525.Az

"Erməni faşizmi öz xalqına da qənim kəsilib" - Nadir Rzalı yazır


 

"Erməni faşizmi öz xalqına da qənim kəsilib" - <b style="color:red">Nadir Rzalı yazır</b>

Uzun zamandan bəri torpağımıza da, canımıza da qənim kəsilmiş erməni faşizmini yaxşı tanıdığımızı, artıq onun bizi heç nə ilə təəccübləndirə bilməyəcəyini düşünürdük.

Ancaq içərisində olduğumuz bu Vətən savaşında erməni azğınlığının elə yeni cizgiləri ortaya çıxdı ki, hətta ən hazırlıqlı, təmkinli insanlarımızı da dəhşət bürüdü. Elə cizgilər ki, onlar insanlıq, bəşəriyyət adına ləkədir. Həmin cizgilər bir daha təsdiqlədi ki, erməni toplumu insan cildindən çıxaraq qana susayıb vəhşiləşmiş iyrənc varlıqlardan ibarətdir.

İşğaldan azad olunmuş torpaqların videogörüntülərini izləyəndə görürük ki, 30 ildən bəri ermənilər oralarda daşı daş üstünə qoymayıblar, əksinə, hər yeri dağıdıb yandırıblar. Hər tərəf xarabalıq, hər yer uçulub-sökülmüş vəziyyətdədir. Ermənistan o qədər xəsis dövlətdir ki, "mənimdir!" deyib haray saldığı torpaqları viranəliyə çevirib. Dağlıq Qarabağda yaşayan ermənilərin vəziyyəti hamıya məlumdur. Halbuki Ermənistan bu əsassız iddiaların ardınca düşməsəydi, beynəlxalq əlaqələri, iqtisadi-sosial rifahı yaxşı ola bilərdi. Deməli, Ermənistan hökumətini xalqın vəziyyəti yox, hansısa torpaq iddiaları və prinsipləri maraqlandırır.

Ermənistan bizim simamızda bütün insani anlayışları özü üçün düşmən seçsə də, əslində, həm də özünə qənim kəsilib. Haqsız, əsassız niyyətlər uğrunda qan-qırğın törətməkləri bir yana, hətta öz hərbçilərinin cəsədlərinə belə, yiyə durmayan bir faşist toplum, quldur "dövlət" var qarşımızda.

İkinci Qarabağ savaşı başlanan gündən dəfələrlə vasitəçi ölkələrin sayəsində atəşkəs elan olunub. Ermənistan bu vəziyyətdən istifadə edərək öz hərbçilərinin meyitlərini götürmək əvəzinə, Azərbaycanın mülki əhalisini ağır artilleriya atəşinə tutdu. Bundan əlavə, Azərbaycan tərəfi Qızıl Aypara cəmiyyətinə müraciət edərək meyitləri təhvil verməyə hazır olduğunu bildirib. Lakin Ermənistan hökuməti bunu qəbul etmir. Bu məsələnin yalnız bir şərhi ola bilər: məlumdur ki, Qırmızı Xaç komitəsi meyitləri təhvil verirsə, mütləq dəqiq say açıqlanmalıdır. Bu isə Ermənistanda onsuz da zəif olan döyüş ruhunun tamamilə məhv olması deməkdir.

Erməni rəhbərliyi yaxşı bilir ki, bu savaşda öz itkiləri saya-hesaba gəlmir. Alınacaq meyitlərin hər birinin DNT analizi, onların tanınması üçün ailə üzvlərinin məsələyə cəlb olunması, kütləvi dəfn mərasimləri Ermənistanda böyük xaos yarada bilər. Bu isə günbəgün məğlubiyyət acısı dadan ölkənin məhv prosesini sürətləndirmiş olar. Amma nəticəsi nə olursa olsun, bir hökumətin, bir ölkənin öz ölüsünə sahib çıxmaması qətiyyən insanlığa sığmır. Belə bir dövlət onsuz da məhvə məhkumdur.

Ermənistanın Azərbaycana, xüsusən dinc əhalimizə illər boyu və elə indi də törətdiyi cinayətlər bizdə ölçüsüz nifrət, qəzəb yaradıb. Ancaq Azərbaycan Prezidenti cənab İlham Əliyev ərazilərimizdə qalmış erməni meyitləri ilə bağlı xalqımıza yaraşan yüksək alicənablıq nümayiş etdirərək deyir:
 
"Onların hərbçilərinin meyitlərini mümkün qədər qorumaq üçün təlimat vermişəm, yəni mümkün qədər soyudulan yerlərdə saxlanılsın. İnsanların cəsədlərində nələr baş verdiyini hamımız bilirik, buna görə də onların cəsədlərinin çoxunun Ermənistana verilməsi barədə təlimat vermişdim. Avtomobillərlə sərhədə doğru göndərməyə çalışdıq. ATƏT-i, Qırmızı Xaç Komitəsini məlumatlandırdıq. Amma erməni tərəfi onları qəbul etmədi. Başa düşürsünüzmü, onlar öz ölülərini qəbul etmirlər..."

Azərbaycan rəhbərliyindən əlavə, xalqımız da bu mövzuda öz humanist mövqeyini sərgiləyir. İnsanlarımız sosial şəbəkələrdə torpaqlarımızdakı erməni meyitlərinin bu vəziyyətdə qalmasının qəbuledilməz olduğunu qeyd edirlər.

Rəşadətli ordumuz Hadrutu işğaldan azad edən zaman erməni qocaları Melkumyan və Babayanın əsir düşməsinə baxmayaraq, Azərbaycan hərbçiləri onlara lazımi yardım göstərmişdilər. Hər ikisi yaxşı şəraitdə yerləşdirilmişdi. Halbuki Baş Prokuror Kamran Əliyevin verdiyi məlumata görə, ermənilər azərbaycanlı əsirlərin başına və ürəyinə güllə vuraraq öldürüblər. Hər iki erməninin Ermənistana təhvil verilməsi məqbul görünsə də, əvvəl olduğu kimi, Ermənistan əsirlərin təhvil alınmasından da boyun qaçırırdı. Əslində, həmin qocaların vəziyyətinə baxanda Ermənistan hökumətinin indiki durumu göz önünə gəlirdi. Gücsüz, çarəsiz, kimsənin yiyə durmadığı, çürümüş fikirlərin ölümə məhkum etdiyi Ermənistanın obrazı idi o iki erməni. Yürütdüyü yırtıcı və ağılsız siyasətin nəticəsində öz havadarları belə, Ermənistanın imdadına yetmir. Hətta digər dövlətlərlə telefon danışıqları yaratmaq səyləri də fayda vermir. Dünənə qədər "birtərəf" mövqe tutan dövlətlər də "bitərəf" qalaraq məsələnin həll prosesinə müdaxilə etmir.

Ermənistanın düşdüyü acınacaqlı vəziyyət, meyitlərinin ortalıqda qalması bu gün, bir növ, ilahi ədalətin bərqərar olmasına işarə edir. Nə qədər çətin vəziyyətə düşsələr də, heç nə Xocalı soyqırımına, azərbaycanlı əsirlərə verilən işgəncələrə, 30 il yurdundan-yuvasından didərgin düşən camaatın ah-naləsinə əvəz ola bilməz. Bunların hamısına onların öz dili ilə cavab verməyə bizim insanlığımız, uca mənəviyyatımız imkan vermir. Azərbaycanlılar uşaq qatili deyil, təcavüzkar deyil, heç kimin ərazisində vuruşmurlar. 

Erməni quldurları isə başqalarının torpaqlarına göz dikərək, özgələr bir yana, öz vətəndaşlarına da zülm etməkdən çəkinmirlər. Deməli, erməni faşizmi təkcə Azərbaycan, Türkiyə üçün yox, bütövlükdə bəşəriyyət üçün ölümcül təhlükə mənbəyidir.

 





04.11.2020    çap et  çap et