525.Az

Dövlət dəstəkli ilk aqrar sığorta işinə cəbhə bölgəsindən başlanıldı


 

TƏRTƏRLİ FERMER İLƏ İLK SIĞORTA MÜQAVİLƏSİ İMZALANIB

Dövlət dəstəkli ilk aqrar sığorta işinə cəbhə bölgəsindən başlanıldı<b style="color:red"></b>

Azərbaycanda dövlət dəstəyi ilə yaradılan aqrar sığorta mexanizminin  rəsmi olaraq tətbiqinə başlanılıb. Erməni təcavüzünün ağrılarını öz sinəsində daha çox hiss edən Tərtər rayonunda bu yöndə  ilk aqrar sığorta müqaviləsi imzalanıb.

525.az xəbər verir ki, Tərtər rayonunun Bəyimsarov kəndində baş tutan ilk imzalanma mərasimində Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri,  Bakıda səfərdə olan Türkiyənin TARSİM kənd təsərrüfatı sığortaları təşkilatının rəhbərliyi, Aqrar Sığorta Fondunun, "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-nin rəhbərliyi, fermer və sahibkarlar iştirak edib.

İlk aqrar sığorta müqaviləsi əsasında Tərtər rayonundan olan sahibkarın südlük heyvanları sığortalanıb. Aqrar Sığorta Fondu və fermer Habil İbrahimli arasında imzalanan ilk müqavilədə 50 baş iribuynuzlu heyvanın aktual risklərdən sığortalanması nəzərdə tutulur.

"Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizminin yaradılması ölkə başçısının rəhbərliyi ilə kənd təsərrüfatı sektorda həyata keçirilən ardıcıl islahatlar və fermerlərə dövlət dəstəyinin əhəmiyyətli mərhələsidir. Aqrar sığorta fermerlərin məhsullarını və gəlirlərini qorumaqla onlara dəstək olacaq. Qaydalara görə, aqrar sığorta haqqının 50%-i dövlət tərəfindən ödəniləcək, qalan məbləği isə fermer hissələrlə ödəyə biləcək. Sığorta risklərinin qiymətləndirilməsi və sığorta hadisələrinin araşdırılması üçün müstəqil sığorta eksperti xidmətinin fəaliyyəti də dövlət tərəfindən maliyyələşdiriləcək. Nəticədə kənd təsərrüfatı daha təhlükəsiz biznes sektoruna çevriləcək və bu sahəyə yatırımlar daha da artacaq", - deyə Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib.

F.Sadıqov həmçinin, ilk aqrar sığorta müqaviləsinin Ermənistan tərəfinin davamlı atəşə tutduğu ərazidə - Tərtər rayonunda imzalanmasının təsadüfi olmadığına diqqət çəkib.

"Dövlət bununla nümayiş etdirir ki, ölkənin bütün ərazilərində, xüsusilə də cəbhə və cəbhəyanı ərazilərdə fəaliyyət göstərən fermer və sahibkarların yanındadır və onları daha güclü şəkildə dəstəkləməkdə davam edir", - deyə o, əlavə edib.

İmzalanma mərasimində iştirak edən Türkiyə Respublikasının TARSİM aqrar sığorta təşkilatının himayəçilik şurasının üzvü, Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik nazirliyinin nümayəndəsi Bekir Engürülü qardaş ölkənin bu sahədə təcrübəsinə əsasən qeyd edib ki, aqrar sığorta fermerlərin risklərini sığortalamaqla aqrar sahənin maliyyəyə çıxışını asanlaşdıracaq, kənd təsərrüfatının daha dayanıqlı inkişafına şərait yaradacaq.

Dövlət dəstəkli ilk sığorta müqaviləsinə qoşulan tərtərli fermer Habil İbrahimli aqrar sığortanın tətbiqinin onun kimi neçə-neçə əməkçilərin işini asanlaşdıracağına və onların təsərrüfatlarının daha da genişləndirilməsi üçün stimul yaradacağına əminlik ifadə edib və kənd təsərrüfatı istehsalçılarına yaradılan hərtərəfli şəraitə görə  ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Aqrar Sığorta Fondu tərəfindən ilkin mərhələdə 1-7 yaşlı südlük inək və camışlar, 14 bitki növü (buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, narıngi, çay, çəltik, tütün, üzüm, fındıq, pambıq), eləcə də nohur və hovuzlarda yetişdirilən balıqlar sığortalanacaq. Gələcəkdə aqrar sığortanın əhatə etdiyi sığorta predmetləri və risklərin siyahısı genişləndiriləcək.

Zakir MURADOV
Tərtər-Gəncə

 





05.11.2020    çap et  çap et