525.Az

AMEA Naxçıvan Bölməsində "Qarabağ Azərbaycandır!" konfransı


 

AMEA Naxçıvan Bölməsində "Qarabağ Azərbaycandır!" konfransı<b style="color:red"></b>

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu Elmi Kitabxana ilə birgə "Qarabağ Azərbaycandır!" mövzusunda elmi konfrans keçirib.

Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvi Fəxrəddin Səfərli açaraq Qarabağ tarixindən və bu tarixi həqiqətlərin dünyaya çatdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən danışıb.

Bildirib ki, 200 ildən bəri Azərbaycan xalqına qarşı təcavüzkar və soyqırımı siyasəti yeridən ermənilər XX yüzilliyin sonlarında havadarlarının köməyi ilə Dağlıq Qarabağı və ətraf rayonları işğal etdilər.
 
Bununla kifayətlənməyən ermənilər son illər Azərbaycandan yeni torpaqlar qoparmaq üçün tez-tez təxribatlar törətməyə başladılar. Ancaq nəzərdən qaçırdılar ki, Azərbaycan dövləti 20-25 il bundan əvvəlki dövlət deyildir.

Həyata keçirilən məqsədyönlü siyasət sayəsində yüksək səviyyədə inkişaf etmiş, güclü bir dövlətə çevrilmiş Azərbaycanda qüdrətli ordu yaradıldığını söyləyən alim Aprel döyüşünü, Naxçıvan əməliyyatı-Günnüt zəfərini xatırladaraq qeyd edib ki, peşəkarlıqla aparılan əməliyyatların nəticələri göstərdi ki, ordu istənilən vaxt ərazi bütövlüyümüzü bərpa etmək qüdrətindədir.

O bildirib ki, sentyabrın 27-dən etibarən təzavüzkar erməni ordusu Azərbaycanın yaşayış mənqələlərini və mülki şəxsləri atəşə tutmasından sonra Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatlarına başlanıldı və torpaqlarımızın azad olunması uğrunda mübarizəyə qalxan Azərbaycan Ordusu sarsıdıcı zərbələr vuraraq düşməni ağır məğlubiyyətlərə uğratdı.

Fəxrəddin Səfərli vurğulayıb ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun parlaq qələbəsi sayəsində mənfur erməni təcavüzkarları layiqli cəzalarını alaraq işğal edilən torpaqlardan qovmaqdadırlar. Vətənimizin ərazi bütövlüyü uğrunda gedən haqq savaşında həmrəy olan xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək həm döyüş meydanında, həm də informasiya müharibəsində bu gün düşmənə qalib gəlir. Əsgərlərimizin qəhrəmanlıq və şücaəti sayəsində uzun illər işğalda qalmış torpaqlarımız qarşı-qarış düşməndən azad edilir. Müzəffər ordumuzun üstünlüyü ilə düşməndən təmizlənmiş ərazilərimizdə indi Azərbaycan bayrağı dalğalanır.

Daha sonra institutunun Etnoqrafiya şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova "Dağlıq Qarabağ haqqında tarixi faktlar", Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Emin Şıxəliyev "Qarabağ müharibəsi: zəfərə gedən yol" və Elmi Kitabxananın direktoru Sahab Əliyeva "Qarabağ mövzusu bədii ədəbiyyatda" mövzusunda elmi məruzələrlə çıxış ediblər. Məruzələrdə qeyd olunub ki, əzəli və əbədi torpaqlarımız uğrunda gedən Vətən müharibəsində həm sahədə, həm də masada Azərbaycan qarşısında məğlub olduğunu anlayan Ermənistan tərəfi əsas çarəni saxta xəbərlər yayaraq dövlətləri müharibəyə cəlb etməkdə axtarır. Qeyd olunub ki, Azərbaycan heç bir dövlətin ərazisinə hücum etməyib, hərbi əməliyyatları öz işğal olunmuş torpaqlarında aparır. Bu, Azərbaycanın haqlı davasıdır. İnanırıq ki, bu davada Azərbaycan qısa bir müddətdə qalib gələcək. Azərbaycanda dövlət və xalqın birliyi sarsılmazdır. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli strateji addımları və zəfərə səsləyən çıxışları Azərbaycan xalqında böyük ruh yüksəkliyi yaradıb və xalq Prezidentin ətrafında sıx birləşib. Azərbaycanı da zəfərə aparan yol yalnız və yalnız sarsılmaz birlikdir.

Konfransda Elmi kitabxananın hazırladığı "Qarabağ Azərbaycandır!" adlı virtual sərgi nümayiş olunub.

 





07.11.2020    çap et  çap et