525.Az

Ermənistan sülh istəmir - Xaqani Cəfərli yazır


 

Ermənistan sülh istəmir - <b style="color:red">Xaqani Cəfərli yazır</b>

Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində Ermənistanın 27 il ərzində işğal altında saxladığı ərazilərin ard-arda azad edilməsi nəticəsində təlaşa düşən rəsmi İrəvan hərbi əməliyyatların dayandırılması xahişi ilə dünya liderlərini təngə gətirsə də, əslində, Ermənistan sülh istəmir.

Bunu İrəvan rəsmilərinin açıqlamaları aydın göstərir. Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan parlamentin xarici əlaqələr və büdcə, maliyyə-kredit daimi komissiyalarının birgə iclasında çıxışı zamanı bəyan edib ki, "Artsaxın" Azərbaycanın tərkibində gələcəyi yoxdur. Aydın görünür ki, rəsmi İrəvan Azərbaycanın tarixi və beynəlxalq aləm tərəfindən tanınmış torpaqlarının işğalını davam etdirmək niyyətindən əl çəkməyib.  

Hərbi əməliyyatların başlandığı ilk gündən Ermənistanın Rusiyanı münaqişəyə cəlb etmək üçün hər yola əl atdığı müşahidə olunmağa başladı. Alçaldıcı müraciətlər etməkdən də çəkinməyən Ermənistan hökumətinin bütün cəhdləri boşa çıxdıqdan sonra rəsmi İrəvan ənənəvi erməni bicliyini işə salıb və bütün fəaliyyətini hərbi əməliyyatların dayandırılmasına yönəldib. Erməni generalların da etiraf etdiyi kimi, ermənilərin Azərbaycan Ordusunun zəfər yürüşünü məntiqi sonluqla yekunlaşdırmasının qarşısını almaq gücü yoxdur. Ermənilər anlayırlar ki, qarşıdakı 10 gün ərzində hərbi əməliyyatları dayandırmaq mümkün olmasa, Ermənistan ordusu tamamilə darmadağın ediləcək. Azərbaycan Ordusunun uğurlu "Cəbrayıl əməliyyatı"nı görən əksər əcnəbi hərbi ekspertlər bu məğlubiyyətdən sonra Ermənistan ordusunun vəziyyəti dəyişə bilməyəcəyini qeyd edirdilər. Lakin ermənilərin Rusiyanı münaqişəyə cəlb edə biləcəyi ilə bağlı ümidlərinin son günlərə kimi qalması və Paşinyan hökumətinin hərbi-siyasi müxalifətin qiyamından ehtiyatlanması bu reallığı qəbul etməyə imkan vermədi.

Rusiyanı münaqişəyə cəlb etmək ümidinin ölməsi, Ermənistan ordusunun ağır itkilər verməkdə davam etməsi və darmadağın ərəfəsində olması gerçəkliyinin erməni generallar tərəfindən etirafı, eləcə də Paşinyan hökumətinin hərbi siyasətinə qarşı etirazların başlamasından sonra rəsmi İrəvan yeganə çıxış yolunu hərbi əməliyyatların dayandırılmasında görür. Buna görə də indi bütün imkanları məhz bu istiqamətə yönəldiblər. Sülh istəməyən, ancaq müharibə aparmaq imkanında da olmayan Ermənistan vaxt qazanmağa çalışır. Qarabağda hərbi əməliyyatların dayandırılmasına səbəb olan "Bişkek protokolu"nun imzalanmasından ötən 26 il ərzində sülh danışıqları yolu ilə heç bir nəticəyə nail olmayan ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri İrəvanın bu fırıldağını dəstəkləyirlər. Ermənipərəst mövqeyi ilə Azərbaycan cəmiyyətində arzuolunmaz adam hesab olunan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bəyan edib ki, münaqişənin hərbi yolla həlli mövcud deyil, problem yalnız diplomatik danışıqlar yolu ilə həll oluna bilər. Çox maraqlıdır ki, atəşkəs sazişinin imzalanmasından ötən 26 ildə rəsmi İrəvanın güzəştə getməsinə nail ola bilməyən Lavrov və onun ATƏT-in Minsk qrupundakı həmkarları da Azərbaycanı hərbi əməliyyatları dayandırmağa sövq etməyə çalışırlar. Bu cənabların diqqətinə çatdırmaq lazımdır ki, qondarma Dağlıq Qarabağ Respublikasının sabiq rəhbərlərindən olan Samvel Babayan bəyan etmişdi ki, münaqişənin "son raundu" baş tutmalıdır ki, Azərbaycan Dağlıq Qarabağın itirilməsi ilə həmişəlik barışsın. Oxşar fikirlər erməni liderlər tərəfindən dəfələrlə səsləndirilib. Erməni liderlərin bu təcəvüzkar çıxışlarını pisləməyən, ona siyasi qiymət verməyən ATƏT-in Minsk qrupunun həmsədrlərinə xatırlatmaq lazımdır ki, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı məhz Samvel Babayanın arzuladığı "son raund"dur. Azərbaycan bundan sonra yalnız o zaman Ermənistan tərəfi ilə danışıqlar aparmalıdır ki, rəsmi İrəvan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu rəsmən bəyan etsin. Qeyd edək ki, Prezident İlham Əliyev də bu fikri bir dəfə səsləndirib. Lakin belə görünür ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Prezident İlham Əliyevin bu bəyanatından nəticə çıxarmayıblar. Buna görə də bundan sonra bu tezis Qarabağ danışıqları ilə bağlı Azərbaycanın xarici siyasətinin ana xəttinə çevrilməlidir.

Ermənistanda isə hərbi-siyasi çevriliş ehtimalı günü-gündən artır. Son olaraq "Daşnaksütyun" partiyasının təşəbbüsü ilə bir araya gələn erməni "ziyalı"ları Baş nazir Nikol Paşinyana açıq məktubla müraciət edərək hakimiyyəti hərbi-siyasi şuraya vermək təklifini irəli sürüblər. Bundan əvvəl parlamentdə təmsil olunmayan 16 siyasi partiya da oxşar təkliflə çıxış etmişdi. Artıq bir çox yüksək rütbəli hərbçilər də Paşinyanın istefası tələbilə çıxış edirlər. Belə görünür ki, Paşinyanın əleyhdarlarının sırası sürətlə genişlənir və onlar yaxın zamanlarda qəti addım  ata bilərlər. Bu baş verərsə, Azərbaycan qeyri-legitim hakimiyyətlə danışıqlar aparmamalıdır. Çünki ermənilərin gələcəkdə həmin qurumun qeyri-legitim olduğunu bəyan edib, öhdəliklərindən imtina edəcəklərini əminliklə söyləmək olar. 

Ermənistan isə hərbi əməliyyatların dayandırılması və danışıqlar prosesinə qayıtmaqla yenidən tam məğlubiyyətdən yayınmaq və heç bir səmərəsi olmayan danışıqlar prosesinin başlanmasına nail olmaqla Azərbaycan torpaqlarının işğalını davam etdirmək istəyir.

 





09.11.2020    çap et  çap et