525.Az

Azərbaycan gəncliyi tarixi anlara şahidlik edir - Əfsanə Şükürova yazır


 

Azərbaycan gəncliyi tarixi anlara şahidlik edir - <b style="color:red">Əfsanə Şükürova yazır </b>

Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Artıq bir aydan çoxdur, davam edən müharibə nəinki tarixi və əzəli torpaqlarımızın azad olunması ilə nəticələnir, ölkədə xalq-iqtidar, xalq-ordu birliyini, həmrəyliyini daha da gücləndirir.

Son bir ayda Azərbaycan gəncliyi, Azərbaycan xalqı tarixi  anlara şahidlik etdi. Dünya döyüş tarixinə yeni mərhələ kimi yazılan Qarabağ savaşı bəşəriyyətə xalqımızın və onun rəhbərinin simasında işğalçının başından necə vurmaq lazım olduğunu göstərdi.

Bəzən müharibə tarixində 5-ci nəsil, bəzən isə dron savaşlarının önə çıxdığı, üstünlük təşkil etdiyi yeni mərhələ kimi xarakterizə edilən bu azadlıq savaşımızda heç şübhəsiz ki, əsas sözü canıyla, qanıyla azad edilən torpaqlara bayraq sancan Azərbaycan əsgəri deyir... Təbii ki, güclü sərkərdə, əzmkar rəhbər olmasa, güclü ordu, əzmkar əsgər də formalaşmaz. Bu mənada xalqımızın uzun illərin təcrübəsinə malik olan bir liderə - cənab Prezidentə güvənməsi, onun istənilən döyüş əmrinə müsəlləh əsgər kimi hazır olduğunu göstərməsi müharibədəki uğurlarımızın səbəblərindən biridir. Amma yuxarıda da qeyd etdiyim kimi əsas amil uğurlu sərkərdə, güclü liderə sahib olmaqdır.

Təsadüfi deyil ki, Ali Baş Komandan İlham Əliyev eyni vaxtda bir neçə cəbhədə lider kimi önə çıxaraq düşmənlə mübarizə aparır, 30 ildən sonra arzusunda olduğumuz zəfərlərin sıralanmasında əsas rol oynayır. Cənab Prezident yalnız Ali Baş Komandan kimi orduya birbaşa əmr və rəhbərlik etməklə döyüş meydanında deyil, paralel olaraq informasiya savaşında da çox ciddi mübarizə aparır.

Bu gün dünyamız sosiallaşma, sosial media dövrünü yaşayır. İstənilən yanlış informasiya, "fake" xəbər Vətən müharibəsi kimi haqq işində, haqq davasında bizə mane ola bilər, uğurlarımızın qarşısında süni sədd çəkər. Ona görə də informasiya savaşında da döyüş meydanındakı kimi maksimum aktiv olmalı və daha uğurlu fəaliyyət göstərməliyik ki, ordunun əldə etdiyi uğurlarla paralel olaraq media arenasında da nailiyyətlər qazanıb haqq sözünü dünyaya operativ və səlist şəkildə çatdıra bilək. Bu mənada, Prezidentin son bir ayda yorulmadan dünyanın aparıcı TV və xəbər agentliklərinə ardıcıl müsahibələr verməsi, Paşinyanla qatıldığı eyni verilişdə onu sözün həqiqi mənasında susdurması biz gəncləri qürurlandırmaya bilməzdi. Gənclərimiz bundan ruhlanaraq sosial mediada aktivlik göstərir, ön cəbhədə olan həmyaşıdlarını, ümumilikdə hərbçilərini arxa cəbhədə -  informasiya savaşında öz aktivlikləri ilə tək qoymamağa çalışırlar. Çünki hər iki cəbhədə olan mübarizə paralel şəkildə getməlidir. Bunun ən yaxşı nümunəsini Ali Baş Komandan yaratdı. O həm orduya uğurla rəhbərlik edib güc hesabına savaşdı, həm də öz intellektualı, savad və təcrübəsinə arxalanaraq informasiya savaşında ön plana çıxdı və bu fəaliyyətlərə də uğurla davam edir...

Azərbaycan gəncləri həqiqətən də bu tarixi günlərin, tarixi zəfərlərin, nəinki region, ümumilikdə dünya üçün mühüm əhəmiyyətə malik tarixi dəyişikliklərin bir hissəsi olmaqdan qürur hissi keçirir. Bəlkə də, dünyada elə bir nümunə yoxdur ki, Azərbaycan kimi gənc, müstəqil bir ölkə beynəlxalq hüququn, nüfuzlu təşkilatların neçə illərdən bəri bacarmadığı bir işi - işğalçını öz yerində oturtmağı bacardı və öz əzəli torpaqlarını işğaldan azad etməyə başladı. Bütün bu uğurlarda şübhəsiz ki, Ali Baş Komandanın əmrində olan Müzəffər Ordumuzun hazırlıqlı olması, ən müasir hərbi avadanlıqlar, maddi-texniki baza ilə təmin edilməsi mühüm rol oynayır. Hər nə qədər bu sadalanan mühüm amillər, düşməndən üstünlüyümüzü birə-beş artıran nüanslar mühüm rol oynasa da, insan faktoru - Vətənini sevən, ondan ötrü hər zaman canından keçməyə hazır olan əsgər amili də mühüm rol oynayır. Ordumuzun böyük əksəriyyətinin gənclərdən formalaşması təsadüfi deyil. Bu dövlət, bu xalq gənclər ordusunun qəhrəmanlıqları, döyüş meydanında göstərdiyi şücaətləri hesabına 30 ildir ki, dünya güclərinin həll edə  bilmədiyi bir problemin qısa zamanda həllinə şahidlik edir.

Bu gün ön cəbhədə kimliyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşına - müəllim, həkim, idmançı, media nümayəndəsi və s. peşə sahiblərinə ictimai və siyasi həyatda aktivlik göstərən çoxlu insanlara rast gəlmək olar. Bu mənada "İrəli" İctimai Birliyinin sədrinin də döyüşlər başlayan ilk günlərdə əlinə silah götürüb torpaqlarmızın azad olunmasında iştirak etməsi təqdir edilməlidir. Arxa cəbhədə çalışanlardan tutmuş, ön cəbhədə mətin addımlarla irəliləyən peşəkar ordumuza qədər bütün xalq, bütün cəmiyyətimiz çəkici bir nöqtəyə vurur. Hamı "Qarabağ Azərbaycandır" deyib uğurlu döyüşlər, torpaqlarımızın azad edilməsi üçün əlindən gələni edir.

Bu gün biz hamımız Ali Baş Komandanın illərlə qurub gücləndirdiyi Azərbaycan Ordusunun ard-arda tarixi zəfərlərə imza atmasını böyük qürur hissi ilə izləyirik. Bəli, biz bütün dünyaya yalnız güclü dövlət olduğumuzu deyil, genində döyüş ruhu yatan, haqsızlığa heç vaxt susmayacaq bir böyük xalq olduğumuzu sübut etdik.

Artıq düşməndən təmizlənən torpaqlara qayıdış planları, layihələri də hazırlanır. Tezliklə bir qarış torpaq belə düşmən tapdağı altında qalmayacaq. Bütün xalqımız kimi, cəmiyyətin aparıcı qüvvəsi olan biz gənclər də buna əminik. Öz müzəffər yürüşünü davam etdirən Azərbaycan Ordusunun əsas hissəsini təşkil edən gənclərimiz son ana qədər döyüşəcəklər və işğalçıların tarixi torpaqlarımızdan tam şəkildə qovulmasını təmin edəcəklər. Ali Baş Komandanın dediyi kimi, Müzəffər Ordumuz düşmənə dərs verir, öz uğurlu əməliyyatları ilə Azərbaycan xalqını sevindirir və əminik ki, bundan sonra da bizlərə sözlə ifadəsi mümkün olmayan böyük sevinc hissləri yaşadacaq. Azərbaycan xalqı öz Prezidentinə, qələbələr qazanan rəşadətli Ordusuna inanır və yaxın günlərdə üçrəngli bayrağımızın Xankəndi, Şuşa və digər tarixi yaşayış məskənlərimizdə dalğalanacağına əmindir. Xilaskarlıq missiyasını uğurla yerinə yetirən ordumuzu alqışlayır, düşmənin tam şəkildə kürəyinin tezliklə yerə vurulmasını arzulayırıq.

Eşq Olsun Azərbaycan Ordusuna!

Qarabağ Azərbaycandır!

 





06.11.2020    çap et  çap et