Bəzən öz-özümə düşünərkən olub-keçənlərin məndə buraxdığı təəssüratları xəyalən bir nəfərə dediyimi görürəm. Onun eşitməsini istəyirmişəm kimi danışıram.
Deyirəm ki, ən yaxın dostumu qazanmağımda öz cəhdim rol oynayıb. Birinci kursun ilk günü gözüm tutan qızın yanında əyləşib "mənimlə dost olarsanmı?" dedim. Nə qədər mənasız sual idi bilirdim. Yenə də mənə görə cəsarətli addımdan zərər gəlməz. Üzümə belə baxmadan dedi ki, onu zaman göstərər. Maraqlı tanışlıq hekayəmiz var. Oxuduğum bir araşdırmaya görə yeddi il çəkən dostluqlar ömür boyu davam edirmiş. Deyəsən, onu və ondan az sonra birini də ömürlük qazanmışam.
Ömür nədir? Bizim qədərini bilmədiyimiz zaman dilimi. Həm də qədrini bilmədiyimiz. Əgər bilsəm ki, sabah dünyada olmayacağam yaxşı bildiyim heç nəyi ürəyimdə saxlamazdım.
Sual ver. Mənə sual ver ki, sevgi nədir? Deyərəm ki, anam çox sevir deyə atamın əkdiyi nərgiz çiçəkləri. Başqa da bir tərifi yoxdur, məncə. Biri haranısa yandırar, biri özünü öldürər, biri yumruğunu masaya vurar. Mən o çiçəklərin ətri ilə böyümüşəm. O sualın cavabını ən gözəl mən bilirəm. Həm insan bilmədiyi şeyin varlığını sübut etməyə çalışmaz. Bir də nəyisə bilmək üçün onu sözlərə tökməyə ehtiyac yoxdur.
Uğur qazanmışdım. Məni sevən hamı sevinirdi. "Cəsarətli qızın" cəsarətli addımı mənə sevinc yox, uğur qazandırmışdı. Səncə, nədir cəsarətli addım? Həyatını kökündən dəyişəcək sənət seçimi, yoxsa evlilik qərarın? Ən xırda görünən nə isə mənim üçün cəsarətli addıma mövzu ola bilər. Bir gün avtobusa minib çox uzaqda olan dostumu görmək üçün gedə bilərəm. Ya da günlərlə təkbaşına qalıb telefonları belə açmaya bilərəm. Mənimki daha çox öz-özü ilə danışmağa bənzəyir. Xəyali dinləyicimin mənə necə bir cavab, necə bir təsəlli verəcəyini təsəvvür etmək istəmirəm. O, məni yalnız dinləyir. Bu belə mənim üçün həmin an dəstək ola bilər.
Bu gün Abşeron yarımadasında şairlərin, şeirlərin, "Bahariyyə"nin səbası daha narahatdır. Xocalı ərəfəsində həmişə belə olur. Tələbə ikən mən də bir dəfə Sahil metrosundan "Xətai"yə uzanan o izdihamın içində olmuşam. Yaxama vurduğum simvolu hələ də saxlayıram. Hər gördüyümdə küləkli gün, üzümün, saçımın tozu yadıma düşür. Bir də yolun yarısında çıxıb gedən tanıdıqlarımın o gedişi. Mən heç kimi qınamıram. İnsan istəməsə, bir addım belə atmaz. Bəlkə də, bizi irəli aparan istəyimiz yox, vicdanımızın səsi idi. Onsuz vicdan da istəyə xidmət edir. Mən gənclərimizin vətən sevgisinə, şəhidlərimizə hörmətinə inanıram. Bəzilərinə görə, bu hərəkət zirəklik idi. Zirəklik budursa əgər, bizi sona kimi aparan iç səsimizi sevirəm. Demişdim ki, heç kimi qınamıram. Amma bir var vicdanlı, bir də var vicdansız. Eyni şey olsa, ayrı adlarla fərqləndirilərmi heç? Düşünməyə də bilmirəm.
Həmin gün sanki küləkli və günəşli təbiət də bizə uyğunlaşmaq üçün yarımçıq idi. Biz də həm ağlayır, həm gülürük, həm müstəqil, həm əsirik. Heykələ çatdıq, sonra evlərimizə dağılışdıq. Bilmirəm ki, insanlar ürəklərində nə apardılar. Özümü bilirəm. Onu da bilirəm ki, hər insan demək olar ki, eynidir. Deməli, narahat olmaya bilərəm. Mən həmişə pozitiv və inanclı olmuşam. Kiməsə nə isə deyəndə nə cavab verəcəyini təxmin edə bilirsən. Bu, tanımadığın biri olsa belə. Mən vicdanlı, üzdən kədərli, düşüncəli, eyni zamanda, gülümsəməyi bacaran, sevgi dolu, sual verdiyin zaman özünü unudub sənə yol göstərən, igid oğulları və həyalı qızları olan millətimi sevirəm. Kiməsə dediklərim gülməli gəlir. Sən də gülümsəyirsən. Əksini bilirəm. Səncə, çox vaxt yaxşı üzünü göstərən, məni bu cür düşünməyə sövq edən həyatım, hələ əvvəlində olduğum taleyim, millətim, vətənim, sevimli ailəm şükrə və sevgiyə layiq deyilmi?
Gözəlliklər artmağa meyllidir. Şükür et ki, sənin də köməyin olsun. Demirəm ki, həyatım ancaq güllük-gülüstanlıqdır...
İnsan dünyasını dəyişdikdə onun üçün nə dəyişir bilmirəm, amma bizim nəinki həyatımız, özümüz də dəyişirik. Əgər insanın ən ali, güclü, unudulmaz varlıq olduğunu düşünürsənsə, sevdiyin birini itirməklə nə qədər aciz olduğunu görürsən. İlklərin şokundan sonra öyrəşəcəyini düşünə bilərsən. Bir az elə olur, yenə də hər ağlayışımızda dərdlərimiz təzələnir. Axı necə qəbul edəsən ki, onu bir də heç vaxt görməyəcəksən. O zaman bizi həyata bağlayan sevgimiz çevrilib xəstəlik olur. Ağrıyır, əziyyət verir. Təsəlli üçün digər sevdiklərimiz gəlir. Mən onların simasında çoxdankı qəbuledişi, gözlərində acizliyi, kədəri gördüm. Özümüzü ovutmaq üçün nələrə əl atmırıq ki. Bu cür məclislərdə qadınların əllərini dizlərinə vurması vahiməli səslənir. Ritmik əl səsləri yanıqlı ağılarla qovuşur. Biz həmişə birilərini yola salırıq - məktəbə, işə, son mənzilə. Hər gedişatı bir qanuna tabe edirik. Gördüm ki, həyatda hər şey qarşılıqlıdır. Axı mən hər şeyin qarşılıqlı olmadığını iddia edənlərdən idim. Amma insanın dəyişmədiyini qəti şəkildə yenə müdafiə edirəm.
Bəlkə də, düşünmüsən, ağlamaq belə borcdur. Sən kiminsə yanında olub birlikdə ağlamısansa, bu fədakarlıq digərinin çiynində borc kimi qalır. Hamının itirdikləri və borcu var.
Bir də həyatda ikən itirdiklərimiz var. Eyni dünyanın yad insanlarıyıq biz. Yenə qarşılaşarsaq, ölən hisslərimə görə onları bağışlamayacağam.
Sonunda anladım ki, niyə qız övladın gəlişi qurban kəsməklə qarşılanmır. Öz fikrimcə qiymətləndirsəm, onun varlığını dünyaya çox görərəm. Axı qadın müqəddəsdir, kiminsə görməsini qıymazsan, kiminsə yarı olmasını, bir gün ona güldən ağır söz deyilməsini qəbul etməzsən. Amma düşünəndə ki, Allah yaradıbsa, gərək göz görə. Göz görə, könül sevə, gərək dünya gözəlləşə. Deyə bilərsən ki, buna görə hicab buyrulub. Məncə, hicab qadının varlığını heç etməkdir. Mən olanda atam çox sevinirmiş. Bunu bilməyim belə bəs etdi ki, hər addımımda atam gülümsəyərək gözümün qarşısında dayansın. Onun mənə inanan gözləri qədər heç nə mənim hicabım ola bilməz.
Mən Allahı çox sevirəm. Məscidə getmişəmmi, getməmişəmmi onu xatırlaya bilmirəm. Amma həm katolik, həm də provaslav kilsələrini gəzmişəm. Fərqi nədir ki, kilsə də Allahın evidir. "28 may"da Göy katolik kilsəsinə daxil olduqda ağır, qəribə havası məndə xoş təsir oyatmadı. Sanki işğal olunmuş torpaqlarımızda idim, amma yad kimi. Hərə öz işində idi: şam yandırırdı. Dedim, mən də bir şam yandırım. Sanki azad olmuşduq, bayraq sancırdım. Niyə belə hiss edirdim, bilirəm. Uşaqlıqdan yaddaşımızda yaxşı təsir oyatmamışdı onlar. İnsanları dininə görə fərqləndirmirəm. Multikulturalizm adlı fənn də keçmişik magistraturada. Məncə, bizim millətə "tolerant olun" demək yanlışdır. Onsuz o qədər qonaqpərvərik ki, torpaqlarımız bahasına sevirik qonağı. İş-işdən keçəndən sonra düşmən elan edirik. Nənəm danışardı ki, yaylağa gedəndə evlərimizi ermənilərə tapşırardıq. "Nə üçün" - deyə soruşduqda nökər kimi xidmət etdiklərini söyləmişdi. Onlar da az bilmirmiş. Axı hər şey qədərində gözəldir.
Dil bilmək də önəmlidir. Nə qədər dil bilirsənsə, o qədər insansan. Uşaqların səs yarışması var. Bütün iştirakçı uşaqlar rus dilində danışır, rus dilində oxuyurdu. Bir bölüm izlədim, lakin heç bəyənmədim. Bir zamanlar ruslar ziyalı olduqlarını göstərmək üçün fransız dilində danışırdılar. Mən də istəyirəm ki, Azərbaycan dili beynəlxalq dil olsun. Azərbaycanda iş üçün digər dillər tələb olunmasın. Rus, ingilis dilindən ürəklərində Azərbaycanı daşıyan insanımız istifadə etsin. Bizim təmsil olunmağa, müdafiəyə ehtiyacımız var, lovğalanan poliqlotlara yox. Heç unutmuram, lənkəranlı bir dostum dedi ki, mən məktəbli ikən çox vətənpərvər idim. Hər şey vətən üçün deyirdik. Sonra tələbə oldum. Gördüm ki, Bakıda hamı öz kefindədir. İndi də kiçik qardaşım deyir ki, əsgər olacam, şəhid olacam. Onun da dəyişəcəyini bilirəm. Mən dostumun necə biri olduğunu bilirəmsə, heç onun da dəyişdiyinə inanmıram.
Bakının günahı yoxdur. İnsanların içində heç anasına yetərincə hörmət etməyən, sözü ilə əməli düz gəlməyən adamlar da var. Onlara təsir etmək qoy, azlığın borcu olsun. Həm də biz görməsək belə, eşitdiklərimiz və 20 yanvardakı o izdihamın görüntüləri mənə deyir ki, biz onların övladlarıyıq. Lazım gəldikdə özümüzü göstərə bilirik.
Şamı yandırdım. Bir də gördüm yad insanlar mənə gülümsəyir. İnsan psixologiyasında belədir: bir amal uğrunda birləşmək insanları yaxınlaşdırır. Düşüncələrimdən xəbərsiz yadlar, yəqin, elə biliblər, mən də xristianam. Hərçənd Azərbaycan dilində danışarkən girişdə mənimlə kobud rəftar etmişdilər. O gülümsəmə tamam fərqli idi. Elə bil, mənə o cür gülümsəməmişdilər. Nə yalan deyim, ab-havanı unutdum, ürəyim isindi. Sanki torpaqlarımız da belə işğal olunmuşdu: "Bir gülümsəmə ilə".
Mən kilsələri tək gəzmişəm. Çünki yalqızkən özümü daha yaxşı tanıyıram. Tam səssizlikdə ürəyimin səsini dinləməyi də sevirəm. Təsirə məruz qalmayan fikirlərim mənim üçün dəyərlidir.
Başqa bir kilsəyə gəldikdə böyük xaç, Məryəm ana diqqətimi cəlb etdi. Burda da keşişlər özlərini elə göstərirdilər ki, guya mən turistəm, onlar ev sahibi. Əlində olana sahiblənmək önəmlidir, gələn qonağı qarşılamaq da. Amma mən qonaq deyildim. Bir keşiş əlində kitab sürətlə kilsənin içi boyunca böyük dairədə hərəkət edirdi. Dedilər ki, ibadət edir. Sualım xoşlarına gəldi, çünki yenə həmin gülümsəməni gördüm. Bəzi izahlar da etdilər. Kilsədə sıxılsam da, kilsə xorunun səsi məni çox rahatladır. Bu qeyri-adi ibadətdə ürəyimi fəth edən cazibə var. Yenə də bir nəfərin oxuduğu azan qədər heç bir xor səsi məndə sevgini alovlandıra bilmir. Bu səsdə doğmalıq var. Doğmalardan aldığım və onlara bəslədiyim sevgi, şirin xatirələrim, keçmişim, bu günüm, gələcəyim, inam hissim - hamısı uzaqlarda eşidilən, ürəyimdə səslənən azan ilə birlikdə canlanır. Piyada ikən qarşıma çıxan hər məscidə girməyi planlaşdırıram. Bu dəfə müşahidə üçün deyil, rahat nəfəs almaq üçün. Buna ehtiyacım var.
O günlərdən sonra çox şey əvvəlki kimi deyil. Artıq tələbə də deyiləm. Küçələr, öyrəşdiyim yollar doğmadır, lakin insanlara öyrəşə bilmirəm. Məzun olduqda "axır ki bitdi"nin xəbərçisi olan göyə atdığımız papaqlar düşənə kimi nəsillər yeniləndi. Biz parçalandıq, öz dövranımızı yaşatmaq üçün bizdən böyüklərin arxasınca düşdük. Görəsən, başqaları da mənim kimi hiss edirmi? Həm darıxıram, həm şansım olsa, geri dönmək istəmərəm. Mən şirin xatirələrimi əziyyətimə qurban verərəm. Həqiqət də olsa, seçimim budur.
Dördüncü kursda Yaqub Babayev adlı müəllimim son dərsində dedi ki, siz tələbəliyin fəlsəfəsini hələ anlamırsınız. O ildən sonra iki il doya-doya yaşamağa çalışdım o fəlsəfəni. Anlamağa çalışırdım. Zamanın axışında hər dəqiqənin gözəlliyini anlamaq axar çaya girib suyun soyuqluğunu hiss etmək kimi idi. Üşüyürdüm, amma çıxmırdım. Qarşımda yeni mühit, fərqli düşüncələri ilə Lənkəran magistr təhsilim üçün məni qonaq etmişdi. Tələbə yoldaşlarım, müəllimlərim, universitetin bütün kurs tələbələri, Lənkəran bazarı, kəndlərin adını öyrəndiyim avtobuslar, dayanacaqlar, dayanacaqdakı insanlar, "Bakı-Lənkəran" avtobusları, yol yoldaşlarım, onların əhvalatları, Gərmətük kəndi, qonaqpərvər, mehriban lənkəranlılar ölkələri tanıdan maddi-mədəniyyət nümunələri kimi məndə Lənkəranı bütövləşdirir.
İndi baş verənlər yuxu kimi görünür. Zamana xəyalımda qalib gələrək geriyə alır, rəngli, canlı şəkildə hər şeyi yenidən yaşaya bilirəm. Dayanacaqdakı qadına özünün də bilmədiyini düşündüyüm suallarım var idi. Onun timsalında sürətlə keçən zamanı görmüşdüm. İnsan həyatını birnəfəsə necə danışa bilər, ilahi? Doya-doya yaşamaq nəyə deyirlər, görəsən? Nə etməlisən ki, sonunda peşman olmayasan? Hər zaman bütün sözləri, baş verənləri udmaq lazımdırmı? Sonunda dəyərli olmaq üçün həmişə yaxşı insan olmağa ehtiyac varmı? Avtobus gəlmiş, daxili nitqimi yarımçıq qoymuşdu. Bunlar o zamankı suallarım idi. İndi cavablarının heç bir önəmi yoxdur.
Bir az da geriyə getdikdə dərsdən sonra qrup yoldaşımla atası dünyasını dəyişmiş bir qıza baş çəkməyə getmişdik. Biz susduq, o danışdı. Yerdə əyləşmişdik. Qan getməyən əllərini ova-ova bədənini ələ keçirmiş ağrıdan xilas olmaq istəyirdi sanki. Anlaya bilmirdim onu bu cür danışmağa vadar edən şey savadı idi, yoxsa dərdi. Bir-birinin ardınca düzülən cümlələri ilə bizə çox gözəl "ata" təsvir etməyi bacardı. Hər zaman sakit olduğunu, həmin gün ürəyində yanan nə idisə, ağrıdan fəryad edib "ata" dediyini anlatmışdı.
O qızın dönmək istəmədiyi o günlər mənim xəyalımda şirin xatirəyə çevrilib. Görəsən, o günə getməyi arzulasam, insanlıqdan kənarmı düşmüş olaram? Həm yaşatdığı hisslər hələ də canlıykən, keçmişin bu qədər uzaq olması ədalətsizlikdir.
Universitetə gəldikdə isə indi binamızı, ora aid bütün tələbələri Lənkəranın yağışına belə qısqanıram. Bir zaman yalnız islada bilən yağış, harda tutulsam, məni yandırır. Bununla belə gələcək ümidverici və cəlbedicidir. "Bəlkə"lər bizi daima irəli aparır.
Qardaşımla yaşadığımız binanın beşinci mərtəbəsindən pəncərələrimiz maraqlı mənzərəyə açılır. Əsas da gecələr. "Göbələk" adlandırdığım həyət evlərinin işıqları ulduzları gözlərimiz önünə sərir. Bizim pəncərələrdə də qəribəlik var. Birinin digər üzünü silə bilmirəm deyə, həmişə tozlu qalır. Düzü, bir dəfə cəhd etdim, anam töhmətləndirdi ki, əgər düşsən, arxanca özümü atacam. O pəncərə aydın göstərmir. Eynən keçmişimdə ilişəndə irəli gedə bilmədiyim kimi. Onun sağında təmiz pəncərədə isə özümü görürəm - xəyali dinləyicimi!
Söylü AĞAZADƏ
çap et