525.Az

Türkiyənin Qızıl Ay qurumundan qardaş yardımı


 

11 İRİTUTUMLU YÜK MAŞININDAN İBARƏT KARVAN CƏBHƏYANI BÖLGƏYƏ ÜZ TUTDU

Türkiyənin Qızıl Ay qurumundan qardaş yardımı<b style="color:red"></b>

Qardaş Türkiyə Respublikasının Qızıl Ay ("Türk Kızılay") qurumu cəbhə zonasında yaşayan və erməni təxribatları nəticəsində mal-mülkü ziyan görən vətəndaşlarımıza dəstək olaraq, oktyabrın 12-dən etibarən başladığı zəruri yardım kampaniyasını davam etdirir.

525.az xəbər verir ki, qardaş ölkədən gəlmiş 11 ədəd "Tır"lar karvanı Gəncə bölgəsinin girişində ictimaiyyət tərəfindən qarşılanıb və döyüş zonasındakı yaşayış məntəqələrinə uğurlanıb. Türkiyə Respublikasının Gəncədəki baş konsulu Zəki Öztürk ölkəsinin bu kimi addımlarını bir qardaşlıq borcu kimi xarakterizə edib.

"Biz Azərbaycanla soyumuz, kökümüz, dilimiz, dinimiz, mədəniyyətimiz bir olan ekiz qardaşlarıq. Bu yardımlar da könlümüzdən keçən bir qardaş yardımıdır. İstəyirik ki, Azərbaycanın sevinclərini, acılarını da bir qardaş kimi bərabər paylaşaq", - deyə Z.Öztürk qeyd edib.

Türkiyə Qızıl Ay qurumu bu yardımları Azərbaycandakı həmkar təşkilat ilə məsləhətləşmələr çərçivəsində gerçəkləşdirir. "Türk Kızılay"ın ölkəmizdəki təmsilçisi Sərdar Günal bildirib ki, bu yardım paketində mal-mülkü zərər görmüş vətəndaşlarımız üçün zərurət görünəcək əsas ehtiyaclar nəzərə alınıb.

"Bombardmanlardan evləri dağılan insanların, soyuqların düşməsi ilə daldalanmaq ehtiyacları yarana bilər. Odur ki, biz bu dəfə çadırlar, həmçinin, isti geyimlər və digər zərurəti yarana biləcək əşyalar da gətirmişik", - deyə S.Günal qeyd edib.

Qardaş ölkənin bu humanitar təşkilatının müvafiq addımlarının davam etdiriləcəyi bildirilir.

Zakir MURADOV
Gəncə

 





05.11.2020    çap et  çap et