525.Az

Sərhəd bölgəsində yerləşən Qaymaqlı kəndinin yeni məktəbi olacaq


 

MƏKTƏBDƏ 180 NƏFƏR ŞAGİRD TƏHSİL ALA BİLƏCƏK

Sərhəd bölgəsində yerləşən Qaymaqlı kəndinin yeni məktəbi olacaq<b style="color:red"></b>

Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına, eləcə də Heydər Əliyev Fondu tərəfindən  reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinə uyğun olaraq,  Qazax rayonu üzrə ümumən 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin aparılması işləri davam etməkdədir.

525.az xəbər verir ki, Dövlət Proqramında tikintisi nəzərdə tutulan məktəblərdən biri də düşmənlə sərhəddə yerləşən, qazaxlı şəhid Aydın Məmmədovun adını daşıyan Qaymaqlı kənd tam orta məktəbidir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən bu məktəb üçün 180 şagird yerlik yeni bina inşa olunur və hazırda tikintidə son tamamlanma işləri aparılır.

"Qaymaqlı kənd məktəbinin binasının yenidən inşasına bu ilin yanvar ayından başlamışıq. Haırda tikinti işlərinin ən son mərhələsidir - məktəbin ətrafını asfaltlayırıq.  Məktəbin içərisi də artıq tam avadanlıq və bütün zəruri ləvazimatlarla təmin olunub. Tədris  binası üç mərtəbəlidir, o, həmçinin, iri zirzəmiyə də malikdir. Əsas binadan başqa, ərazidə qazanxana, su nasosu stansiyası, 100 kubmetrlik olan içməli su, 150 kubmetrlik  yanğındanmühafizə, 50 kubmetrlik  çirkab su anbarıları inşa edilib. Məktəb müasir istilik sistemi ilə təmin olunub. İstər binanın xüsusiyyətləri, istər də məktəbin texniki təchizatı Qaymaqlı məktəblilərinin yüksək səviyyədə təlim-tərbiyə almaları üçün hər cür şərait yaradacaq", - deyə tikinti mühəndisi Nəsib Alqazaxlı məlumat verir.

Məktəbin həyətində Qaymaqlı kəndinin Vətən uğrunda canından keçən şəhidlərinin xatirəsini əbədiləşdirən abidə kompleksi də qurulub.

Xatırladaq ki, təkcə bu il Heydər Əliyev Fondu tərəfindən rayonda 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbi əsaslı şəkildə yenidən qurulub, həmçinin, Sarıvəlli kənd tam orta məktəbi üçün 220 şagird yerlik yeni bina inşa edilib.

Zakir Muradov
Qazax

 





04.11.2020    çap et  çap et