525.Az

"Zatulinin imperiya arzusu və Azərbaycan düşmənçiliyi" - Xaqani Cəfərlidən yeni şərh


 

"Zatulinin imperiya arzusu və Azərbaycan düşmənçiliyi" - <b style="color:red">Xaqani Cəfərlidən yeni şərh</b>

Ermənistanın hərbi təxribatlarına qarşı Azərbaycan Ordusunun sentyabr ayının 27-dən başlatdığı əks-hücum əməliyyatına qarşı ən kəskin, düşmən münasibət bəsləyən siyasətçilərdən birincisi Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini Konstantin Zatulindir. Hər gün yüzlərlə erməni əsgərlərinin həyatını itirməsinə görə Ermənistan siyasi və hərbi rəhbərliyi ilə yanaşı, siyasi və mənəvi məsuliyyət daşıyan şəxslərdən biri də K.Zatulindir. 

Bu şəxs "Qarabağın müstəqilliyi artıq geridönməz xarakter alıb" deməklə erməniləri heç zaman mümkün olmayacaq yalana inandırmaqla yanaşı, Rusiyanın Gümrüdəki hərbi bazasının "gözəllik üçün deyil, Ermənistanın təhlükəsizliyini təmin etmək üçün yerləşdirildiyi" və Azərbaycana qarşı istifadə edilə biləcəyi haqqında səlahiyyətini aşan bəyanatlar verməklə erməniləri bu gün üzləşdikləri hərbi-siyasi məğlubiyyətə doğru sürükləyib. 

Zatulin son bir ayda dəfələrlə Ermənistanın hərbi imkanlarının artırılmasının vacibliyi, Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının egidası altında Qarabağda hərbi əməliyyatlar keçirməsinin zəruriliyi ilə bağlı bəyanatlar verib. Azərbaycanı və Türkiyəni hər addımda ittiham edən Zatulin həyasızcasına bəyan edir ki, Bakı və Ankaraya postsovet məkanında söz sahibinin kim olduğunu göstərmək üçün Rusiya hərbi əməliyyatlara başlamalıdır. Dövlət Dumasının rəhbər şəxslərindən biri olan Zatulin Rusiyanın nüfuzlu hərbi ekspertlərinin belə bir addımın nə qədər təhlükəli ola biləcəyi haqqında xəbərdarlıqlarından ya xəbərsizdir, ya da yeni imperiya yaratmaq arzusu gözünü elə tutub ki, reallıqları görə bilmir.

Yeri gəlmişkən, qeyd edək ki, yalnız hərbi ekspertlər deyil, nüfuzlu politoloqlar da Rusiyanın Ermənistanın tərəfindən hərbi əməliyyatlara başlamasının Moskva üçün çox ağır nəticələr doğuracağı haqqında xəbərdarlıqlar edirlər.

Zatulinin yeni rus imperiyasının yaradılmasının mümkünlüyü, zəruriliyi ilə bağlı Rusiyanın rəsmi dairələrinə təsir etmək üçün göstərdiyi fəaliyyətinin bünövrəsi Sovet İttifaqının dağılmasından dərhal sonra qoyulub. Sovet İttifaqının dağılmasının şoku keçər-keçməz Zatulin Andranik Miqranyanla birlikdə "MDB: tarixin başlanğıcı, yoxsa sonu. Mərhələləri dəyişdirmək" adlı "fundamental" məqalə yazır.

"Nezavisimaya qazeta"nın 26 mart 1997-ci il tarixli sayında dərc olunan məqalədə keçmiş sovet respublikalarının müstəqil dövlət hüququ, imkanları olmadığı təlqin edilir və Rusiyanın yeni imperiya yaratmaq imkanları qabardılır. Rusiya İmperiyası 1917-ci ildə dağıldıqdan sonra bolşeviklərin imperiyanı yenidən yarada bildiklərinə vurğu salan Zatulin-Miqranyan cütlüyü Müstəqil Dövlətlər Birliyinin puç məsələ olduğunu qeyd edir və yeni imperiyanın yaradılmasının zəruriliyini əsaslandırmağa çalışırlar.

Ancaq bu imperiyaçı "fikir adamları" unudurlar ki, indi XX əsr olmadığı kimi, yeni imperiya yaratmaq üçün Moskvanın cəlbedici ideyası da yoxdur. Yeni imperiya yaratmaq arzusu ilə alışıb-yanan Zatulin Sergey Lavrov Rusiyanın Xarici İşlər naziri təyin edildikdən sonra daha da ümidlənir. Andranik Miqranyanın tələbə yoldaşı olan Lavrovun Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyinə gətirilməsi ilə yeni imperiya yaratmaq üçün yaxşı imkanlar qazanan Zatulin fəaliyyətini daha da gücləndirir. Lavrovun Rusiyanın Xarici İşlər Nazirliyinin başına gətirildiyi 9 mart 2004-cü ildən sonra Moskvanın xarici siyasətinin daha da sərtləşməsində Zatulin-Miqranyan cütlüyünün də rolu var. Təsadüfi deyil ki, Rusiya Prezidenti Vladimir Putinin ətrafında Azərbayan Ordusunun sentyabr ayının 27-dən başlatdığı əks-hücum əməliyyatına qarşı sərt xətt tərəfdarlarından bəhs edilərkən məhz S.Lavrovun adı çəkilir. Rusiyalı politoqların rəylərinə görə, Lavrov Azərbaycana təzyiqlərin artırılmasında təkid edir. Ona qarşı isə Kremldə güclü müqavimət mövcuddur. Rusiya Prezident Administarsiyasının bəzi rəhbər şəxsləri hesab edirlər ki, Azərbaycanla Türkiyəyə qarşı çıxış hazırda Rusiya üçün arzuolunmaz nəticələr doğura bilər. Ermənilərin işğalçılıq siyasətinin müdafiə edilməsi üçün Moskvanın maraqlarının qurban verilməsinin yolverilməzliyinə inanan bu şəxslər Zatulin-Miqranyan cütlüyünün Lavrovun imkanlarından istifadə edərək Rusiyanı Azərbaycana qarşı hərbi əməliyyatlara başlamağa sovq etməsinin ən kiçik işartılarına qarşı dərhal etiraz bildirirlər. Zatulinin Azərbaycana qarşı fikirlərinin dərhal təkzib edilməsi, səsləndirdiyi fikirlərin deputatın səlahiyyətlərinə aid olmamasının daha yüksək vəzifəli şəxslər tərəfindən təkzib edilməsi də məhz bunun nəticəsidir.



Rusiyanın ali qanunverici orqanının bir neçə çağırış deputatı olan Zatulinin Azərbaycanın əzəli və dünya birliyi tərəfindən tanınmış torpaqlarını azad etməsini ermənilərin blokadaya salınması kimi dəyərləndirməsi isə BMT Təhlükəsizlik Şurasının üzvü olan Rusiyanın imicinə ləkə gətirməklə yanaşı, keçmiş sovet respublikalarının Moskva ilə yaxşı münasibələr qurmasına da mane olur.

Məhz belə siyasətçilərin sayəsində postsovet respublikaları Rusiyadan uzaqlaşaraq Avroatlantik strukturlara inteqrasiyaya can atırlar.

 





04.11.2020    çap et  çap et