525.Az

Yaponiya ilə mövcud turizm perspektivləri müzakirə edilib


 

Yaponiya ilə mövcud turizm perspektivləri müzakirə edilib<b style="color:red"></b>

Noyabrın 6-da Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçini qəbul edib.

DTA-dan 525.az-a bildirib ki, görüşdə iki ölkə arasında mövcud turizm əlaqələri və əməkdaşlıq perspektivləri haqqında müzakirələr aparılıb. Vada Cüniçini Azərbaycana yeni təyinatı münasibətilə təbrik edən Fuad Nağıyev ona fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı agentlik sədri 30 ilə yaxındır Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda erməni vandalizmi nəticəsində Azərbaycanın turizm potensialına vurulan zərər, işğalçılar tərəfindən məqsədli şəkildə turizm əhəmiyyətli məkanlarının dağıdılması siyasəti və bu kimi digər məqamlar barəsində məlumat verib.

Fuad Nağıyev Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayaraq uğurlu əks-həmlə əməliyyatı ilə işğal altına olan torpaqlarının azad edilməsindən bəhs edərək Qarabağda turizmin inkişaf etdirilməsi perspektivlərindən danışıb.

Öz növbəsində səfir tezliklə sülhün bərqərar olunacağına inamını ifadə edib. O bildirib ki, ölkələrimiz arasında ikitərəfli diplomatik əlaqələr yüksələn xətt üzrə inkişaf edir.

Qeyd olunub ki, son illərdə Azərbaycan ilə Yaponiya arasında bir çox sahələrdə olduğu kimi turizm sahəsində də qarşılıqlı əlaqələr genişlənməkdədir. Müzakirələr zamanı iki ölkənin müvafiq turizm qurumları arasında razılaşma sənədinin imzalanması, Yaponiyanın turizm şirkətləri və media nümayəndələri üçün Azərbaycana tanışlıq səfərinin təşkil edilməsi və çarter reyslərin açılması kimi məsələlər barəsində fikir mübadiləsi aparılıb.
 
Görüş çərçivəsində, həmçinin postpandemiya dövründə turizm sahəsinin bərpası məqsədilə planlaşdırılan tədbirlər barədə qarşılıqlı məlumat və təcrübə mübadiləsinin aparılması məsələsi də müzakirə edilib.

 





06.11.2020    çap et  çap et