525.Az

UNEC-dən dünya səviyyəli təhsilə açılan qapılar - Reportaj


 

AZƏRBAYCANIN BU YÜKSƏK NÜFUZLU UNİVERSİTETİNİN 3 TƏLƏBƏSİ LONDON İQTİSADİYYAT MƏKTƏBİNİN BEYNƏLXALQ PROQAMINDAN MƏZUN OLUB

UNEC-dən dünya səviyyəli təhsilə açılan qapılar - <b style="color:red">Reportaj </b>

Ölkənin aparıcı ali təhsil ocaqlarından olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) regionda iqtisad elmini dərindən öyrədən fundamental tədris mərkəzi sayılır.

525.az xəbər verir ki, 1930-cu ildə əsası qoyulmuş Azərbaycan Dövlət İqtisad Universiteti Cənubi Qafqaz ölkələrinin ən iri ali təhsil ocaqlarından biridir. UNEC-in ölkənin yeganə ali iqtisadi təhsil müəssisəsi olaraq yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanmasında müstəsna xidmətləri var. UNEC ölkədə sənaye, ticarət, maliyyə, statistika, vergi sistemi, marketinq, menecment və sair ixtisaslar üzrə kadr hazırlığı və elmi-tədqiqat mərkəzinə çevrilib.

UNEC Avropanın, Amerikanın aparıcı universitetləri ilə ikili diplom, mübadilə proqramları həyata keçirir. Həmçinin, tələbələrə dünyanın aparıcı universitetlərinin beynəlxalq proqramlarında iştirak etmək üçün şans yaradır. Belə proqramlardan biri də London Universiteti/London İqtisadiyyat Məktəbinin (LSE) bakalavr dərəcəsi üzrə beynəlxalq proqramıdır.

2020-2021-ci tədris ilində ilk dəfə olaraq UNEC-in 3 tələbəsi  London Universiteti/London İqtisadiyyat Məktəbinin (LSE) bakalavr dərəcəsi üzrə beynəlxalq proqramından məzun olub.

London Universiteti/London İqtisadiyyat Məktəbini fərqlənmə diplomu ilə bitirən üç tələbədən biri Nərmin Kərəmova deyir ki, UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) Biznesin idarəedilməsi ixtisası üzrə bakalavr təhsili alıb: "Düşünürəm ki, biznes təhsilinin qazandırdığı bacarıqlar praktik olaraq, hər bir sahədə faydalı ola bilər, kiçik bir komandadan tutmuş, böyük bir şirkəti idarə etməyə qədər istənilən miqyasda. LSE-də isə ixtisasım Maliyyə və mühasibat  oldu. Biznes mühitində maliyyə və mühasibat önəmli sahələrdəndir. Gələcək karyeramda hər iki ixtisasın önəmli rol oynayacağından əminəm. Məqsədyönlü olmaq və daima özünü inkişaf etdirmək insanı uğurlu edən aspektlərdir. UNEC tələbələri üçün Avropanın lider universitetlərdən biri olan LSE-nin beynəlxalq proqramına qoşulmaq şansına laqeyd qala bilməzdim. Şəxsi biznesimi qurmaq və  biznesin əsas təməlindən olan maliyyəni beynəlxalq təcrübə əsasında dərindən öyrənmək arzumu bu proqrama qoşularaq reallaşdırdım".

Onun dediyinə görə, LSE ilə paralel olaraq İSE-də də təhsil almaq bir qədər çətin idi: "Çətinliklərin öhdəsindən gəlmək üçün motivasiyanın vacib olduğuna inanıram. Bu proqramı seçmək öz qərarım idi və məqsədlərimə çatmaq üçün daha çox çalışmaq lazım olduğunu da anlayırdım. Nə istədiyimi və nə üçün çalışdığımı bilmək mənə hər zaman ruh yüksəkliyi verir, istəklərimə nail olmağım üçün daha əzmlə çalışmağıma səbəb olur. Təhsilə önəm verməyimin məqsədlərimə çatmaqda hər zaman müsbət rol oynadığını görmək məni sevindirir və motivasiya edir".

O bildirib ki, LSE-də tədris alan tələbələrin 1 il ərzində 4 və ya 5 fənn seçmək imkanı olur. Hər fənn çox geniş mövzuları əhatə edir və seminar olmur. İlin sonunda Böyük Britaniya konsulluğunda hər fənn üzrə 1 imtahan keçirilir. İSE-də isə dərslər mühazirə və seminardan ibarətdir, imtahanlar semestrlər üzrə ildə iki dəfə keçirilir: "LSE-də mənim üçün ən maraqlı və önəmli olan bir məqam da tələbə portalı idi. Tələbə portalı mən deyərdim ki, London Universitetinə giriş qapısıdır. Buradan onlayn kitabxanaya daxil olaraq lazım olan kitabları, məqalələri əldə etmək mümkündür. Portalın verdiyi əsas üstünlüklərdən biri isə dünyanın hər yerində bu beynəlxalq proqramda təhsil alan tələbələr və professorların bir-biriləri ilə əlaqə yaratmaq, müzakirələr aparmaq imkanıdır. Bəzi tələbələr təlimatlardan və onlayn mənbələrdən istifadə edərək müstəqil şəkildə təhsil alırlar, bəziləri isə yerli mənbələrdən istifadə edirlər. UNEC-də də dünyanın aparıcı universitetlərinin kitabxanasına, beynəlxalq elmi bazalara, bir milyona yaxın elektron resursa çıxış imkanı yaradılıb. Bu imkanların yaradılması, xüsusilə pandemiya dövründə tələbələrə böyük dəstək oldu. İSE ve LSE-nin dərs proqramlarında bir çox fərqlər olsa da, təhsilin keyfiyyəti hər iki proqram üzrə çox yüksək səviyyədədir".

O əlavə edib ki, daima inkişafda olmaq insanı uğurlu edən aspektlərdən biridir: "Dünya görüşümü artırmaq, yeni və daha üstün biliklər əldə etmək mənim üçün əvəzolunmaz dəyərdir. Tədris səviyyəsinə yaxından bələd olduğum və yüksək qiymətləndirdiyim üçün seçimim bir daha UNEC oldu. Hazırda UNEC Biznes Məktəbində MBA proqramında Maliyyə ixtisası üzrə magistr təhsili alıram".



London Universiteti/London İqtisadiyyat Məktəbinin beynəlxalq bakalavr proqramının məzunu olan digər tələbə Nəzrin Zeynallı isə bildirib ki, o, UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (İSE) Dünya iqtisadiyyatı ixtisası üzrə təhsil alıb: "İqtisadiyyat bir çox müxtəlif sahəni özündə birləşdirən elmdir. LSE-yə qəbul zamanı ixtisas seçimi barədə çox düşündüm. Mənə iki ixtisas seçmək şansı verilmişdi: Biznesin idarə edilməsi və Maliyyə və mühasibat.  Təsəvvür edin, kiçik biznesiniz var və onu uğurla idarə etmək üçün əsas maliyyə axını barədə kifayət qədər biliyiniz yoxdur. Auditorların vəzifəsini bir çoxumuz bilirik. Ən vacib məqamlardan biri də şirkətin uğurlu idarə edilməsinin göstəricisi olan hesabatlardır. Fikrimcə, biznesin tam şəffaflığı və uğuru üçün idarəetmə ilə yanaşı, maliyyə, o cümlədən, mühasibatlığı dərindən bilmək, bazarda sizi həmişə 1:0 öndə edir. Seçdiyim ixtisas da bu səbəblərdən maliyyə və mühasibat oldu".

Onun sözlərinə əsasən, LSE dünyanın ən aparıcı universitetləri arasında həmişə ilk sıralardadır və bura daxil olmaq hər tələbənin xəyalıdır: "UNEC-ə daxil olma səbəblərimdən biri də məhz bu oldu. Ən önəmli məqam LSE barədə keçirilən təqdimatda iştirakım idi. Bir daha əmin oldum ki, həmin proqram ən yüksək keyfiyyətlərə malikdir. UNEC-in bizim üçün yaratdığı, Bakıda yaşayaraq Londondakı tələbələrlə eyni təhsili və iki universitetin diplomunu almaq imkanı ən böyük şansdır. Bu diplomların gələcəkdə yaratdığı karyera imkanları da başqa bir üstünlükdür".

N.Zeynallı vurğulayıb ki, LSE-də ilk tədris ilində adaptasiya baxımından çətinlikləri olub. Bəzi fənlər müəyyən vaxt müddətində öyrənmək üçün kifayət qədər ağır idi: "Ancaq İSE-də keçdiyim fənlər mənə böyük dəstək oldu. LSE-dəki abu-hava və enerji tamamilə fərqlidir. Auditoriyaya daxil olduqda özünüzü xarici mühitdə hiss edirsiniz. Sanki UNEC-in daxilindəki qapı, doğrudan da Avropaya açılır".

O qeyd edib ki, ölkənin ən savadlı, yüksək təcrübəli, xarici şirkət və aparıcı universitetlərdə çalışan müəllim kollektivi həm UNEC-də, həm də LSE-də mənə dərs deyirdilər. Onlara sual verə bilmək, bir mövzunu bilmədikdə tələbəyə onu yenidən həvəslə izah etmələri bizim müəllimləri xarici müəllimlərdən fərqləndirir. Fərqlilik isə LSE-də tələbə sayının azlığı, ildə bir dəfə "British Council"də verilən yekun imtahan və yalnız mühazirələrin olması idi.

Onun dediyinə görə, magistraturaya bu il, bakalavr təhsilini bitirən kimi qəbul olub: "Ənənəyə sadiq qalaraq, seçimim yenə də UNEC-in ingilis dilində olan maliyyə üzrə Biznesin idarə edilməsi ixtisası oldu".

Gələcək planları haqqında danışan N.Zeynallı deyir ki, karyerasında maliyyə sahəsində kifayət qədər təcrübə qazanmaq, bununla yanaşı, universitetdə dərs demək əsas hədəfidir: "Bunun başlıca səbəbi isə cəmiyyətimizə, xalqımıza, ölkəmizə layiqli vətəndaşlar yetişdirə bilmək istəyimdir. Mən də bu yolda çalışıb əlimdən gələni edəcəyəm ki, vətənimə fayda verim. Unutmayaq ki, təhsil millətin gələcəyidir".

Sevinc QARAYEVA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





07.11.2020    çap et  çap et