525.Az

"AŞPA Daimi Komitəsinin iclası Bakıda keçiriləcək"


 

"AŞPA Daimi Komitəsinin iclası Bakıda keçiriləcək"<b style="color:red"></b>

“AŞPA Daimi Komitəsinin iclası Bakıda keçiriləcək və yeni prezident kimi xanım  Brassöre də həmin iclasa qatılacaq”

“Avropa Şurası Parlament Assambleyasının yeni prezidenti Ann Brassöre çox ciddi və obyektiv siyasətçi, parlamentaridir. Bu baxımdan, düşünürəm və inanıram ki, bu quruma prezidentliyi dövründə də onun ölkəmizə münasibəti obyektiv və ədalətli olacaq”.

525.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, professor Rafael Hüseynov sözügedən qurumun  yeni prezidenti A. Brassöre ilə Azərbaycanın bəzi mətbuat orqanlarında gedən məlumat və iddialara münasibətini bildirərkən dilə gətirib.

Millət vəkili xatırladıb ki, AŞPA-nın yeni prezidentinin seçkiləri ərəfəsində və ondan sonra ölkənin bəzi media orqanlarında həqiqətəuyğun olmayan məlumatlar öz əksini tapıb:

“Bəzi mətbuat orqanları iddia edirdilər ki, guya Ann Brassöre AŞPA-nın yeni prezidenti seçiləndən sonra sözügedən qurumun Azərbaycana olan münasibəti yenidən dəyişəcək, sərtləşəcək, Azərbaycanı burada növbəti dəfə çətin günlər gözləyir və sair. Tam məsuliyyətimlə deyirəm ki, bu iddiaların heç bir əsası yoxdur. Çünki xanım Brassöre kifayət qədər ciddi və obyektiv insandır.

 Mən şəxsən onu 14 ilə yaxındır ki, tanıyıram. Onunla həm AŞPA-nın Hüquqi Məsələlər və İnsan Haqları Komitəsinin, həm də Mədəniyyət, Elm və Təhsil Komitəsinin üzvü olmuş və əməkdaşlıq etmişik. O, həm də mənim özümün təmsil olunduğum AŞPA Liberal-demokratlar qrupunun rəhbəridir və qeyd edim ki, bu qrup AŞPA-dakı 5 qrupun ən nüfuzlularındandır. Həmin qrupda da onun Azərbaycanla bağlı mövqeyi obyekiv olub”.
Bununla yanaşı millət vəkilinin dediyinə görə, “Eurovision-2012” ərəfəsində hansısa səbəblərdən A. Brassörenin Azərbaycanla bağlı mövqeyində bir qədər dəyişiklik, sərtlik müşahidə olunub:

“O, həmin vaxt nədənsə, Azərbaycanla bağlı bir qədər sərt mövqedən çıxış etdi və hətta, ölkəmizlə əlaqədar məsələni Siyasi qrupun müzakirəsinə çıxarmaq istəyirdi. O zaman mən qrupumuzda çıxış etdim və xanım Brassörenin mövqeyini kəskin tənqid etdim. Ancaq sonradan onun ölkəmizlə bağlı hər hansı məsələdə kəskin, sərt, qeyri-obyektiv mövqe sərgilədiyini görmədim.

Onu da nəzərə çatdırım ki, AŞPA-ya yeni prezident seçkiləri çox gərgin şəraitdə keçdi, bu posta Böyük Britaniyadan olan parlamentari Volter də öz namizədliyini irəli sürmüşdü. Ancaq mən öz qrupumuzda çıxışım zamanı xanım Brassörenin namizədliyini dəstəklədim və ona  uğrlar arzuladım. O da bu məsələdə bizim mövqeyimizdən, Azərbaycanın mövqeyindən məmnunluğunu ifadə etdi. Yəni, bunları deməkdə məqsədim odur ki, AŞPA-ya prezidentliyi dövründə də onun Azərbaycanla bağlı mövqeyinin obyektiv və  ədalətli olacağına inanıram”.

R. Hüseynov eyni zamanda deyib ki, bu ilin may ayında AŞPA-nın Daimi Komitəsinin növbəti iclası Bakıda keçiriləcək və AŞPA prezidenti kimi A. Brassöre də həmin iclasa qatılacaq.

Kamil Həmzəoğlu

 





07.02.2014    çap et  çap et