525.Az

Şirvanda geniş abadlıq-quruculuq işləri aparılır - Fotolar


 

Şirvanda geniş abadlıq-quruculuq işləri aparılır - <b style="color:red">Fotolar</b>

Şirvan şəhərində geniş həcmli layihələrin icrası, yenidənqurma işləri uğurla davam etdirilir.

525.az xəbərdə verir ki, şəhərdə yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması, infrastruktur layihələrinin həyata keçirilməsi və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir.

Xüsusi layihə əsasında, yüksək keyfiyyətlə və zövqlə əsaslı şəkildə yenidən qurulan Məhəmməd Füzuli adına Şirvan şəhər Mədəniyyət və İstirahət parkı şəhərimizin simasını gözəlləşdirməklə bahəm, şəhər sakinlərinin və qonaqların mədəni istirahətinə, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmələrinə xidmət edəcəkdir.

Ərazisi genişləndirilərək 10,1 hektar olan park ərazisində mövcud bina və obyektlərin vahid vəhdət təşkil etməsi üçün tədbirlər görülür.

Parkın mərkəzi hissəsində yerləşən kanalın və süni gölün xüsusi texnikalar vasitəsi ilə qurudulması və təmizlənməsi başa çatdırılıb, monolit dəmir-beton tava və kanal divarları, 2 ədəd monolit dəmir-beton körpü tikilib, kanalın əks doldurulması işlərinə başlanılıb.

Kanalın su təminatı və kanal suyunun təmizlənməsi üçün xüsusi qurğular quraşdırılıb, su və kanalizasiya xətləri çəkilib. Əraziyə  tamet tavalar, beton bordyurlar, gölün yamacına isə dekorativ çay daşlarının düzülməsinə başlanılıb.

Şirvan şəhər sakinlərinin əlamətdar günlərdə hörmət və ehtiramla yad etdikləri “Ana abidəsi kompleksi”nin ətrafında da xeyli iş görülüb, monolit dəmir-beton və hörgü işləri aparılıb. Parkda uzun illərdən bəri mövcud olmuş bataqlıq ərazi çirkab sularından təmizlənib. Parkın ərazisində yerləşən “Uşaq Gənclər İnkişaf Mərkəzi”nin fasad hissələri təmir olunub. Hazırda yaşıllıq sahələrinə mümbit torpaq qatının verilməsi işləri aparılır. 

“İDEA” İctimai Birliyinin təşəbbüsü ilə yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması və rahat yaşam şəraitinin yaradılması məqsədi ilə həyata keçirilən “Bizim həyət” layihəsinə uyğun olaraq Energetik küçəsi 9 saylı və L-nt. İbrahimov küçəsi 10 saylı binaların qarşısında müasir memarlıq üslubunda salınan “Abad məhəllə”də işlər davam edir.  Sahəsi 1,5 ha olan məhəllədə idman qurğuları meydançası betonlanıb, tamet tavalar döşənib, beton bordyurlar düzülüb, 6  ədəd söhbətgahın metal konstruksiya işləri, 18 ədəd işıq dirəyinin, uşaq əyləncə-idman qurğularının və müşahidə kameralarının quraşdırılması, məhəllə daxili yolların asfaltlanması işləri başa çatdırılıb, yaşıllıq sahələrinə qazon ötrük düzülüb.
 
Şəhərin F. Eynullayev küçəsi 9,  28 May küçəsi 3, 4, 5 və 7 saylı binaların qarşısında layihəyə uyğun olaraq “Abad məhəllə”nin, F. Eynullayev küçəsi 9, Heydər Əliyev küçəsi 10 və 12 saylı binaların qarşısında “Mərasim evi”nin, Heydər Əliyev küçəsi 14,15,16 və 44 saylı binaların ətrafında abadlıq işlərinə başlanılıb, əraziyə qum qatı verilib. Hazırda tamet tavalar və beton bardyurlar düzülür.

20 Yanvar küçəsi 26A, Energetik küçəsi 3, 5, Heydər Əliyev küçəsi 18, N.Nərimanov küçəsi 1 və 3 saylı yaşayış binalarının fasad hissələri, giriş blokları təmir olunub, pəncərə və metal qapı bloku quraşdırılıb. Energetik 9, L.İbrahimov 10, 20 Yanvar 4A saylı binaların fasad və giriş hissələrinin təmirinə başlanılıb.
Heydər Əliyev prospektində, M.Füzuli, M.Mirzəyev, N.Nərimanov, H.Z.Tağıyev, M.Ə.Rəsulzadə, M.P.Vaqif, Naxçıvan, Energetik küçələrində ümumilikdə 5000 p/m müxtəlif diametrli paylayıcı qaz xətləri çəkilərək istismara verilib. Hazırda T.İsmayılov, l-nt İbrahimov, S.Zeynalov, 20 Yanvar və Energetik küçələrində kanalizasiya, “Bağ evləri” yaşayış sahəsində su xətlərinin çəkilişi işləri davam etdirilir. Şəhər ərazisində KTM-lər əsaslı təmir olunub, SİP kabel çəkilib. “Kənd evləri” yeni yaşayış massivində dəmir dayaqlar rənglənib.

Şirvan şəhərində həyata keçirilən sosial-infrastruktur layihələri içərisində magistral və məhəllədaxili yol infrastrukturunun təmir və bərpası işləri mühüm yer tutur. Hacıqabul-Şirvan avtomobil yolunun 4 və 5-ci kilometrlərində əsaslı təmir işləri tamamlanıb, 15400 metr2 asfalt-beton örtük vurulub. Şəhərdaxili yolların əsaslı təmiri işlərinə başlanılıb, F.X.Xoyski, İ.Şıxlı, T.İsmayılov, Energetik, 20 Yanvar küçələrinə ümumilikdə 10672 m2 asfalt-beton örtük vurulub. Heyranxanım, S.Bəhlulzadə, Niyazi, R.Rza, Təbriz, Y.V.Çəmənzəminli, X.Məmmədov, L-nt İbrahimov olmaqla, ümumilikdə 23 küçədə hazırlıq işlərinə başlanılıb. İstiqlaliyyət prospektində əhalinin normal gediş-gəlişini təmin etmək məqsədilə piyada səkiləri salınır. Sahəyə qum qatı verilərək yığma beton bardyurlar düzülür.

Şirvan Reabilitasiya Mərkəzi əsaslı təmir və yenidənqurma işlərindən sonra limfodrenaj, ozonoterapiya, maqnitoterapiya, hidroterapiya və digər yeni müasir tibbi-reabilitasiya aparatları və avadanlıqlarla da təchiz edilmiş, və yenidən istifadəyə verilmişdir. Mərkəzdə Şirvan və ətraf rayonlar üzrə il ərzində 500-ə yaxın əlilliyi olan şəxsə tibbi-sosial reabilitasiya xidmətləri göstərilməsi, xüsusilə səmərəli fizioterapevtik üsullar, müalicəvi bədən tərbiyəsi, kolonoterapiya, ozonoterapiya, elektrofarez və digər prosedurların tətbiq edilməsi nəzərdə tutulmuşdur.

5 saylı Ərazi Vergilər İdarəsinin yeni inzibati binasının,  2010-cu ildə Kür və Araz çaylarında suyun səviyyəsinin qalxması nəticəsində baş vermiş təbii fəlakət zamanı şəhər ərazisində fərdi yaşayış evlərinə dəymiş ziyanla bağlı Fövqəladə Hallar Nazirliyi  tərəfindən 2 fərdi evin tikintisi təmiri başa çatdırılıb. 21 nömrəli tam orta məktəbin 624 şagird yerlik yeni binasının tikinti işləri davam etdirilir.

Qeyd edək ki, şəhər rəhbərliyi ərazidə aparılan yenidənqurma və abadlıq işləri ilə yerindəcə mütəmadi tanış olur və sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində qarşıyaqoyulmuş vəzifələrin icra vəziyyəti ilə maraqlanır. Gəzinti zamanı şəhər sakinləri görülən işlər və əhaliyə göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.

Samirə Bürcəliqızı 

 





09.11.2020    çap et  çap et