525.Az

"Gələcəkdə köhnə filmləri də rəngləməyi düşünürəm" - Müsahibə


 

HƏVƏSKAR RƏSSAM NURLAN ƏHMƏDOV: "İLK DƏFƏ RƏNGLƏDİYİM FOTO MİLLİ QƏHRƏMAN ALLAHVERDİ BAĞIROVUN FOTOSU OLUB"

"Gələcəkdə köhnə filmləri də rəngləməyi düşünürəm" - <b style="color:red">Müsahibə  </b>

Sosial şəbəkələrdə parlayanlar

Rubrikamızın budəfəki qonağı "Rənglənmiş şəkillər" səhifəsinin admini, həvəskar rəssam Nurlan Əhmədovdur.

Sosial şəbəkələrdə şəxsi simasından daha çox ərsəyə gətirdiyi işlərilə tanınmağı bacaran N.Əhmədov tarixi şəxsiyyətlərə aid ağ-qara fotoların rənglənməsi ilə məşğul olur. Son vaxtlar isə sosial mediada daha çox Milli Qəhrəman Çingiz Mustafayevin bir neçə fotosunu rəngləməsi ilə yadda qalıb.

Söhbətə başlayanda əvvəlcə ondan belə bir səhifə açmaq ideyasının haradan gəlməsibarədə soruşduq. Nurlan hər şeyin uşaqlıq illərindən başladığını, hələ balaca yaşlarında ailə fotolarını bərpa edərkən bu işə həvəsləndiyini bildirdi.

Qalanını onun öz dilindən eşidək...

***

- Köhnə filmlərimizdən olan kadrları, məşhur şəxsiyyətlərin fotolarını həvəskar kimi rəngləməyə başladım, bunları arabir öz şəxsi sosial media hesablarımda da paylaşırdım. Sonradan niyə səhifə açmayım deyə, fikirləşdim və əl işlərimin daha çox insana çatması üçün bu səhifəni yaratdım.

-  Sosial şəbəkələr bugünkü fəaliyyətinizdə hansı yeri tutur?

- Sosial şəbəkələr fəaliyyətimin bütün hissəsini tutmasa da, böyük hissəsini əhatə edir. Sosial mediadan istifadə etmək yararlıdır və hər kəs bu platformalardan özünə sərfəli şəkildə istifadə etməlidir.

- Yəqin bu işlə həvəskar şəkildə məşğul olursunuz. Bəs rəsmi qazanc yeriniz varmı?

- Bu işə həvəskar olaraq başlamışam, hazırda özümü bacardığım qədər inkişaf etdirirəm. Şəxsi şəkillərin rənglənməsi, səhifədə reklam və s. üsullarla qazanc əldə edirəm. Bundan başqa, fotomontajdan da qazanc əldə edirəm, rəsmi gəlirim də var.

- İşinizin texnikasından danışardınız bir az.  Hansı prosedurlardan istifadə olunur?



- Əvvəlcə rənglənəcək şəklin maksimum keyfiyyətdə olan və rənglənməyə uyğun forması tapılır. Əgər rənglənməyə uyğun deyilsə, müxtəlif xüsusi proqramlar vasitəsilə şəkilin keyfiyyəti artırılır və rənglənməyə hazırlanır. Bundan sonra rəng seçimi edilir.  Bunu müxtəlif  mənbələrdən araşdırmaqla, bəzən də şəkilə uyğun gələn rəngi özüm seçməklə edirəm. Sonra isə şəkil xüsusi proqramlar vasitəsilə hissə-hissə rənglənməyə başlanılır. Rənglənmə tam bitdikdən sonra, şəkilin rəng, işıq və digər göstəriciləri uyğun səviyyəyə çatdırılır. Kiçik düzəlişlər edilir və tam hazır vəziyyətə gətirilir.

- İlk rənglədiyiniz şəkil hansı idi?

- Həvəskar olaraq rəngləməyə köhnə ailə şəkillərindən başlamışam. Amma ilk dəfə tam olaraq rənglədiyim şəkil Milli Qəhrəman Allahverdi Bağırovun şəkli olub.

- Rənglənəcək fotoları necə seçirsiniz, haradan əldə edirsiniz?

- Rənglənəcək fotoları müxtəlif fotoqrafların internetdəki arxivlərindən, internet üzərindən tanınmış şəxslərin şəkillərini axtarmaqla və ya sosial mediada qarşıma çıxan şəkillərdən seçirəm.

- Diqqət etmişəm, daha çox Milli Qəhrəman Çingiz Mustafayevin şəkillərini rəngləmisiniz. Bunun xüsusi bir səbəbi varmı?

- Bəli, səhifədə Milli Qəhrəmanlarımız Çingiz Mustafayev, Allahverdi Bağırov və Albert Aqarunovun şəkilləri daha çoxdur. Buna səbəb onlara həm özümün, həm də izləyicilərin sevgisidir. Səhifənin mesaj bölməsinə də daha çox qəhrəmanlarımızın şəklinin rənglənməsi və bərpa edilməsi barədə istəklər gəlir. Mən də sevərək əlimdən gələn qədərini edirəm.

- Şəkilləri rəngləyirsiniz, bəs filmləri də rənglənməyi bacarırsınız?

- Filmlərdən olan şəkilləri rəngləyirəm, səhifəmdə bir neçə filmlərdən rənglənmiş şəkillər var. Bütöv filmi, hansısa epizodu və ya ümumiyyətlə, hansısa köhnə ağ-qara videonu rəngləmək bildiyim qədər uzun və əziyyətli prosesdir. Belə işləri insanlar komanda halında müəyyən vaxt ərzində həyata keçirirlər. Ola bilər ki, gələcəkdə hansısa filmin rənglənməsində iştirak edim. Amma hələ ki belə bir təcrübəm yoxdur.



- Mütaliə etməklə aranız necədir?

- Vaxtım olan qədər müxtəlif tarixi kitabları oxuyuram, lazım gəldikdə bəzi məlumatları da əldə etmək üçün kitablardan istifadə edirəm. Bundan başqa, daha çox tarixi, maraqlı və  texnologiya sahəsinə aid məqalələri oxumağı sevirəm.

- Gələcəklə bağlı hansı planlarınız var?

- Hazırda İnformasiya texnologiyaları sahəsində təhsil alıram, gələcəkdə rəsmlə bağlı təhsil almağı da planlaşdırıram. Rəssamlıq müəyyən qədər əlimdən gəlsə də, bunu inkişaf etdirməyə ehtiyacım var. Bundan başqa, fəaliyyətimi genişləndirib gələcəkdə müxtəlif köhnə filmlərin rənglənməsi barədə də düşünürəm.

Günel ABBAS

 





04.11.2020    çap et  çap et