|
|
|
|
Bəzi mövzulara üstündən bir az vaxt keçəndən sonra qayıtmaq vacibdir. Çünki can(lar)ımız hesabına Vətən Savaşı apardığımız bu dönəmdə özlərini demokratiyanın, insan haqlarının ixracatçısı kimi təqdim edən psevdohumanistlərin həqiqətə külliyən "fransız qalmaları"nı hətta soyuq başla, rasional düşüncə ilə də sinirmək və unutmaq çətin olur.
"Fransız qalmaq" xüsusilə qardaş Türkiyə türkcəsində istifadə olunaraq "söhbətdən bixəbər olmaq", "mövzudan uzaq qalmaq" mənasında dilimizdə də ümumişləklik qazanıb. Bəlkə də, son onillər ərzində apardığımız haqq işimizə beynəlxalq ictimaiyyətin bir xeyli "fransız qalmasındandır" ki, bu ifadə leksikonumuzda özünə belə yer eləyib. Yerində olan hər şeyi sevmək təkcə tərz deyil, həm də fərzdir... 2011-ci ildə Türkiyənin o zamankı baş naziri, indiki cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın həmin dönəm Fransanın prezidenti Sarkoziyə qondarma erməni soyqırımı ilə bağlı bu ifadəni lap yerində işlətməsi kimi: "Dövlət xadimi ünvanını daşımaq, gələcək nəsilləri düşünərək hərəkət etməyi tələb edir. Bunu dərk etməyənlər, "fransız" qalanlar həqiqəti başa düşəndə çox gec olacaq. Türkiyəyə çox fransızsınız..." Çox da dəyişən bir şey yoxdur, sarkozilərin xələfləri indi nəinki Azərbaycanın haqq işinə, elə Allahın Ali Həqiqətinə də "fransız qalmaqdadırlar" hələ də.
Həmin vaxt Ərdoğanın səsləndirdiyi fikirlərini islamofob, türkofob avropalı parlamentari Andreas Qross belə bəyəndiyini etiraf etməkdən özünü saxlaya bilməmişdi: "Baş nazir Ərdoğanın istifadə etdiyi "fransız qalmaq" deyimi çox xoşuma gəldi və məncə, haqlıdır da. Bundan sonra mən də istifadə edəcəyəm". Əlbəttə, işin ən ironik yanı odur ki, Yaponiyada doğulan isveçrəli sözügedən "cənabımız" bir az məsələni başqa tərəfindən anlamışdı deyəsən. Qross olsa-olsa, bu deyimdən nəsibini Azərbaycan həqiqətlərinə "fransız qalmağı" ilə aldı. Şərin, terrorun və ədalətsizliyin simgəsi olan Ermənistanın qarşısında "ad alıb süfrə salmağı" ilə yarındıqca yarındı, düşdükcə düşdü, endikcə endi...
***
Servantes yazırdı ki, ən müdrik siyasət həqiqəti söyləməkdir. Əslində, son dönəmdə bəzi ölkələrin liderlərinin Azərbaycanın haqq işinə münasibətdə nəinki müdrik rəhbər, ümumiyyətlə bəsit diletant siyasətçilər kimi çıxış etməsinin bir daha şahidi olduq. Amma fransız yazıçısı Alfred Kapusun təbirincə desək, "həqiqət kimi ağır bir yükün altına" bizimlə yanaşı durub çiynini verən başda doğma Türkiyə olmaqla, Pakistan, İsrail, Ukrayna kimi dövlətlər və onların xalqlarının mərdanəliyi ürəyimizi dağa döndərdi. Buradaca bir haşiyə çıxım ki, bu məqamda fransız yazıçısından misal çəkməyim də təsadüfi olmadı, çünki "fransız qalmaq" əsla etnik mənsubiyyətlə deyil, mənəviyyatla bağlı məsələdir...
Fransa prezidenti Makron Azərbaycanın öz torpaqlarını işğaldan azadetmə mübarizəsinə sərgilədiyi təhər-töhürlə, işlətdiyi ifadələrlə nəinki milli qürur və heysiyyət məsələmizə, eləcə də bu günlərdə ölkəsində müsəlmanların inancının təhqir edilməsi ilə bağlı növbəti qalmaqallara rəvac verməsi ilə bəşəri dəyərlərə də "fransız qaldığını" bir daha sübut etdi.
Müsəlmanların vicdan azadlığını "söz və ifadə azadlığı" çəkici altında əzmək təşəbbüsündə bulunanlar Türkiyəyə, Azərbaycana gülünc bir şəkildə demokratiyadan "qəzəl oxuyurlar"... Amma daha şəri "vəsf etmək" vaxtı çoxdan bitib. Dünyanın harasından nə avaz gəlməsinə baxmayaraq, ermənilər girdiyi yerdən çıxmalıdır. 30 ildir "çıxın" dedik, olmadı. İndi Azərbaycan Ordusu onları girdikləri hər deşikdən dartıb çıxarır və lazım olan yerə göndərir...
***
Biz heç şaşırmadıq avropayi rasional sayıqlamalara da, amerikansayağı dəlisov sərsəmləmələrə də, sarısını udub oturmuş bəzi dövlətlərin sükutuna da. Bütün bunlarla neçə illərdir haqqımız olanı geri qaytarmaq uğrunda mübarizədə bizi "yola verməyə çalışan"ların əsl mövqeyi konkret ortaya qoyuldu, bir çox daşlar da yerinə oturdu. Oturdu oturmasına da, amma bizə daş atanların arasında tanış üzləri gördüyümüzə şaşırmasaq da, təəssüfləndik. Xüsusilə də ədalətli ola biləcəyinə inandıqlarımızın saxta "pasifistçilik" oynamaqlığı hardan baxırsan-bax, miskin, rəzil və haqsız görünür. "Oynayanların" və "oynadanların" kim olmasından asılı olmayaraq...
Tanınmış yazıçı Elif Şəfəqin sosial şəbəkə hesabında Şuşada "dağıdılan" kilsədə violonçel ifa edən erməni musiqiçinin videosunu paylaşaraq "Barışa inanan və barışı müdafiədən əl çəkməyən hər kəs üçündür bu paylaşım..." yazması sülhü müdafiə deyildi, fransız qaldığı bir məsələdə pasifistçilik oynamaq idi. Çünki konkret bizim sitüasiyada pasifistçilik faydasızdır, yersizdir, indiki halda işğalçını ancaq sülhəməcburetmə keçərlidir. Evimizə, torpağımıza girib bizi qovan, öldürən, işgəncə və soyqırım edən, maddi, mənəvi, fiziki və psixoloji iztirablara məruz qoyan işğalçıya sonunda yerini göstərməyin qarşısına arqument kimi pasifist ideyalarını qoymaq..?
İşğalçı ilə empatiya quran yazıçının digər insani aspektlərdə empatiya hissinin korşalmasındandır ki, bilərəkdən, ya da bilməyərəkdən şərin yanında yer alıb. Bu, əgər bilməyərəkdən olubsa, pisdir. Çünki "fransız qaldığın" (Strasburqda doğulanda nolar ki?..), üzünü-astarını bilmədiyin bir məsələdə fikir söyləmək hər baxımdan diletantlıqdır, kütləyə (həm də yanlış publikaya) oynayaraq qazanda nə bişdiyini bilmədən bir çömçə də öz boşqabına çəkmək cəhdidir. Yox, əgər bilərəkdən atılmış addımdırsa, məqsədli şəkildə şəri dəstəkləməyin adını siz qoyun... İşğalçı ilə empatiya quran bir yazıçı həqiqəti ağlı ilə dərk etmirdisə, heç olmasa ürəyi ilə duya bilərdi axı! Gəncə, Bərdə, Tərtər və bir çox başqa mülki yaşayış məntəqələrində törədilən erməni terroru nəticəsində gecəni atalı-analı yatıb növbəti səhərə hər iki valideynini itirmiş halda gözünü açan azyaşlı uşaqların yaxınları ilə, yaxud da bir gecədə balalarını, nəvələrini itirən qadınlarla da empatiya qura bilərdi - təxminən həmin uşaqlarla həmyaşıd övladlara sahib olan bir ana kimi! Daha körpələrə tuşlanmış ballistik raketlərin arxasında dayanan terrorçularla yox! Fərdi küskünlüyü bağışlayıb unutmaq olur, milli incikliyi isə əsla. Azərbaycanın heysiyyət, mədəniyyət və mənəviyyat beşiyi olan doğmaca Şuşası üzərindən pasifistçilik oynamaq ayıbdır, təhlükəlidir, uğursuzdur, ən ümdəsi həqiqətə dönüklükdür və daha neçə-neçə xatırlatmağa lüzum görmədiyim "-dır, -dir, -dur, -dür"dür...
***
Fürsəti bu fürsət bilib daş atan tanış üzlər arasında kürd kökənli yazar Ləvənt Gültəkinin HalkTV-nin efirində Azərbaycan dövlətçiliyinə və xalqına lüzumsuzca dil uzatmağı da gözümüzdən qaçmadı. Guya Azərbaycana yaxşılıq arzulamaq adına, özünün də sonradan etiraf etdiyi kimi, məqsədini aşan kəlmələrlə təkcə dövlətimizə və xalqımıza deyil, həm də Türkiyə dövlətinin və xalqının bu məsuliyyətli, həssas dönəmdə qeyd-şərtsiz ölkəmizin yanında olmaq səylərinə qarşı da böyük sayğısızlıq nümayiş etdirdi. Əlbəttə ki, Ləvənt Gültəkin Azərbaycanın bu coğrafiyada qurulan ilk respublika olduğunu oxumayacaq qədər savadsız biri deyil. Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün, güclü dövlət və yenilməz millət olmaq yolunda 30 ildir getdiyi yolu sorğulamaq ləvəntkimilərə düşməz. Biz danışıqlar masasından səngərə adlamışıq! Ləvəntlik edib "Azərbaycan 30 ildir niyə torpaqlarını işğaldan qurtara bilmir?" deməyə cürətlənərkən zəhmət çəkib bu illər ərzində dövlətimin Ermənistanla apardığı mənfi sonsuzluğa uzanan danışıqlarını xatırlamalıydı. Geosiyasi məsələləri bilə-bilə özünü fransızlığa vurmaqdansa, bir də onu unutmamalı idi ki, bu gün Türkiyədə dövlətin sayəsində əmin-amanlıq içində yaşayan ermənilərin sələfləri təxminən bir əsr qabaq çörəyini yeyib suyunu içdikləri Osmanlı imperiyasına satqınlıq etmişdilər. Ta o vaxtdan da uydurduqları qondarma soyqırım nağıllarındakı "üç almanın" hardan düşəcəyi ümidi ilə sığındıqları hər küncü zəbt etmək hərisliyindən, müqəddərat sərsəmləmələrindən əl çəkmirlər. Ləvənt Gültəkin həqiqətə sadiqliyini "iki dövlət, bir millət"in XIX əsrdən üzübəri ortaq bir başbəlasına düçar olduğunu xatırlayaraq göstərməliydi, "Azərbaycanın problemindən bizə nə?" deyərək üzrü günahından betər ikinci açıqlaması ilə deyil. Həmin açıqlamasında Azərbaycan millətini üzən kəlmələr işlətdiyinə görə xalqımızdan üzr istəsə də, əslində, efir boyu şəxsi qərəzini demokratiya, hüquq anlayışı pərdəsi ilə bəzəyib servis etməkdə davam etdi.
Azərbaycanla bağlı yolverilməz ifadələr səsləndirdiyinə görə RTÜK-ün (Radio və Televizyon Üst Kurulu) Türkiyənin iqtidar və müxalifətini təmsil edən üzvlərinin hamısının yekdil səslə HalkTV-yə cəza kəsməsinə, az qala, üsyan edir, xüsusilə də müxalifət nümayəndələrinin səs verməsinə təəccüblənir. Halbuki heyrətlənəcək nə var? Çünki RTÜK-də təmsil olunanlar müxalifətli-iqtidarlı böyük bir xalqın nümayəndələridir - haqqı tanıyan və lazım gəldikdə şəri yerinə oturtmağı bacaran.
Türkiyə iqtidarını da, elə müxalifətini də "milliyətçilik, dinçilik atmosferinə təslim olmaqda" qınayarkən yazar əslində, bütün türk xalqının Azərbaycanın haqq işində onun yanında olmaq cəhdlərini görməzliyə vurur. Nişan üzüyünü və bayrağını ordumuza dəstək üçün göndərən sadə türk ailəsinin, sosial şəbəkələrdə milyonluq izləmə sayı olan türkiyəli tanınmışların, qardaş ölkənin siyasi yönümündən asılı olmayaraq iqtidarlı-müxalifətli, az qala, bütün partiyalarının Azərbaycanın yanında olmaq cəhdlərini görməzlikdən gəlib özünü necə korluğa vurmaq olar? Necə yəni "Qardaşlıq bağımızı kimlik, inanc üzərindən qurmayaq"?! Gen yaddaşı, ortaq soy-kökü, dinbirliyi deyə gözardı edilməyəcək qədər önəmli faktorları hansı məqsədlə "Türkiyə iqtidarının milliyətçilik, dinçilik atmosferinə" bağlamaq olar? Bir şey bildiyini zənn edib ən başlıcası həddini bilməmək adamı beləcə bəzən başından yekə danışıb vəzir olum deyərkən rəzil edir. Həm öz xalqının, həm də qardaş xalqın gözündə...
***
Haqqın adını tutub girdiyimiz bu savaşda kimlərin hansı cəbhədə durduğunu, kimlərin haranı tərəf seçdiyini də görmüş olduq. Gələcəkdə daha korrekt davranmaq üçün edilən yaxşılıqları da, pislikləri də unutmamaq gərəkdir. Unutmayacağıq. Nə həqiqətimizin yanında duranları, nə də ədaləti tapdalayıb qarşımıza keçənləri...
İndi Dövlətimizin, Xalqımızın və Ordumuzun birliyi ədaləti yerbəyer edir, sonra da "çalxalanıb bulanan zaman" durulanda "özünü o yerə qoymayanları", "ayranı ayranlıq olanları" lazım olan yerə qoyacaq. Və hər kəsin xalqımızın qəlbində yeri bizim həqiqətimizin yerini bildikləri qədər olacaq bundan sonra...