görüb


 

"Fədakar tədqiqatçı-alim" işıq üzü görüb<b style="color:red"></b>

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor, Asif Rüstəmli haqqında "Fədakar tədqiqatçı-alim" kitabı çap olunub.

Kitabda ədəbiyyatşünas-alim, entuziast tədqiqatçı Asif Rüstəmlinin həyatı, yaradıcılığı, əsərləri haqqında Türkiyə və Azərbaycan alimlərinin elmi məqalələri, rəyləri, yerli və xarici mətbuatda dərc edilmiş publisistik yazılar, informasiyalar, rəsmi təbriklər, poetik düşüncələr öz əksini tapıb. Toplu Ədəbiyyat İnstitutunun Elmi Şurasının 30 sentyabr 2020-ci il tarixli qərarı ilə nəşr edilib.

Kitabın elmi redaktoru AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylidir. Rəyçiləri filologiya elmləri doktoru Baba Babayev, filologiya üzrə fəlsəfə doktoru Elmira Qasımovadır.  Toplayanı və tərtib edəni isə Növrəstə Rüstəmlidir. "Həmişə yeni söz, yeni fikir və yeni fakt axtarışında" sərlövhəli ön sözün müəllifi Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirovdur.

"Elm və təhsil" nəşriyyatında çap olunan kitab Xalq yazıçıları Anar və Elçinin, akademik İsa Həbibbəylinin Asif Rüstəmli haqqında müxtəlif illərdə yazdıqları məqalələrdən deyimlərlə açılır. Kitabın "Məqalər, rəylər" bölümündə Yaşar Qarayev, Sabir Əhmədli, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Vilayət Quliyev, İslam Ağayev və başqa görkəmli şəxsiyyətlərin Asif Rüstəmlinin fəaliyyətinə həsr olunmuş yazıları yer almışdır. 304 səhifəlik kitabda "Təqdimatlar", "Təbriklər" (Asif Rüstəmli - 50), "Asif Rüstəmli - 60", "Asif Rüstəmli - 65", "Xarici nəşrlərdə", "İthaflar" kimi bölümlər vardır. "Asif Rüstəmlinin kitabları" bölümündə müəllifə məxsus 17 kitabın fotosu verilmişdir.

Gülnar SƏMA
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi

 





03.11.2020    çap et  çap et