525.Az

Qoşulmama Hərəkatına üzv ölkələrdən Azərbaycana dəstək - Aktual


 

Qoşulmama Hərəkatına üzv ölkələrdən Azərbaycana dəstək - <b style="color:red">Aktual</b>

Bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı keçirilmiş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın da daxil edilməsinə dair israrlı mövqe nümayiş etdirdilər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur oldular. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ölkələrin dövlət və hökumət başçılarına məktublar göndərərək, BMT Təhlükəsizlik Şurasında keçirilmiş müzakirələr zamanı göstərdikləri prinsipial mövqeyə görə təşəkkürünü bildirdi.

Məktublarda qeyd edilirdi ki, bu ölkələrin belə qəti mövqe sərgiləmələri onların Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir və bu mövqe ikitərəfli münasibətlərimizdə tarixi dostluq əlaməti kimi qəbul olunur.

Biz bu yazıda yuxarıda adları çəkilən ölkələr barədə müfəssəl məlumat verməyə iddia etmədən Azərbaycanın bu dövlətlərlə həm siyasi, həm də iqtisadi və mədəni əlaqələri ilə bağlı bəzi fakt və epizodları nəzərdən keçirməyə çalışacağıq.

İlk növbədə qeyd etmək lazımdır ki, cəmi 15 üzv dövlətin yer aldığı BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü - ABŞ, Çin, Rusiya, İngiltərə və Fransadır.   Digər 10 üzv ölkə isə BMT-nin 5 coğrafi qrupu arasından 2 il müddətinə qurumun ümumi iclasında seçilir. Müvəqqəti üzvlərdən 5-i hər il yenilənir.

Məlumat üçün bildirək ki, Azərbaycan ötən ilin  oktyabrında Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə görüşünə evsahibliyi edib. Tədbirə BMT üzvü olan 120 dövlətin yüksək səviyyəli nümayəndələri ilə yanaşı, 42 beynəlxalq təşkilatın təmsilçiləri də qatılıblar. Bakı Sammiti ilə Hərəkatda sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçib.

Bu il may ayının 4-də isə Azərbaycan Respublikası Prezidenti və Qoşulmama Hərəkatının hazırkı sədri İlham Əliyevin təşəbbüsü ilə quruma üzv ölkələrin COVİD-19-a qarşı mübarizə üzrə Təmas qrupunun "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşü formatında videokonfransı təşkil olunub. Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə Qoşulmama Hərəkatına üzv olan 15 ölkəyə humanitar yardım göstərilib.

Indonesia Flag 

İndoneziya Respublikası

İndoneziya Cənub-Şərqi Asiyada ən böyük dövlətdir. Rəsmi adı İndoneziya Respublikasıdır, bəzən İndoneziya Respublikası Unitar Dövləti (Negara Kesatuan Republik Indonesia) milli adı istifadə olunur. Cənub-Şərqi Asiyada, Hind və Sakit okeanları arasında olan bir ölkədir. Dünyanın ən böyük ada ölkəsidir, 17 mindən çox adaya malikdir. Sahəsi 1.904.569 kvadrat kilometrdir (735.358 kvadrat mil),  sahəsinə görə dünyada 14-cü, dəniz və quru ərazisi ilə birgə isə 7-ci sıradadır. 261 milyondan çox əhalisi olan bu ölkə əhalisinin sayına görə dünyanın dördüncü ölkəsi və ən çox müsəlman əhalisi olan ölkədir.  Ölkə əhalisinin yarıdan çoxu dünyanın ən sıx məskunlaşma adası olan Yavada  yaşayır.

Ölkənin paytaxtı  Cakarta əhalinin sıxlığına görə dünyada ikinci şəhərdir. İndoneziyada neft və təbii qaz, kömür, qalay, mis, qızıl, nikel kimi zəngin təbii ehtiyatlar var, əsasən düyü, xurma yağı, çay, qəhvə, kakao, dərman bitkiləri, ədviyyat və rezin itehsalı ilə tanınır. Çin, ABŞ, Yaponiya, Sinqapur və Hindistan İndoneziyanın əsas ticarət tərəfdaşlarıdır. Qeyd etmək lazımdır ki, İndoneziya BMT Təhlükəsizlik Şurasına 5-ci dəfədir ki, müvəqqəti üzv seçilir.

1991-ci il sentyabrın 28-də İndoneziya Respublikası Azərbaycan Respublikasının suverenliyini tanıyıb.  24 sentyabr 1992-ci il tarixində isə bu iki dövlət arasında diplomatik münasibətlər qurulub. 2006-cı ilin fevralında Azərbaycan Respublikasının Səfirliyi Cakartada fəaliyyətə başlayıb, 2010-cu ilin dekabrında isə Bakıda İndoneziya Respublikasının Səfirliyi açılıb. Ötən dövrdə iki ölkə arasında 12 sənəd imzalanıb.

Son illər İndoneziya Respublikası ilə  Azərbaycan Respublikası arasında mədəniyyət, təhsil, humanitar, sosial-iqtisadi və digər  sahələrdə əməkdaşlıq genişlənib, yeni məzmun alıb. 2016-cı ildən başlayaraq dalbadal 3 il Bakıda İndoneziya Mədəniyyət festivalları keçirilib. 2010-cu ildə Azərbaycan Dillər Universitetində İndoneziya Araşdırmalar Mərkəzi təsis edilib, 2013-cü ildə Bakı Dövlət Universiteti ilə Sumatra Universiteti arasında Anlaşma memorandumu, 2015-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ADA Universiteti və İndoneziya Respublikası Xarici İşlər Nazirliyinin Təhsil və Təlim Mərkəzi arasında Anlaşma memorandumu imzalanıb. 2018-ci ilin 17 dekabr tarixində İndoneziya Universitetinin Tədris işləri üzrə prorektoru Bambanq Vibavortanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində Azərbaycan Dillər Universiteti və İndoneziya Universiteti  arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə 26 dekabr 2004-cü ildə baş vermiş zəlzələ və sunami ilə bağlı Azərbaycan İndoneziya Respublikasına 1 milyon ABŞ dolları həcmində, 2006-cı ildə baş vermiş zəlzələ ilə bağlı isə 100 min ABŞ dolları həcmində humanitar yardım göstərib. Bundan sonra isə 2009 və 2018-ci illərdə də Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Qərbi Sumatra, Lombok və Sulavesi adarında baş vermiş zəlzələ ilə bağlı İndoneziya Respublikasına yenidən humanitar yardım göndərilib.

2016-cı ildə Bakıda Azərbaycan-İndoneziya Energetika Forumu keçirilib. Qeyd edək ki, SOCAR 2007-ci ildən etibarən İndoneziya istiqamətində xam neft təchizatını həyata keçirir. 2007-2019-cu illər ərzində SOCAR tərəfindən İndoneziyaya ümumilikdə 25.1 milyon ton neft təchiz edilib.

2017-ci ilin fevralında İndoneziya Respublikasının Parlamentində fəaliyyət göstərən İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyətə Azərbaycanda səfərdə olub.

2020-ci ilin 13-14 mart tarixlərində İndoneziya Respublikasının Boqor şəhərinin meri Bima Arya Suqiartonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda  səfərdə olub. Səfər çərçivəsində  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN xidmət") ilə İndoneziya Respublikasının Boqor şəhəri Hökuməti arasında Boqor şəhəri Dövlət Xidmətləri Mərkəzinin təkmilləşdirilməsi barədə protokol, həmçinin, Lənkəran şəhəri  və Boqor şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması ilə bağlı Niyyət sənədi imzalanıb.

Tunisia Flag - Melita Marine Group

Tunis

Tunis dövləti Şimalı Afrikada yerləşir. İdarəetmə forması Prezident respublikası, dini inancı İslamdır. Ölkə qərbdən Əlcəzair, şərqdən Liviya, şimaldan Aralıq dənizi ilə qonşudur. Ölkənin cənubunu Saxara səhrası təşkil edir.

Ölkənin paytaxtı ölkənin adı ilə eynidir. Əhalisinin 97 faizi ərəb-bərbərlər, qalan 3 faizi isə digər xalqlardır.

Azərbaycan Respublikası ilə Tunis Respublikası arasında diplomatik əlaqələr 1998-ci ilin iyul ayında qurulub. Azərbaycan Respublikasının Tunis Respublikasındakı səfirinin  iqamətgahı Rabat şəhərində (Mərakeş Krallığı) yerləşir. Azərbaycanla Tunis arasında əlaqələr beynəlxalq təşkilatlar, o cümlədən, BMT və İKT çərçivəsində inkişaf etdirilir.

Как выглядит флаг Нигера - национальные цвета герба страны, фото и описание

Niger

Niger rəsmi surətdə Niger Respublikası - Qərbi Afrikada dövlətdir. Paytaxtı Niamey şəhəridir. Ölkə, ərazisindən axan Niger çayının adı ilə adlanır. Niger tuareqlərin danışdıqları tamaşek dilində "Böyük çay" və ya "Çaylar çayı" deməkdir. Ölkə ərazisinin 80 faizi Saxara səhrasında yerləşir.

Niger 7 ölkə ilə həmsərhəddir - Əlcəzair, Liviya, Çad, Nigeriya, Benin, Burkina Faso və Mali ilə.

1995-ci ilin oktyabrındaNiger ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanıb. Ötən ilin oktyabrında Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə görüşü çərçivəsində Niger Respublikasının Xarici İşlər naziri Kalla Ankuraonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

Bu ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Afrikanın Sahel regionunda gərgin sosial-iqtisadi vəziyyətlə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərə etdiyi müraciətə cavab olaraq, İƏT-in Nigerdəki humanitar və inkişaf idarəsinin İƏT-in Regional Ofisinə çevrilməsinə dəstəyin verilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən bu təşkilata 100 min ABŞ dolları həcmində yardım edilib.

Son illər Niger Respublikası ilə Azərbaycan Respublikası arasındakı humanitar, iqtisadi və digər  sahələrdə əməkdaşlıq yeni mərhələyə daxil olub. 2006-cı ildə Azərbaycan Respublikasının hökuməti Nigerdə baş vermiş güclü zəlzələ nəticəsində yaranmış fəsadların aradan qaldırılması məqsədilə bu ölkəyə 20 min ABŞ dolları məbləğində yardım göstərib.

Afrika ölkələrində həyata keçirilən "Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə" kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardim Agentliyi tərəfindən BMT-nin 3-cü Davamlı İnkişaf Məqsədini rəhbər tutaraq 2009-2016-cı illəri əhatə edən kampaniyanın birinci mərhələsi ərzində Nigerlə yanaşı, Benin, Burkina Faso, Çad, Cibuti, Kamerun, Kot-d'İvuar, Qvineya, Liviya, Mozambik və Malidə ümumilikdə 300 mindən artıq insanın gözü müayinə edilib, görmə qabiliyyətini tam və ya qismən itirmiş 56 mindən artıq insan isə ödənişsiz əsasda həyata keçirilmiş katarakt əməliyyatları nəticəsində öz sağlamlığına qovuşub. Eyni zamanda, kampaniya çərçivəsində 177 yerli həkimin peşəkar səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq təlimlər keçirilib.

Azərbaycan Respublikası ilə Niger Respublikası arasında ticarət dövriyyəsi 2019-cu ildə  2 993.43 min ABŞ dollar olub.

ДОМИНИКАНА

Dominikan Respublikası

Dominikan Respublikası Karib dənizindəki Hispanyola adasında, Hispanyola Puerto Rikonun qərbində, Kuba və Yamaykanın şərqində yerləşir. Venesuela ilə dəniz sərhədi var. Adanın qərb hissəsində Haiti yerləşir. Dominikan Respublikası avropalıların Amerika qitəsində ilk məskunlaşma yeridir.

Paytaxtı Santo-Dominqo burada ilk müstəmləkə paytaxtı olub. 1961-ci ildə diktator Rafael Leonidas Trujillo Molinanın ölümündən sonra Dominikan Respublikası demokratiya yolunu seçib.

Dominikan Respublikası Latın Amerikasının Vest-Hind subregionuna daxildir. Onun Avropadan gələn ilk ziyarətçisi Xristofor Kolumb 500 il əvvəl adaya ilk dəfə ayaq basdığı zaman bu torpağın gözəlliyi qarşısında ovsunlanmış və Kral Ferdinand ilə Kraliça Izabelaya bu sətirləri yazmışdı: "Bura insan gözünün görə biləcəyi ən gözəl yerdir". Bu günə qədər də Kolombun bu sözünə etiraz edən olmayıb.

Dominikan Respublikası ispan, fransız, Haiti və Afrika mədəniyyətlərinin rəngarəng bir sintezidir. Qum-dəniz-günəş üçlüyünün ən yaxşı gözəlliyini təqdim edən bu ölkə, eyni zamanda, bənzərsiz bir mədəniyyətə malikdir.

2007-ci il noyabrın 12-də Nyu-Yorkda Azərbaycan Respublikası və Dominikan Respublikası arasında diplomatik əlaqələrin qurulması haqqında birgə rəsmi sənəd imzalanıb. Həmin sənədin müvafiq müddəasına uyğun olaraq, iki ölkə arasında diplomatik əlaqələrin qulrulması tarixi də noyabrın 12-dən hesablanır.

Qeyd etmək lazımdır ki, BMT Təhlükəsizlik Şurasına Dominikan Respublikası ilk dəfə  müvəqqəti üzv seçilib.

File:Flag of Vietnam.svg - Wikimedia Commons

Vyetnam

Vyetnam Sosialist Respublikası - Cənub-Şərqi Asiyada Hind-Çin yarımadasında  yerləşir. Şimalda Çin, qərbdə Laos və Kamboca ilə həmsərhəddir. Cənubda və şərqdə isə Cənubi Çin dənizi ilə əhatə olunub. Paytaxtı Hanoy, ən böyük şəhəri Hoşimin, ümumi sahəsi 331 212 kvadrat kilometrdir. 2018-ci ildə Vyetnamın əhalisi təxminən 95,5 milyon olub. Vyetnamda müxtəlif dini inanclar mövcuddur. Burada əsasən buddizm, konfusiyalıq və daosizm geniş yayılıb.

İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin sentyabr ayının 23-də qurulub. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

Vyetnam Sosialist Respublikasının Prezidenti 2015-ci ildə Bakıya rəsmi səfər edib.  Səfər zamanı  SOCAR və Petrovietnam arasında neft və qaz sənayesində əməkdaşlığa dair Anlaşma memorandumunu, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında kənd təsərrüfatı və kəndin inkişafı sahələrində əməkdaşlıq haqqında Anlaşma memorandumu, Azərbaycan Respublikası Hökuməti ilə Vyetnam Sosialist Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında, həmçinin, gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişlər, iki ölkənin Nəqliyyat nazirliklərin arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma memorandumu  imzalanıb. Bakı şəhəri Vyetnamın Vunqtau şəhəri ilə qardaşlaşıb.

2019-ci ilin oktyabrı ayında Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə Vyetnamın vitse-prezidenti xanım Danq Thi Nqok Thinhia iştirak edib.

Azərbaycan Respublikası ilə  Vyetnam Sosialist Respublikası  arasında ticarət dövriyyəsi  2019-cu ildə  4 151,49 milyon ABŞ dollar təşkil edib.

Flag of South Africa image and meaning South African flag - country flags

Cənubi Afrika Respublikası

Cənubi Afrika Respublikası Afrikanın  cənubunda yerləşir. Şimalda Namibiya, Botsvana, Zimbabve, şimal-şərqdə Esvatini və Mozambiklə həmsərhəddir.   Cənubi Afrika Respublikası (CAR) həmçinin, anklav dövlət Lesotonu hər tərəfdən əhatə edir.

Zəngin mineral ehtiyatlara malik olan Cənubi Afrika Respublikası Afrikada iqtisadi cəhətdən ən inkişaf etmiş ölkədir və dünyada nisbətən möhkəm mövqelərə malikdir. Afrikanın G20 üzvü olan tək  ölkəsidir. Həmçinin, CAR nüvə silahı olan, lakin könüllü olaraq ondan imtina edən ilk dövlətdir. 2010-cu ildə aparılmış rəsmi siyahıyaalmaya əsasən əhalisi 51,8 mln.  nəfərdir.

Azərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası arasında diplomatik əlaqələr 29 aprel 1992-ci ildə qurulub. Bakıda CAR səfirliyi fəaliyyət göstərir. 23 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Cənubi Afrika Respublikasının Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Nazirinin müavini Alvin Botesin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu il may ayının 4-də Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının hazırkı sədri cənab İlham Əliyevin təşəbbüsü əsasında Qoşulmama Hərəkatına üzv ölkələrin COVİD-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun "COVİD-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşü formatında təşkil olunmuş videokonfransında Cənubi Afrika Respublikasının Prezidenti cənab Siril Ramafoza da iştirak edib.

Azərbaycan Respublikası-Cənubi Afrika Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

Azərbaycan Respublikası və  Cənubi Afrika Respublikası arasında ticarət dövriyyəsi  2019-cu ildə 5776.05  min ABŞ dolları olub.

Azərbaycandan  Cənubi Afrikaya ixrac edilən əsas məhsullar: reaktiv mühərriklər üçün kerosin yanacağı, elektrik transformatorların hissələri, maye və qazları ölçən cihaz və aparatların digər hissələri və s. Cənubi Afrikadan Azərbaycana idxal edilən əsas məhsullar: hind qozu, ananas, avokado, portağal, mandarin, qreyfrut, üzüm, armud, heyva, kivi, şaftalı, gavalı, balıq, məftillər, kanatlar, xrom filizləri, qızıl, qara metallardan metal konstruksiyalar və s.

Flag of Saint Vincent and the Grenadines | Britannica 

Sent-Vinsent və Qrenadin

Sent-Vinsent və Qrenadin Karib dənizində yerləşən və Millətlər Birliyinə daxil olan müstəqil dövlətdir. Ərazisi Kiçik Antil adaları arxipelaqında yerləşən Sent-Vinsent adasından və 32 kiçik adadan ibarət Qrenadin adalar qrupundan ibarətdir.

Sahəsi 389 kvadrat kilometr, əhalisi 110 min nəfərdir (2015). Paytaxtı Kinqstaundur. İdarəetmə forması Konstitusiyalı monarxiyadır. Rəsmi dil ingilis dilidir. Adanın əhalisinin təxminən yarısı ingilis kilsələrində ibadət edir  (47 faiz). Digər inanclılar arasında metidistləri  (28 faiz), katolikləri (13 faiz), adventistləri və induistləri qeyd etmək lazımdır.

İki ölkə arasında diplomatik əlaqələr 2003-cü ilin may ayının 23-də qurulub.

Şübhəsiz, təqdim olunan faktlar və məlumatlar Qoşulmama Hərəkatına üzv olan, BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı keçirilmiş müzakirələrdə Azərbaycana dəstək göstərən dovlətlərlə ölkəmiz arasından  siyasi, iqtisadi və mədəni əlaqələri  yetərincə əks etdirmir. Bununla belə, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 2019-2022-ci illəri əhatə etdiyini nəzərə alaraq, hesab edirik ki, Hərəkata üzv ölkələrə həm KİV-də, həm də müxtəlif  ictimai-siyası tədbirlərdə daha geniş yer və diqqət verilməlidir. 

Biz isə bu yazını bu il oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətindəki bu fikirlərlə yekunlaşdırırıq: "....Baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının iclasını çağırırlar. Bir dəfə artıq bunu etmişdilər. Orada qəbul edilmiş sənəd görünür ki, onları qane etmədi. Bu dəfə də bir neçə gün bundan əvvəl biz yeni sənədin ortaya çıxmasını gördük, xəbər tutduq. Dərhal biz hərəkətə keçdik və bu sənədin qəbul edilməsinə imkan vermədik. Baxmayaraq ki, üç həmsədr ölkə BMT Təhlükəsizlik Şurasına üzv olan digər ölkələrə böyük təzyiqlər edirdi. Nə idi bunun məqsədi? Məqsədi çox aydındır, 1993-cü ildə erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması barədə qəbul edilmiş qətnamələr kölgədə qalsın, onlar arxada qalsın, onlar ya qüvvədən düşsün, ya da ki, öz əhəmiyyətini itirsin. Bu idi məqsəd. Bu, nə dərəcədə ədalətlidir? Biz yenə də işğalçıya dəstək göstərilməsi cəhdini gördük. Amma nə oldu nəticədə? Keçmədi. Necə keçmədi? Qoşulmama Hərəkatına üzv ölkələr kişi kimi buna imkan vermədilər, bizə dəstək göstərdilər, sağ olsunlar. Baxmayaraq ki, onlara təzyiq göstərildi, bəlkə də hədələr oldu. Amma durdular kişi kimi bizim arxamızda, necə ki, biz onların arxasında dururuq".

 





04.11.2020    çap et  çap et