525.Az

Müharibə, stress və təşviş hansı xəstəlikləri artırır? - Foto


 

Müharibə, stress və təşviş hansı xəstəlikləri artırır? - <b style="color:red">Foto</b>

Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızın azad olunması uğrunda başladığı İkinci Qarabağ savaşı uğurla davam edir. Hər gün azad edilən ərazilərimizin xəbərini aldıqca hər bir azərbaycanlının ürəyi dağa dönür. Bununla belə, bütün zamanlarda olduğu kimi, indi də müharibə dövründə gərginlik danılmaz faktdır. İnsanlar istər cəbhədə cərəyan edən hadisələr, istərsə də digər bölgələrimizdəki terror aktları ilə bağlı eşitdiyi xəbərlərin təsirindən müəyyən həyəcan, təşviş keçirir, narahatlıq yaşayırlar. Bəs sadalanan bu hallar, ümumiyyətlə, müharibə insanlarda hansı xəstəliklərin çoxalmasına səbəb olur?

Mövzu ilə əlaqədar "525"ə açıqlama verən daxili xəstəliklər uzmanı Həbib Sahratov bildirib ki, müharibə ciddi stress faktorudur:
 
"Bu ərəfədə stress faktoru ona bağlı bütün xroniki xəstəliklərin kəskinləşməsi və artmasına səbəb ola bilir. Əsasən arxa cəbhədə bir çox yaşlı və xroniki xəstəliyi olan insanların problemləri daha da aşkara çıxa bilər. Misal üçün, şəkərli diabet olan xəstələr stress faktoru ilə şəkər kontroldan çıxır, hipertoniyası olan xəstələrdə təzyiq kontrolunda çətinliklər yaranır, mədə-bağırsaq sistemi ilə bağlı yara-xora xəstəlikləri, nevroloji xəstəliklərin artımı özünü göstərir. Yaxşı olar ki, belə xəstəliyi olan şəxslər daha diqqətli olsun, həkim müayinəsindən keçsin, dərmanlarını qəbul etsinlər, lazım gələrsə, yeniləsinlər.

Ağciyərlərdə problemi, mədə xəstəlikləri, nevroloji problemləri, ürək-damar və təzyiq kimi xəstəliyi olan şəxslər bu zamanlarda daha çox diqqətli olmalıdırlar. Sadalanan xəstəliyi olanlar və 40-45 yaşdan yuxarı şəxslər yaxşı olardı ki, müayinədən keçsinlər. Unutmaq olmaz ki, biz müharibə ilə yanaşı, koronavirus pandemiyası ilə də mübarizə aparırıq. Hər iki cəbhədən qalib ayrılmaq üçün vətəndaşlar da daha məsuliyyətli və güclü olmalıdır".

 





04.11.2020    çap et  çap et