525.Az

"Pandemiya dövründə işinin peşəkarı olmayan bir çox insan ortaya çıxdı" - Müsahibə


 

"BELƏLƏRİ DOĞRU BİLDİKLƏRİ YANLIŞLARI İNSANLARA ÖYRƏDƏRƏK ONLARI UÇURUMA APARIRLAR"

"Pandemiya dövründə işinin peşəkarı olmayan bir çox insan ortaya çıxdı" - <b style="color:red">Müsahibə</b>

Özümüzü dərk etməyə başladığımız gündən  gələcəkdə seçəcəyimiz peşə barəsində düşünürük. Təəssüf ki, bir çox insan ömrünün sonuna qədər bu suala cavab tapa bilmir. Nəticədə, həmin insan olmalı olduğu yerdə yox, yanlış yerdə qərar tutur.  Sevindirici haldır ki, bu gün uğurlu gələcək qurmaq üçün yaradılan tətbiqlər və proqramlar vasitəsilə bizə yardım edə biləcək insanlar var. Son illərdə insanların həyatlarını doğru yöndə planlamaq, uğurlu gələcəyə gedən yolda əngəl olan maneələri - fobiya, stress, vaxtı idarə edə bilməmək və digər bu kimi problemləri aradan qaldırmaq üçün yaradılmış proqramlardan biri də NLP - Neyro Linqvistik Proqramlaşdırmadır. Müsahibimiz, NLP üzrə mütəxəssis, "Utrain" Fərdi İnkişaf Mərkəzinin təsisçisi Mirşahin Əlizadə ilə də elə bu məsələlər barədə danışmışıq.

- Neyro Linqvistik Proqramlaşdırmaya marağınız hardan yarandı?

- Mən Dünya Yaddaş Olimpiadaları Federasiyasının Azərbaycandakı təmsilçisiyəm. Biz Azərbaycanı təmsil etmək üçün tələbələr yetişdiririk.  Eyni zamanda, Azərbaycanda müxtəlif sahədən olan insanlara müəyyən terminlərin, Cinayət məcəllələrinin yadda saxlanması  ilə bağlı təlimlər keçirdim. Fərdi inkişaf, sürətli oxu və yaddaş texnikaları ilə bağlı təlimlər keçərkən NLP ilə də tanış oldum. Əvvəllər internet üzərindən araşdırmalar edirdim. Universitetə qəbul olduqdan sonra Türkiyəyə getdim. Özümü daha da təkmilləşdirmək üçün mərhələli NLP kurslarına qatıldım.

- Bəs necə oldu ki, marağınızı biznesə çevirməyə başladınız?

- Bir işdə uğurlu olmaq istəyirsinizsə, sistemi bilməlisiniz. Əvvəllər başqa şirkətdə işləyirdim. Həmin şirkətdə təlimçiliklə yanaşı, bələdiyyələr, məhkəmələr, icra hakimiyyətləri ilə müqavilələr bağlayır, maliyyə danışıqları edirdim. Nəticədə, işin dərinliyini öyrəndim. Bir gün Türkiyədə 100 nəfər auditoriyası olan sərbəst seminarımda böyük şirkət rəhbərləri var idi. Onlar təlimi bəyəndiklərinə görə mənimlə fərdi söhbət etmək üçün ofislərinə çağırır, bir-birlərinə tövsiyə edirdilər. Beləliklə, işlərimiz daha geniş məcrada davam etdi. Hazırda Amerika, İngiltərə, Kanada, Fransa, Türkiyə, Hindistanla əlaqələrimiz var, dünyada elə bir nöqtə yoxdur ki, bizim orda əlaqələrimiz olmasın.

- Sizcə, son illərdə insanların bu sahəyə daha çox maraq göstərməsinin səbəbləri nələrdir?

- Xüsusilə pandemiya dövründə maraq artdı. Təəssüf ki, mövcud epidemiya ölkəmizdən də yan keçmədi. Xəstəliklə mübarizə aparmaq üçün "Evdə qal" aksiyaları başladı və insanlar birdən-birə sosial mühitdən uzaqlaşdılar.  Mən özüm də son günlərdə evdən çıxmağa başlamışam (gülür). Bunun da müsbət və mənfi tərəfləri oldu. Hər şeydə müsbət cəhəti axtarmaq lazımdır. Psixologiyada belə bir şey var ki, insanın diqqəti haradırsa, enerjisi də ora yönəlir. Deyək ki, 100 kilo unla dolu kisəniz var və insanlar arasında paylayırsınız. Un almaq üçün on nəfər müraciət etsə, hər birinə 10 kilo un verə biləcəksiniz. 100 nəfər müraciət etsə, hərəsinə bir kilodan artıq un verə bilməyəcəksiniz. Eyni şəkildə kimliyindən asılı olmayaraq, hər kəsin 24 saatı var. Ancaq baxır kim onu necə dəyərləndirir. Çünki zamanı obyektiv və subyektiv olaraq iki formada qavrayırıq.

- NLP cəmiyyət üçün nə dərəcədə faydalıdır?

- Sözsüz ki, inkişaf varsa, faydalıdır. Ancaq inkişaf da müsbət tərəfdən olmalıdır. Hər bir sahədə rəqabət var. Sağlam rəqabət hər zaman insanı inkişaf etdirir. Rəqibsiz biznesimiz varsa, inkişaf edib-etmədiyimizi bilməyəcəyik. Gərək özünü kimləsə eyni tərəziyə qoyub ölçüb-biçəsən ki, səhvlərini görəsən. Qüsurunuzu və yaxşı cəhətinizi ən yaxşı kənardan baxan insan görə bilər. Necə ki, sağlam rəqabət bizi inkişafa aparır, inkişaf da insanı xoşbəxtliyə aparır. Qeyri-sağlam inkişaf da var. Bəzən insanların orqanları inkişaf edir, amma qeyri-sağlam şəkildə.  Bunu deməyimin səbəbi pandemiya dövründə şəxsi inkişafla maraqlananlarla yanaşı, işinin peşəkarı olmayan insanların da ortaya çıxmasıdır. Belələri doğru bildikləri yanlışları insanlara öyrədərək uçuruma doğru aparırlar. Buna görə də, ölçüb-biçdikdən sonra doğru seçim etmək lazımdır. Bilməsi zəruri olan etik qaydalar da var. Əgər bir müəllimin tələbəsi verdiyi tapşırıqlara məsuliyyətsiz yanaşırsa, dərs verməyi dayandırmalıdır. Çünki bunun tələbəyə heç bir faydası olmayacaq.

- Daha çox hansı yaş aralığındakı insanlarla çalışırsınız? Üzləşdiyiniz çətinliklər nələr olur?

- İnkişafın yaş limiti yoxdur. Biz əsasən yuxarı yaş kateqoriyası ilə işləyirik. Yaşına görə insanların inkişaf üçün ehtiyac duyduğu şeylər fərqlidir. Bu səbəbdən, keçdiyimiz dərslər yaş kateqoriyalarına görə dəyişir. Çalışdığımız insanların yaş aralığı isə ölkəyə görə fərqlənir. İstanbulun icra hakimiyyətlərinin, müxtəlif departamentlərin müdirlərinə şəxsi inkişaf təlimləri keçmişik. Azərbaycanda da bu sahənin yeni inkişaf etməsinə baxmayaraq, çalışdığımız dövlət qurumları ilə həm özəl, həm də dövlət sektorlarında fəaliyyət göstərmişik. Hər zaman deyirəm ki, xalqımız çox ağıllıdır. Bizdə nəsə olanda az olur, amma saz olur (gülür).  Bu, sevindirici haldır. Çünki özəl sektor ilk növbədə dövlətə fayda verir, ölkənin hər bir vətəndaşı da nə qədər yaxşı olsa, cəmiyyət bir o qədər inkişaf edər. Oxuduğum bir kitabda belə bir fikir var idi: uşaqlıqda dünyanı dəyişmək istəyirdim, böyüdükcə dünyanı dəyişə bilməyəcəyimi görüb yaşadığım qitəni dəyişmək istədim. Zaman keçdikcə onu da edə bilməyəcəyimi anlayıb ölkəni dəyişməyi düşündüm. Orta yaşlarımda gördüm ki, ölkəni dəyişə bilmirəm, dedim şəhəri dəyişim. Şəhəri də dəyişə bilməyəcəyimi görüb dedim ki, iş mühitimi dəyişim. Onu da bacarmadıqda dedim ki, ailəmi dəyişim. Bacarmadım. Ölüm döşəyində olanda anladım ki, ilk növbədə özümü dəyişməliydim. Əgər özümü dəyişdirsəm, mən ailəmi, ailəm olduğu cəmiyyəti, cəmiyyət xalqı, xalq ölkəni, ölkə dünyanı dəyişdirmiş olardı.

- Proqrama yeni başlayan insanların əsas hansı problemləri olur?

- Bizə müraciət edənlər arasında nə üçün gəldiyini bilən və bilməyən insanlar var. Əsas problem şəxsin özünün dəyişmək istəməməsi olur. Ailəsinin, ya da ətrafındakı insanların təkidi ilə bizə müraciət edir. İlk növbədə bilmək lazımdır ki, siz özünüz dəyişmək istəmirsinizsə, heç kim sizi dəyişdirə bilməz. Ona görə də, bizə müraciət edən insanın özünün dəyişmək istəmədiyini gördükdə çalışmağın bir mənası olmadığını deyirik. Bunun üçün iradə, istək, ehtiyac və inam olmalıdır.

- Qeyd etiniz ki, NLP əsasən yetkin və nə istədiyini bilən insanlar üzərində tədbiq olunur. Bəs bu xüsusiyyətləri daşımayan insan müraciət edərsə, ilk hansı addımları atmalıdır?

- Bir çox insan nə istədiyini yox, nə istəmədiyini bilir. Nə istədiyini bilən insanlar hərəkətə keçənlər və keçməyənlər olaraq iki qrupa bölünür. Hərəkətə keçənlər də iki yerə ayrılır: davamlı, düzgün davam edənlər və etməyənlər. Bunu düzgün və davamlı edənlər mütləq şəkildə nəticəyə çatır. Velosipedin üzərinə əyləşib pedalları çevirə bilərsiniz, amma davamlı çevirmək lazımdır. Bu, davamlılığın göstəricisidir. İkinci növbədə, mənim telefon nömrəmin hansı rəqəmlərdən ibarət olunduğunu bilə bilərsiniz, ancaq düzgün ardıcıllıqla yığmaq lazımdır ki, mənə zəng edəsiniz. Bir rəqəmi yanlış yazsanız, başqa adama zəng etmiş olacaqsınız. Dediklərimdən əlavə, insanda bir ehtiyac da olmalıdır. İnsan iki şəkildə dəyişir: ya ehtiyacı olur, ya da məcbur qalır. Elə insan ola bilməz ki, bu iki amil olmadan nəsə etsin.

- Bu sahə üzrə hansı ilklərə imza atmısınız?

- Əvvəla sürətli oxu və yaddaş texnikalarını real iş dünyasına, hüquq, tibb elmlərinə Azərbaycanda ilk dəfə şəxsən mən tətbiq etmişəm. Bundan əlavə, korporativ təlimlər sektorunda bəzi təlimlərin proqramını sıfırdan yaratmışıq. Bu sahə üzrə Azərbaycan brendi olaraq Türkiyədə ölkəmizi təmsil edən ikinci brend, məncə, yoxdur. Sistem nəzəriyyəsinə görə, insanlardan bir şey almaq üçün, bir şey vermək lazımdır. Baxın, mövcud vəziyyətdə Ali Baş Komandanımız, ordumuz, xalqımız öz sözünü deyir və torpaqlarımız işğaldan azad olunur. Buna görə də bir çox ölkə bizə dəstək olur. Bu, həm də uğurlu siyasətin nəticəsidir. Avropa oyunları, Formula-1 yarışları zamanı ölkəmizə çoxlu qonaqlar gəlmişdi. Onlar Azərbaycan xalqının qonaqpərvərliyinin, humanizminin şahidi oldular. Bilirlər ki, bu gün haqq yolunda olan bizik. Biz həm Türkiyədəki, həm də dünyadakı fəaliyyətimizdə ölkəmizi düşünürük. Türkiyədə keçirilən yaddaş olimpiadasına bütün ölkələrdən yüzlərlə insan gəlmişdi. Çox yaxşı təqdimat edərək ölkəmizi, bayrağımızı, şirkətimizi tanıtdıq. Bu gün onların ilk planı Azərbaycana gəlməkdir. Əlavə olaraq, ilk dəfə dünya yaddaş olimpiadasını Azərbaycanda keçirmək planımız var. Bizim məqsədimiz həm mənəvi, həm də maliyyə cəhətdən buradan xaricə aparmaq yox, xaricdən ölkəmizə gətirməkdir. Dünyadakı güclü dövlətlərin hamısında inkişaf təhsildən başlayır. Təhsili inkişaf etməyən ölkədə heç nə inkişaf edə bilməz. Bu gün Ordumuz zəfər çalır. Orada hazırda 2000-2002 təvəllüdlü qəhrəman əsgərlərimiz vuruşurlar. Əgər 10-15 il əvvəl müəllimləri bu gənclərin qəlbinə, zehninə vətən sevgisi aşılamasaydı, bu gün zəfər çala bilməzdik. Mənəviyyat çox önəmlidir. Necə ki, pul ilə ev ala bilərsiniz, amma hüzur ala bilməzsiniz. Eləcə də, pul ilə silah ala bilərsiniz, amma qəhrəmanlıq ala bilməzsiniz. Qəhrəmanlığı da yaradan birinci növbədə qan, ikinci növbədə təbliğatdır. Sizə yaxşı ağac toxumu verilə bilər, siz onu yaxşı mühitdə əkməsəniz, münbit torpaqda qulluq göstərməsəniz, bar verməyəcək. Onların da bar verməsinə səbəb təhsil sektorunun bir parçası olan müəllimlərdir. Ona görə də, hər şey təhsildən başlayır. İnsanın həyatda  seçiminin olmaması çarəsizlik, bir seçiminin olması məcburiyyət, iki və daha artıq seçiminin olması isə azadlıqdır. Ona görə də, hər zaman çalışın bir neçə seçiminiz olsun. Seçiminiz olmasa, inkişaf edə bilməyəcəksiniz. Bu seçimləri isə insan araşdıraraq yaradır.

Aytac ASLAN

 





04.11.2020    çap et  çap et