525.Az

Yarıçılpaq qadında təzahür edən Azadlıq - "Bir rəsmin dedikləri"


 

"AZADLIQ BARRİKADASI" ƏSƏRİ CƏMİYYƏTƏ "XALQ HAKİMİYYƏTİ DEVİRƏ BİLƏR" SİYASİ İDEYASINI ÖTÜRÜRDÜ"

Yarıçılpaq qadında təzahür edən Azadlıq - <b style="color:red">"Bir rəsmin dedikləri" </b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədlidir. Onunla fransız rəssam Ejen Delakruanın "Azadlıq barrikadası" əsəri haqqında danışdıq.  

- Günel xanım, əvvəlcə bir qədər əsərin yaranma tarixçəsi haqqında danışardınız.

- Xatırlayıram, Luvr muzeyində olarkən vaxtın azlığına baxmayaraq, ən çox zamanımı muzeyin ən böyük zallarından birindəki tablolara baxmaqla keçirdim. Bu zalda XVII-XIX əsr Avropa rəssamlarının şah əsərləri nümayiş olunurdu və onların arasında məni tələbəlik illərindən özünə valeh edən Ejen Delakruanın "Azadlıq barrikadası" və ya "Azadlığa aparan xalq"  əsəri də yer alırdı. Hər hansı bir rəsm əsərini canlı izləmək bir sənətşünas üçün izaholunmaz zövqdür. Tablo öz dövrünün inqilabi respublika ideyasının motivləri əsasında ərsəyə gələn ən radikal əsər idi. Əsərdə 1830-cu ildə Paris küçələrində, Burbonlar monarxiyasının bərpası rejiminə qarşı baş vermiş Böyük Fransa inqilabı təsvir olunub. Fransada monarxiya bərpa edilmişdi, idarəetmə həddən artıq despotik idi. Nəticədə 1830-cu ilin iyulunda X Karl hakimiyyətdən devrildi və hakimiyyət konstitusiyalı monarxiyaya həvalə olundu. Ümid edilirdi ki, bu hakimiyyət daha çox orta təbəqənin maraqlarını müdafiə edəcək. Həmin günlər Parisin küçələrində sadəcə etirazlar baş vermirdi, əsl müharibə gedirdi. X Karl Fransadan qaçmış, taxta onun qohumu Lui-Filipp çıxmışdı. Zərərçəkənlərin miqyası həddən artıq çox idi. Delakrua isə bu hadisələri öz emalatxanasının pəncərəsindən izləyirdi. Bu barədə rəssam qardaşına yazdığı məktubda belə deyirdi: "Əgər mən vətən uğrunda döyüşməmişəmsə, onda heç olmasa, onun üçün çəkərəm".

Əsərin kompozisiyasının yaranması haqqında digər maraqlı fakt ondan ibarətdir ki, Delakrua dostu T.Jerikonun emalatxanasında "Meduza Salı"nı görəndən sonra ilhamlanıb və dərhal öz emalatxanasına yeni əsər yaratmağa qaçıb. Hər iki əsərin oxşarlığı danılmazdır.

- Rəssam əsərdə inqilabi sujeti necə verə bilib?

- Çoxsaylı hazırlıq eskizlərindən sonra rəssam tablonu üç ay ərzində ərsəyə gətirib. Ön planda biz barrikada görürük, amma bu, improvizə olunmuş barrikadadır. Bildiyimiz kimi, Paris o dövrdə dar və çirkli tipik orta əsr şəhəri idi. Fransız ordusunun hərəkətini bloklamaq elə də çətin məsələ deyildi. Barrikadaları mebeldən, ağaclardan, daşlardan hazırlayırdılar. Ön planda daş körpü üzərində addımlayan fiqur Fransa küçələrində görə bilmədiyimiz bir obraz idi. Qarşımızda həm real, həm də düşünülmüş bir obraz - inqilabi dəyər olan bərabərlik, azadlıq və qardaşlıq - üçrəngli bayrağını aparan azadlığın alleqorik fiquru dayanır.

Ön planda hər iki cəbhədən həlak olan döyüşçüləri görürük. Solda yerə yıxılan tükürpədici fıqura diqqətlə baxsaq, görərik ki, onun əynində gecə paltarı var. Bunu çəkməklə rəssamın nə etmək istədiyi ortadadır. Despotik idarəetmənin səlahiyyətlərindən biri də sakinlərin evinə hücum etmək idi. Onlar sivil insanların evlərinə girir, sivilləri ölüncə döyür və onları digərlərinə ibrət olsun deyə küçəyə atırdılar. Bu cür vəhşiliyi biz Onere Domyenin "Transnonen küçəsi" əsərində evin içində öldürülən bütün bir ailənin tablosunda da görə bilərik.

 Sağda digər cəbhənin nümayəndəsi - yaralanmış və ya artıq ölmüş kral əsgəri görünür. Tablodakı bu detal kral ordusunun da həssas olduğunu göstərən vacib elementdir.

Azadlıq irəliləyir. Delakrua bu obrazı həddən artıq real və güclü təsvir edib. Burada rəssam həm antik ənənələri kənarda qoymur, ideal profil, antik dövrün ən gözəl simalarından birini, eləcə də Roma sikkələrindəki qadın təsvirlərini xatıladır, həm də eyni zamanda, antik obrazdan qismən imtina etməklə, obraza insani xarakter verməklə onu reallığa bağlayıb, obrazın mənəvi gücünü artırır. Tamaşaçılar Azadlığın profilini kəskin işıq altında görür. Bu işıq Karavadconun əsərlərini xatırladır. Azadlıq, əlində bayraqla birlikdə irəliyə işarə edir, digər əlində isə tüfəng tutub, barrikadaya çıxır və insanları azadlıq ideyası ilə ovsunlayır.

Üçbucaq formatında olan kompozisiyaya rəssam bilərəkdən müxtəlif tipli personajlar yığıb ki, 1830-cu ilin inqilabını daha geniş spektrda göstərsin. Silindirəbənzər baş geyimində təsvir olunan obraz burjuaziyanın və orta təbəqənin nümayəndəsidir (bəzi versiyalarda öz avtoportretidir), onun yanındakı isə özünə üst geyimi və hətta silah almağa belə pulu olmayan adi peşə sahibidir. Amma onlar birlikdə monorxiyaya qarşı çıxırlar.

- O vaxtlar əsərin nümayişinin əngəllənməsi səbəbi nə ilə bağlı idi? 



- Əslində, bu əsərin hakimiyyət üçün qorxunc mesajı var idi. Bu, inqilabi ruh idi. Əsər cəmiyyətə "Xalq hakimiyyəti devirə bilər" siyasi ideyasını ötürür. İlk dəfə əsər 1831-ci ilin mayında Paris salonunda təqdim olunmuş və hətta rəssam Fəxri Legion Ordeninə layiq görülmüşdü. Əsər hakimiyyətə gələn Lui-Filipp tərəfindən dərhal satın alınır. Lui-Filippin bu hərəkəti sonradan radikal görünməyə başladı. Onun dövründə konstitusiyalı monarxiya olsa da, fransız xalqının yalnız 3 faizi səsvermə hüququna malik idi, ona görə də bu əsər onun özünə təhlükə yaratmağa başladı. Bu səbəbdən əsəri divardan çıxarıb 1848-ci ilin inqilabına qədər gizlətdilər. 1848-ci ildə Luvr tablonu rəssamdan istəyir, lakin 1852-ci ildə İkinci İmperiya dövründə tablo yenə də siyasi səbəbdən muzeyin ehtiyat fonduna göndərilir. 1874-cü ildə, rəssamın ölümündən 11 il sonra tablo yenidən Luvrda nümayiş etdirilməyə başlayır.

- Əsərdə inqilabi fikir özünü hansı simvollarda göstərir?

- Əsl fransız romatizmini özündə əks etdirən bu əsərdə rəssamın ilk qayəsi abstrakt azadlıq abidəsi yaratmaq idi. Ona görə də rəssam alleqoriyaya üz tutdu. Azadlıq xalqı öz ardınca aparan yarıçılpaq qadında təzahür etdi. Əsərin mərkəzdəki başında Frakiya qalpağı (papaq), sağ əlində Fransa trikoloru (respublikaçı Fransa bayrağı), sol əlində tüfəng tutmuş sinəsi açıq qadın bütün barrikadanı öz ardınca apara biləcək ruhdadır. Qadın - azadlığın simvoludur. Bunu onun əlindəki üçrəngli bayraq, başındakı inqilabçıların baş geyimi olan qızmızı kalpaq, əlindəki silah və onun çılpaq bədəni deyir. Əslində, bu, bayaq adını çəkdiyimiz həmin "Meduza Salı"dır və istiqaməti bizə tərəf çevirib. Biz burada azadlığın hücum etdiyi, inqilabın hücum etdiyi hədəf oluruq. Eyni ideyanı ABŞ-da yerləşən Azadlıq heykəlində də görə bilərik. Bu nəhəng abidə də heç bir konkret insanı tərənnüm etmədən azadlıq ideyasını ifadə edir. Notr-Dam kilsəsi üzərində dalğalanan respublikaçı bayraq da azadlığın rəmzlərindən biridir. İnqilab zamanı bu kilsənin zəngləri "Marselyoza"nın melodiyasını vururdu.

Delakuranın bu əsərində XIX əsrin azadlıq haqqında çəkən digər rəssamlarının əsərlərində olmayan bir şey vardı. O, simvolikanı, reallığı və alleqoriyanı bir araya gətirməyi bacarmışdı. İnqilabi mövzulu digər əsərlər Delakruanın tablosunun kölgəsində qalmışdılar...

Aytac SAHƏD

 





04.11.2020    çap et  çap et