525.Az

Dünyanın ən gözəl yeridir Qarabağ - Yazı


 

Dünyanın ən gözəl yeridir Qarabağ - <b style="color:red">Yazı</b>

Azərbaycanın müxtəlif bölgələrində dəfələrlə olsam da, Qarabağı görmək heç qismət olmayıb.

Qarabağ işğal altındaydı. Qarabağ yaslı idi. Qarabağ deyəndə ağlımıza Xocalı soyqırımının görüntüləri gəlirdi. Qəddarlıqla öldürülmüş qızlar, qadınlar, uşaqlar. Körpəsini bələk yerinə kəfənə bürüyüb qucağında qəbirstanlığa aparan atalar. Elini, yurdunu qoyub canını qurtarmaq üçün qaçan qocalar. Bu acıları unutdurmamaq, vaxtı gələndə Qarabağı geri almaq fikrini diri tutmaq üçün faciənin ildönümlərində Ankarada və digər şəhərlərdə tədbirlər keçirir, keçirilən tədbirlərə qatılır, nəşrlər çap edirdik. Dualar, dualar şəhidlərimizə, minlərlə məsum insanımıza. Və səbr zəfərin gələcəyi günə. Qarabağın dönəcəyi günə.

Daim eyni görüntülər var gözümüzün önündə. Bu günlərdə fərqinə vardım ki, mənim Qarabağım 30 il öncəki Qarabağdı. Nə daha köhnəsi, nə də daha yenisi.

Molla Pənah Vaqifi yaxşı tanıyırdım. Anadan olmasının 300-cü ilində keçirilən tədbirlərə qatılmışdım. Qarabağ xanının vəziri olan bu böyük şair Şuşanı qəhrəmanlıqla müdafiə edib. Bir Qarabağ nəğməsində “ Bu çəmənlərdə gəzir Vaqifin şux gözəli” deyilir. Bu günlərdə Şuşanın azadlıq xəbərini gözləyərkən nəğmənin bu misraları dilimdə dolanırdı.

Hər gün yanımda gəzdirdiyim telefonumun səsi şuşalı bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu üverturası”dır. Telefonum illərdir Üzeyir Haclbəylinin ruhundan qopan səslə gələn zəngləri mənə xəbər verir.

Aqil Abbas, Rəşad Məcid kimi çox yaxın dostlarım var Qarabağdan. Amma mən bu günə qədər Qarabağ şəhərlərinin və coğrafiyasının gözəllikərini əks etdirən nə şəkillərə baxmışam, nə də rəsmlərə.

Xatırlayıram, Aqil Abbas Qarabağın, Ağdamın gözəllikərindən çox danışardı. O, Qarabağı, Ağdamı təsvir edərkən Rəşad Məcid, adətən, söhbətə qatılmaz, gözləri yaşararaq uzaqlara baxardı.

Çox tərifləyərdi Aqil Abbas Qarabağı: “Sən bilirsən, mən həyat yoldaşım İradəylə birlikdə dünyanın çox yerlərini görmüşəm. İsveçrəni də görmüşəm, Alp Dağlarını da. Alp Dağları Qarabağın yanında heç nədir. Qarabağ kimi gözəllik bu dünyada yoxdur”.

Aqil Abbası tanıyanlar bilir: O, Azərbaycanı çox sevir. Elə bir o qədər də Qarabağı. Və əlbəttə, illərdir gedə bilmədiyi məmləkəti Ağdamı. Sevdiklərini də coşğun qəlbiylə anladır. Onu zövqlə dinlərkən, ifadələrini vətən sevgisinə və yurd həsrətinə bağlayırdım.

Azərbaycanın çox gözəl yerlərini gəzdirib bizə. İsmayıllı, Qəbələ və dağları. Həqiqətən, çox gözəl yerlərdir. Oraları gəzərkən Aqil Abbas hər gün bəlkə bir neçə dəfə deyərdi: “Bir də Qarabağı görsəniz, bir də oraları göstərə bilsəydim sizə. Azərbaycanın ən gözəl yerləridir Qarabağ coğrafiyası”.

Ağdamı küçə-küçə, döngə-döngə təsvir edirdi. Rəşadla evlərinin yan-yana olduğundan bəhs edirdi. Bir də Çin memarlıq üslubunda tikilmiş çayxanadan. “Bir gün qismət olar o çayxanada çay içərik” deyirdi.

Mənsə, Şuşa, Ağdam, Cəbrayıl, Füzuli və digərlərinin şəkillərinə və ya oradan olan görüntülərə, filmlərə baxmamışdım. Bəlkə də Qarabağdan utanırdım. Bəlkə də Qarabağ işğal altında ikən o gözəlliklərə baxmağa haqqım olmadığını düşünürdüm.

Qarabağ işğal edilərkən, o məsumların canına qəsd edilərkən Ankaradan da gənclər gəlib sənin üçün qəhrəmancasına savaşmışdılar. Mən gələ bilməmişdim. Bəlkə ona görəmi qarşında gözüm kölgəi idi, Qarabağ?

27 sentyabrdan etibarən hər günümüz, hər gecəmiz səninlədir, Qarabağ.

Şeirimiz sənsən, sözümüz sən!

Telefonumuz yanımızdan heç ayrılmır, səndən bir xəbər gələr, mən geç eşidərəm deyə.

Qəzetləri sənin üçün oxuyuram. “525-ci qəzet”ə baxıram, yazılanlar ruhumu doyurmur. Bəlkə “Ədalət” başqa xəbərlər verər. “Sputnik”, saytlar-hamısı səndən xəbər almaq üçündür.

Yazarlar indi səni yazmalı, şairlər səni söyləməlidirlər. Qəzetlərdə sən olmalısan, jurnallarda sən və qəhrəman Azərbaycan əsgəri.

Şanlı Azərbaycan Ordusu və Onun Ali Baş Komandanı. 

Üç rəngli ay-ulduzlu Azərbaycan bayrağı Qarabağ kəndləriylə, şəhərləriylə bir-bir qovuşduqca, sanki sancıldığı yerlərə nur yayılır.

Matəmlərlə ruhumun qaralan yerləri də bir-bir aydınlanır. Ay-ulduzla birgə sanki günəş də doğulur.

Yayılan Qarabağ şəkillərinə, videolarına heyrətlə, heyranlıqla baxıram.

Nə gözəl yerlərdir buralar.

Suqovuşan, sən mənim Qarabağda məftun olduğum ilk gözəlliksən.

Şuşa! Yalçın qayalar üstündə qartal yuvası Şuşa! Məgər sən nə qədə gözəl imişsən!

Aqil qardaşım, “dünyanın ən gözəl yeridir Qarabağ” deyərkən, nə qədər də haqlı imişsən.

Səbr! Azadlığa az qaldı, gözəl Qarabağ!

Vur, qəhrəman Azərbaycan əsgəri! Məsumların qisası üçün vur!

Vur, şanlı Azərbaycan ordusu” Ədalət üçün, sülh üçün, vətən üçün vur!

Salam sənə, Azərbaycan xalqı, qardaşlarım, yaraların sarılacaq.

Salam sənə, Ali Baş Komandanım! Adını yazacaq tarixin qızıl səhifələri!

 





08.11.2020    çap et  çap et