525.Az

"Cəmiyyət və siyasi partiyalar “beşinci kolon”un arzularını gözlərində qoydu" - Müsahibə


 

YUNUS OĞUZ: "SİYASİ PARTİYALARDA BELƏ BİR İNAM YARANIB Kİ, ONLAR CƏMİYYƏTDƏ BAŞ VERƏN PROSESLƏRDƏ VƏ DÖVLƏTİN İŞİNDƏ İŞTİRAK EDƏ BİLƏRLƏR"

"Cəmiyyət və siyasi partiyalar “beşinci kolon”un arzularını gözlərində qoydu" - <b style="color:red">Müsahibə</b>

"Siyasi dialoq" layihəsinin növbəti qonağı Milli Vəhdət Partiyasının sədri Yunus Oğuzdur. 

- Yunus bəy, artıq bir müddətdir ki,  Azərbaycanda hakimiyyətlə siyasi partiyalar arasında dialoq başlayıb. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev mütəmadi olaraq  siyasi partiya liderləri ilə görüşüb, onların fikirlərini, təkliflərini dinləyir. Sizcə, bu dialoqu zəruri edən səbəblər hansılardır?

- Bəli, son zamanlar siyasi partiyalarla Prezident Administrasiyasının, konkret olaraq Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri  Ədalət Vəliyevin görüşləri intensivləşib, fikir mübadilələri aparılır. Cəmiyyətin inkişafı, gələcəkdə dövlətin davamlı və dayanıqlı olması üçün dialoqun alternativi yoxdur. Siyasi partiyalarla dialoq cəmiyyətin fikirlərini çoxqütblü edir, şaxələndirir, fikir müxtəlifliyi yaradır, bununla da söz azadlığı və demokratiyaya geniş meydan açılır.

- Sizin fikrinizcə, iqtidar-müxalifət dialoqu başlayandan bəri Azərbaycan cəmiyyətində nələr dəyişib?

- Əlbəttə ki, cəmiyyətdə dəyişikliklər var. Doğrudur, bu sahədə görüləcək işlər çoxdur və düşünürəm ki, postpandemiya və postmüharibə dövründə işimiz daha da intensivləşəcək. Hələliksə bu dövr ərzində siyasi partiyaların inamı və lazımlığı, gərəkliyi özünə qayıdıb.  Hakimiyyətdə olmasa belə, siyasi partiyalarda belə inam yaranıb ki, onlar cəmiyyətdə və dövlətin işində,  azlığından, çoxluğundan asılı olmayaraq, iştirak edə bilər və etməlidirlər. Bu, ən çox dövlət quruculuğuna  aid ola bilər.

- Məlumdur ki, siyasi partiya liderləri tərəfindən bu görüşlər zamanı hakimiyyətə müxtəlif təkliflər verilir, cəmiyyəti narahat edən problemlər qabardılır. Sizin rəhbərlik etdiyiniz partiya hansı təklifləri irəli sürüb və onlara münasibət necə olub?

-Bəli, bizim tərəfdən də təkliflər hazırlanıb və şəxsən Ədalət müəllimə təqdim olunub. İndi daha geniş təkliflər planı hazırlamışıq, amma Qarabağda ermənilərə qarşı başlanan əks-hücumla bağlı bu məsələlər arxa plana keçib. Əlbəttə ki, təklifləri burada səsləndirmək düzgün olmazdı, çünki bütün bunlar "işçi" təkliflərdir və hər bir partiyanın da verdiyi təkliflər həyata keçməlidir. Təbiidir ki, təkliflər qruplaşdırılır, təsnifatlaşdırılır, sonra isə ümumən  həyata keçirilir.

- Hakimiyyətin dialoq başlayandan bəri atdığı addımları necə qiymətləndirirsiniz? Ümumiyyətlə, artıq dialoqun ilkin nəticələrdən danışmaq mümkündür?

- Dediyim kimi, dialoqun nəticələrindən danışmaq hələ tezdir, çünki koronavirus və müharibə bu işi səngitdi. Ancaq bir məsələ aydındır ki, bu koronavirus və müharibə cəmiyyəti bütövlükdə bir araya gətirdiyi kimi, siyasi partiyaları da dövlət başçısının ətrafında birləşdirdi və bir yumruğa çevirdi.

- Biz  cəbhədə düşmən təxribatına qarşı bütün cəmiyyətin, eyni zamanda, siyasi partiyaların vahid  mövqedən çıxış etdiyini gördük. Sizcə, ölkəmizin döyüş meydanında  əldə etdiyi uğurlarda bu həmrəylik nə dərəcədə rol oynayır?

- Bilirsiniz, müharibə başlanan kimi əlli siyasi partiyanın bəyanat verib cənab Prezidenti dəstəkləməsi çox vacib məsələ və şərt idi. Birincisi, dövlət başçısına mesaj edildi ki, gözünüz arxada qalmasın, bütün siyasi partiyaların fəaliyyətində yaxın hədəf Qarabağın işğaldan azad edilməsidir. Əgər bu işi cənab İlham Əliyev həyata keçirirsə, o zaman onu niyə dəstəkləməyək, niyə bir yerdə olmayaq? Deməli, cəmiyyəti bir araya gətirəcək ortaq problemlər var və bunu ən ümdə olanı indiki zamanda Qarabağ torpaqlarının işğaldan azad olunmasıdır. Görünür, gələcəkdə də belə ortaq nöqtələr tapmaq lazım gələcəkdir.

İkincisi isə, cəmiyyət və siyasi partiyalar ölkədə çaxnaşma yaratmaq istəyənlərin və “beşinci kolon”un arzularını gözlərində qoydu. Onlar vəziyyətin belə olacağını düşünmürdülər. Bir də ətraflarına baxdılar ki, çox azlıqda qalıblar. Bununla da, hələlik səslərini, kin-küdurətlərini öz içlərində saxladılar.

- Bilirsiniz ki,  AXCP və Müsavat Partiyası dialoqda iştirakdan imtina edib. Bu iki partiya düşmən təxribatları ilə bağlı həmrəylik bəyanatını da imzalamadılar. Onların mövqeyini necə dəyərləndirirsiniz?

- Mən biləni sonradan Musavat Partiyası bu prosesə qoşuldu, hətta bu, dövlət yetkilisinin adından da səsləndirildi. Bir deyim var, məğlubiyyətin ortağı olmur. Hamı barmağını bir nəfərə tuşlayır. Qalibin ortağı isə çox olur. Hər kəs əldə edilən qələbədə özünün rolunu kifayət qədər şişirdə bilir. Bəyanata qoşulmaq istəməyən qüvvələr yəqin düşünüblər ki, məğlubiyyət qaçılmazdır və bundan maksimum istifadə etmək lazım olacaq. Ancaq arzuları gözlərində qaldı. Dediyim kimi, həm uğurlu döyüşlər, həm də uğurlu diplomatik gedişlər bizim düz yolda olmağımızı bir daha təsbit etdi. Torpaq məsələsində "mənəm", "sənsən"  söhbəti olmamalıdır.

- Yunus bəy, dialoq prosesinin inkişafını və  perspektivləri necə görürsünüz?

- Dialoq prosesini gələcəkdə perspektivli görürəm. Verdiyimiz təkliflər həyata keçirilərsə, daha perspektivli olacaq, partiyalar dövlət quruculuğunda iştirak edə biləcəklər. Partiyalararası və partiya daxili rəqabət güclənəcək.

- Sizin fikrinizcə, ölkəmizdə aparılan siyasi islahatlar, bu dialoq partiyaların cəmiyyətdə roluna, iştirakçılığının artmasına necə təsir göstərib?

- Bundan öncəki sualınız bu sualın cavabını da özündə ehtiva edir. Hər kəs bilməlidir ki, neçə siyasi xəttə ayrılsaq da, bizi birləşdirəcək canlı orqanizm Azərbaycandır. Odur ki, Azərbaycan məsələsi və bütövlüyü ortalıqda olanda heç bir məsələ müzakirə predmeti ola bilməz. Məgər biz bunun üçün fəaliyyət göstərmirikmi?  Gücümüz birlikdədir!  

PƏRVANƏ

 





04.11.2020    çap et  çap et