525.Az

Atəşdə səməndər quşu kimi...


 

UNUDULMAZ SƏNƏTŞÜNAS VƏ TƏRCÜMƏÇİ İMRAN XƏLİLOVU EHTİRAMLA YAD EDİRİK

Atəşdə səməndər quşu kimi...<b style="color:red"></b>

Əməkdar incəsənət xadimi, sənətşünas, tərcüməçi İmran Xəlilovun 80 illiyi tamam oldu. İ.Xəlilov peşəsinə ürəkdən bağlı, xalqına, vətəninə böyük məhəbbət bəsləyən fədakar bir insan idi.

O, 1940-cı ilin 13 oktyabrında Quba şəhərində doğulmuş və 1958-ci ildə şəhər 3 saylı orta məktəbi bitirmişdi. 2 il Quba rayon Mədəniyyət şöbəsində işlədikdən sonra daxil olduğu Azərbaycan (Bakı) Dövlət Universitetinin filologiya fakültəsini 1966-cı ildə bitirərək həmin ildən də Azərbaycan (Sovet) Ensiklopediyasında fəaliyyətə başlamışdı. Xalq şairi Rəsul Rzanın rəhbərliyi ilə yaradılan Azərbaycan Ensiklopediyasının ilk aparıcı əməkdaşlarından və M.Füzuli əsərlərinin 6 cildlik akademik nəşrinin redaktorlarından biri də İ.Xəlilov idi. Bir müddətdən sonra orada Mədəniyyət və incəsənət redaksiyasının müdiri, baş redaktoru vəzifələrində çalışdı, 1993-cü ildən vəfatınadək bu idarənin Nəşriyyat-Poliqrafiya Birliyi baş direktorunun humanitar elmlər üzrə müavini işlədi.

Oncildlik Azərbaycan Sovet Ensiklopediyasında incəsənətə və sənət adamlarına aid bütün materiallar, ensiklopedik məlumata, yaddaşa malik İmran müəllimin rəhbərliyi ilə hazırlanmışdı. Fəal ictimaiyyətçi və təəssübkeş ziyalı olan İmran müəllim 1996-cı ildə qurulan Regional Quba Xeyriyyə Cəmiyyətinin təsisçilərindən və sədrinin müavinlərindən biri kimi də dəyərli işlər gördü.

O, dövri mətbuatda dərc olunan yüzlərlə təhlili məqalənin müəllifi və onlarla müxtəlif mövzulu elmi, bədii kitabın da redaktoru olub. İ.Xəlilov həm də, Y.V.Tarlenin "Napoleon", Y.Tişkovun "Feliks Dzerjinski", M.Antonioninin "Peşəsi müxbirdir", V.Katayevin "Mənim almas tacım" kitablarını, Ç.Çaplin və başqalarının əsərlərini dilimizə tərcümə edib. Kino bilicisi və sənətşünas kimi səmərəli və məhsuldar fəaliyyətinə görə 1989-cu ildə ona Əməkdar incəsənət xadimi fəxri adı verilmişdir.

"Fəlsəfə", "Ədəbiyyatşünaslıq" lüğətləri, "Dünya xalqları", "Dünya dövlətləri" adlı məlumat kitabları və başqa ensiklopedik nəşrlər də İmran Xəlilovun adı ilə bağlıdır. İkicildlik "Ədəbiyyat və İncəsənət Ensiklopediyası"nı nəşrə hazırlayır, Mədəniyyət və İncəsənət universitetində dərs deməkdən məxsusi zövq alırdı...

2 övlad atası olan gözəl insan İmran Xəlilov 2000-ci ilin 18 iyulunda maşın qəzasına düşərək faciəvi şəkildə həlak oldu və ruhən də bağlı olduğu Qubada dəfn edildi.

Vəfatından sonra 60 illiyi ilə bağlı ona həsr edilmiş xatirə kitabçası çap edildi.

Əvəzolunmaz İmran müəllimə Allahdan rəhmət diləyərək, 80 illiyində əziz xatirəsini hörmət və hüznlə anırıq. Qarabağ dərdinin ağırlığından qurtulmadan, hazırlanmasında məxsusi iştirakı olmuş "Quba tarixi" kitabının çapını görmədən Tanrıya qovuşan o gözəl insan daim xatirələrimizdə yaşayır. Tarixçi professor və şair Şahin Fazilin onun ölümünə həsr etdiyi misralar İ.Xəlilov itkisindən yaranan kədəri ovutmaqda köməyimizə gəlir: 

Hal əhli idi, sirrimizin sirdaşı idi,
Hər sahədə bişmişdi, cəhldə naşı idi,
İmran idi, atəşdə səməndər quşu idi,
Şahin quşu qaldı, o səməndər niyə yandı?!

Cabir Alpoğlu Albantürk

 





04.11.2020    çap et  çap et