525.Az

Dövlət Bayrağımız - qürur mənbəyimiz, and yerimiz


 

Dövlət Bayrağımız - qürur mənbəyimiz, and yerimiz<b style="color:red"></b>

Dövlətlərin,  xalqların  və millətlərin mühüm suverenlik rəmzlərindən olan bayraq, sadəcə bir ipək parçası deyil, bir ölkənin azadlığını və müstəqilliyini təmsil etməsi adından çox mühüm məna daşıyır. Bayraqlarda hər bir xalqın milli, dini, ideoloji simvolları öz əksini tapır.

Dövlət rəmzi kimi bayrağa hörmət göstərilməsi hər bir ölkə vətəndaşının vətəndaşlıq borcudur. Elə buna görə də, dövlətin əsgəri ölkənin ərazi bütövlüyünün və suverenliyinin qorunması ilə bağlı müqəddəs vəzifəni öz öhdəsinə götürərkən bayrağa and içir.

Azərbaycan bayrağı parlaq tarixi yol keçib. Müstəqil Azərbaycanın ilk bayrağı 1918-ci ildə Gəncə şəhərində qəbul olunub. İlk bayraq kimi 24 iyun 1918-ci il tarixində qırmızı rəngli ay və səkkizguşəli ulduzdan ibarət bayraq qəbul olunmuşdu və bu bayrağın müvəqqəti olmağı qeyd edilmişdi. Daha sonra 1918-ci il noyabrın 9-da isə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Bakıda keçirilən iclasında Fətəli xan Xoyski milli bayraq haqqında məruzə ilə çıxış etmişdi. Müzakirələrdən sonra yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq Dövlət Bayrağı kimi qəbul edilib. Amma təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, bu bayrağımız zirvələrdə uzun müddət dalğalanmadı.

Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin dövrdən danışarkən deyib: "Bizim müstəqilliyə gedən yolumuz o gündən başlamışdır. Məhz Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir".

1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və Sovet hakimiyyətinin qurulması ilə üçrəngli bayrağımız 70 il xalqımızın qəlbində yaşadı.

Azərbaycan Respublikasının üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə qaldırıldı. "Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında" Qərara əsasən, müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edildi.

Bayraq haqqında danışarkən üçrəngli bayrağımızın ideologiyasının banisi olan Əli bəy Hüseynzadəni xatırlamaq lazımdır. Əli bəy Hüseynzadənin türkçülük, müasirlik, islamlaşmaq ideyaları üçrəngli bayrağımızda öz əksini tapmışdı. Bayrağımız həm də,  Azərbaycan dövlətinin öz inanclarına, öz dəyərlərinə sadiqliyini özündə əks etdirir.

Üçrəngli bayrağımızdakı simvol və təsvirlər əsl tarixi - fəlsəfi sistemdir. Bayrağımızın üzərindəki rənglərin, aypara və ulduzun özündə hansı mənaları gizlətdiyi, tarixin hansı dərinliklərinə gedib çıxdığı bizim üçün maraqlıdır. Belə ki, səkkizguşəli ulduzun tarixi izahı barədə də bir çox versiya mövcuddur. İrəli sürülən fərziyyələrdən biri isə ondan ibarətdir ki, qədim türk mifologiyası həmin xalqların taleyində mühüm rol oynayır. Yəni ulduzlar səkkiz guşə kimi düzüləndə, həmin xalqın taleyində xoşbəxt hadisə baş verib. Versiyalardan başqa birində iddia olunur ki, Xalq Cümhuriyyətinin dövlət prinsipləri müəyyən edilərkən 8 prinsip əsas götürülüb. Bunlar türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir. Səkkizguşəli ulduzun əbədilik, sonsuzluq, davamlılıq rəmzi də olması bir sıra ədəbiyyatlarda qeyd olunur. Bayrağımızın üzərində əks olunmuş aypara yeni doğulmuş müsəlman ölkə mənasını bildirir. Aypara və ulduz istər milli baxımdan, istərsə də mənəvi baxımdan Azərbaycan xalqının qədim maraqlarının ifadəsi və simvoludur. Bayrağın üzərindəki rənglərin mənasını dahi Azərbaycan şairi Cəfər Cabbarlı özünün "Sevdiyim" şeirində daha poetik şəkildə ifadə edib:

Bu göy boya, Göy Moğoldan qalmış bir türk nişanı,

- Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmayan imanı,

- Ürəklərə dolmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı,

- Mədəniyyət bulmalı!

"Bayraqları bayraq edən üstündəki qandır" deyən şair bayrağımızın bizim üçün necə dəyərli olduğunu ən yaxşı formada izah edib. Müstəqil ölkədə yaşamağımızın səbəbkarı olan şəhidlərimiz  bu bayrağın dalğalanması üçün canlarından keçiblər. Bizdə bu bayrağın daim torpaqlarımız üzərində dalğalanması üçün  ən böyük hörməti göstərməli və ona hörmətsizlik edənə qarşı ən layiqli cavabı verməliyik. Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi: "Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir".

Bayrağımız ölkəmizdə qanunvericilik səviyyəsində qorunur. Milli Məclis tərəfindən "Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında" qanun qəbul edilmiş, 8 iyun 2004 - cü il tarixdə isə Milli Məclis "Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında", "Dövlət Bayrağı haqqında Əsasnamə" də qəbul etmişdir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 324-cü maddəsində Dövlət Bayrağına və Dövlət Gerbinə təhqiredici hərəkətlərin edilməsi cinayət olaraq qiymətləndirilib. Bu qərarlarla Azərbaycan bayrağının müqəddəsliyini, Azərbaycan bayrağının bizim üçün dəyərini bir daha başa düşmüş, dərk etmiş oluruq.

Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli Dövlət Bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Biz fəxr hissi ilə deyə bilərik ki, Azərbaycan Bayrağı dünyanın əsas beynəlxalq təşkilatlarının qarşısında, respublikamızda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin yerləşdiyi binalarda, beynəlxalq sularda üzən gəmilərimiz üzərində əzəmətlə dalğalanır. Beynəlxalq səviyyəli idman yarışlarında, mədəni tədbirlərdə bayrağımız hər zaman  zirvələrdə olur. Dövlət Bayrağı Meydanının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev söylədiyi bu fikirlərlə hər birimizin ürəyindən xəbər verdi: "Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq".

Bu gün də tariximizin ən şanlı səhifələri Dövlət Bayrağımızla bəzənir. Müzəffər ordumuz tərəfindən uzun illər sonra işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımız yüksəldilir. Uğrunda can verdiyimiz şanlı bayrağımız bu gün Füzuli, Qubadlı, Zəngilan səmasında dalğalanır.

Bayrağımız bizim qürur mənbəyimiz, and yerimiz, iman yerimizdir. Onun daim ucalarda dalğalanması üçün bütün qüvvəmizlə çalışmalı, müqəddəsliyinin keşiyində qürurla dayanmalıyıq.

Əziz QASIMOV
Naxçıvan Dövlət Universitetinin müəllimi

 





06.11.2020    çap et  çap et