525.Az

Qələbə ətirli yubiley - Firuzə Nadirin yazısı


 

Qələbə ətirli yubiley - <b style="color:red">Firuzə Nadirin yazısı </b>

Oktyabrın 26-da Qubadlı şəhərinin işğaldan azad edilməsi xəbərini eşidəndə ilk yadıma düşən insan Faiq Hüsiyev oldu və onun gündəliyindən bir parçanı xatırladım: “Dünən Qubadlıdan qayıtdım. Ömrümün 5 gününü Ulaşlı və Dondarlı kəndlərində qohumlarımın yanında keçirdim. Ulaşlıda babam Məhəmmədin, Dondarlıda isə babam Hüsünün və nənəm Tənzilənin qəbirlərini ziyarət etdim. Əvvəl ölüləri, sonra diriləri ziyarət etdim. Əsgərliyə getməmişdən qabaq qohum-əqrəbanı ziyarət etmək bizim adətdir...”

1988-ci il 20 noyabr tarixində 18 yaşında yazmışdı bunu... 

“... Nədənsə yüngül kədər hissi ilə qeyd etdiyim ad günüm, əslində təqvimdən düşən adi bir vərəq olsa da, mənim üçün əlamətdar bu gündə minlərlə insanın bədii zövqünə hakim kəsilmək həvəsi ilə əlimə qələm alıram. Amma görəndə ki, hamı eyniləşmək mərhələsini böyük “ustalıqla” yaşayır, fikrimdən vaz keçirəm. Axı dilimizin söz ehtiyatını sağa-sola “xərcləyərək” dahiyanə əsərlər yaratmış nəhəng ədiblərdən sonra dəyərli nəsə yazmaq çox, çox çətindir. Ədəbiyyatın tapdaq-tapdaq olmuş yollarında yeni ləpir salmaq, sadəcə, istedad tələb etmir. Əsas məsələ yeni düşüncə tərzi, yeni oxucu auditoriyası formalaşdıracaq zövqə sahib olmaqdır. Nə yazasan, necə yazasan ki, təkrar olmasın... 7 noyabr 1993-cü il.”

Ad günündə yazıb bunu, düz 27 il əvvəl, 23 yaşının tamamında. Jurnalistika fakültəsində təhsil alan bir tələbənin yazmaq, özü də “dahiyanə əsərlər” yazmaq istəyində qeyri-adi heç nə yoxdur. Amma bu gəncin həmin əsərləri yazmağın çətinliyini, məsuliyyətini etiraf etməsi çox ibrətamizdir, məncə. Çünki bu, yaza bilməmək qorxusu deyil, bu, kimisə təkrar etməməyin, nəhəng söz adamlarından sonra yeni söz deyə bilməyin, yeni düşüncə tərzi formalaşdırmağın məsuliyyətindən doğan bir etirafdır...

Və yazmayıb, bu yolu seçməyib. Bəlkə, seçsəydi, “tapdaq-tapdaq olmuş yollarda” təptəzə cığır, iz salardı. Bəlkə, yazsaydı, bu gün bir yazıçı kimi daha çox məşhur olardı? Əsərləri əl-əl gəzərdi (23 yaşlı gəncin kiçik bir yazıya hopan düşüncələri fikrimə yetərincə haqq qazandırır).

Bəli, sözə verdiyi dəyər, dahilərə ehtiramı, oxuculara hörməti ona yol verməyib – yazıçı olmaqdan çəkindirib.

Əslində, o, hansı sahəni seçirsə-seçsin, mükəmməl olacaqdı – istedadı, intellekti, çalışqanlığı, məsuliyyəti, qarşısına qoyduğu hədəflərə doğru inamlı gedişi... və bütün bunların fövqündə dayanan INSANLIĞı ilə...

Nədənsə uğurlarına sevinərək hər dəfə ondan söhbət açanda o yazısını xatırlayıram...

“Televiziyanın İnformasiya Proqramları studiyası”nın direktoru idi. Hər ikimiz uzun illər AzTV-də işləsək də, 2007-ci ildən eyni redaksiyada idik. Bir gün bu yazını oxumağımı xahiş etdi və dedi ki, heç yerdə çap olunmayıb. O da yaxşı yadımdadır ki, həmin gün də ad günü idi...

Və deyəsən, bu yazı onun üçün 

“Yeni yolun başlanğıcı...”

idi. Seçdiyi ad da bunu sübut edirdi. Onu da yazırdı ki, “yeni yolun başlanğıcı böyük ümidlərin reallaşacağı günün astanasıdır”. Amma təkcə bu deyildi...

“Zamanın vakkumunda hər cür ideologiyanın öz aktuallığını itirdiyi və simvolik dəyərlərin məhv olduğu bir dövrdə özündə fövqəladə qüvvə tapanlara həsəd apardım. Dərk etdim ki, sonsuz məkan, sərhədsiz azadlıq və hərəkət sərbəstliyi dalana aparan yolun hissələridir. Və qeyri-ixtiyari azadlığımdan qorxdum – hər şeydən uca tutduğum azadlığlmdan. Kiməsə əsir olmaq ölümdür. Kimdənsə qorxmaq acizlikdir...”

Azadlığını hər şeydən uca tutan o gənc, həm də Bramsın melodiyalarını dinləyirdi və etiraf edirdi ki, hətta onları “nisgilsiz dinləmək mümkündür”. Amma özü yaşadığı dövrün əhvali-ruhiyyəsindən, insanların ovqatından doğan “nisgil”in içində idi, bu narahatçılıq, bu nigarançılıq hissi ruhunu əzirdi, incidirdi. Çünki 1993-cü il, həm də ata-baba yurdu Qubadlının işğal ili idi. Təkcə Qubadlınınmı? Yox! Bədnam Ermənistanın talan etdiyi hər qarış Azərbaycan torpağı Vətən sevgisi ilə alışıb-yanan bu gənc üçün də ovunmaz ağrı idi. Amma o, sabaha ümidsiz də deyildi: “Mübarizəmiz yarımçıqdır. Qarşıda böyük vuruşumuz var. Moris Rovelin “Bolero”sunu dinləməyi isə sadəcə olaraq tövsyə edirəm...”

Məşhur “Bolero”nu (XX əsrin simfonik hiti. İspaniya vətəndaş müharibəsi dövründə hitə çevrilib. Rus şairi Nikolay Zabolotski bu əsəri: “Oh, Bolero – müqəddəs döyüş rəqsi” deyə vəsf edib) dinləməyi isə ona görə tövsiyə edirdi ki, bu musiqinin səfərbəredici gücünə inanırdı. İnanırdı ki, qarşıda yarımçıq mübarizəmizin davamı var, qarşıda Vətən uğrunda müqəddəs savaşımız var...

O vaxt fəlsəfi düşüncələrlə zəngin “Yeni yolun başlanğıcı”nı pozmağa əlim gəlməmişdi, arxivimdə saxlamışdım. Sanki intiusiyam mənə diqtə edirdi ki, bu, həm də bir gəncin uğur platformasıdır, “uğur düsturu”dur. Yanılmamışam!..



“İdeyasız yaşayanları”ı qınayan, ən çətin dövrdə belə iradəsi, gələcəyə inamı ilə “özündə fövqəladə qüvvə tapan”, heç bir məqsədini yarımçıq qoymayan o gənc indiki 50 yaşlı Faiq Hüsiyev idi. Cəmiyyətdə bəlli bir imzası, bəlli bir mövqeyi var, ictimai nüfuzu var, ziyalıdır, mediamızın, müasir jurnalistikamızın seçilənlərindəndir, peşəkar televiziyaçıdır, Azərbaycan Televiziyasının Teleradio Akademiyasının rektoru, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar jurnalistdir...

... İnsan həyatını möcüzələr izləyir, bəzən yaşadıqları illər sonra yenidən təkrarlanır, tarixin təkrarlandığı kimi. 50 yaşının ərəfəsində ömrü boyu unuda bilməyəcəyi kədərlə sevinc qarışıq iki hadisə baş verdi həyatında, bir gözü ağladı, o biri güldü. Ata itkisindən sarsıldı... Torpaqlarımızın işğaldan azad edilməsinə isə sevinməmək mümkün deyildi! Artıq 1993-cü ildə 23-cü ad gününü kədərə boğan işğala son qoyulurdu, “yarımçıq mübarizəmiz”in davamı başlamışdı, xalqımızın haqlı, müqəddəs Vətən müharibəsi gedirdi, müzəffər Ali Baş Komandanımız, şanlı Ordumuz, qəhrəman, cəsur əsgərlərimiz yeni tarix yazırdı, Azərbaycanın ürəyindəki qara ləkəni ağardırdı, bir-birinin ardınca azad edilən yurdlarımıza üçrəngli bayrağımız sancılırdı, beləcə, 50-ci ad gününü “Qələbə” xəbərləri izləyirdi. “Yeni yolun başlanğıcı”ndakı “Hər şey yaxşı olacaq, pis olmağa haqqı yoxdur!” inamı gerçəyə çevrilirdi. Və bu gerçəyi dahi Üzeyir bəyin bütün dövrlərin hiti olan ölümsüz musiqiləri müşayiət edirdi. Sanki, məhz bu gün üçün yazılmış parlaq musiqiləri! Bu, deyəsən, ona “Bolero”nu çoxdan unutdurub...

Yubiley ilinin bir sevinci də ilk kitabının nəşri idi: “Keçmişə pəncərə – 1988-ci il”. Kitabı mənə bağışlayanda isə ilk sualım belə oldu: “O yazını da bura salmısınızmı?” Təəccüblə üzümə baxdı, xatırlamadı...

Elə isə bu, 50 yaşına mənim sürprizim olsun. “Yeni yolun başlanğıcı”nı ikinci kitabında görmək arzusu ilə ad günündə ona “hədiyyə” edəcəyəm. Hələliksə... 

“Keçmişə pəncərə – 1988-ci il”... 

“Görəsən, 50 ildən niyə təkcə, məhz 1988-ci il?”. Kitabı vərəqlədikcə bu suala cavab tapmaqda çətinlik çəkmirsən. 1988-ci il bir çox parametri ilə onun üçün əlamətdar olub. 18 yaşını tamamlayıb, orta təhsilini başa vurub, müstəqil həyata atılıb. Lakin 50 yaşından 18 yaşına boylanan müəllifin məqsədi tək bunları oxucuya danışmaq deyil. 1988-ci il, özünün də dediyi kimi, “soyuq müharibə”nin bitdiyi, sosializmin laxladığı, yeni dünya düzəninin başlandığı il idi, yeni insan, yeni düşüncə tərzi formalaşırdı. 1988-ci il, həm də milli münaqişələrin cücərdiyi, erməni seperatçılarının Qarabağda ərazi iddiaları ilə savaşa başladığı il idi. Qarabağ isə onun üçün də doğma yurd, azad olunacağına ümidini bir an belə itirmədiyi Vətən torpağıdir. Və məncə, həmin ilə baxışını şərtləndirən əsas səbəb də elə budur. O, şəxsən öz ömründə, vətəndaşı olduğu ölkənin həyatında məxsusi izi olan 1988-ci ili, məhz buna görə seçib. Və tarixi dərindən öyrənməyə can atan bu gənc 18 yaşında, həm də “öz tarixini yaradır, yaşadığı günlərin hesabatı”nı gündəliyinə köçürürdü. “Nədənsə mənə elə gəlirdi ki, məhz həmin il mən tarixi oxumaqla yanaşı, həm də onu yazırdım. Yazdığım tarix, həm də mənim gəncliyimə, düşüncə tərzimə tam fərqli pəncərə açan məqamın başlanğıcı idi...” qənaəti ilə ipə-sapa düzdükləri isə illər sonra, kifayət qədər yetkin yaşında “...tədricən xronoloji povestə – bəlkə də, sadəcə uzun, vərəqlənmiş bir təqvimə, bəlkə də, unudulmuş bir zamanın şərhlərlə müşayiət olunan sadə xronikasına” dönüb. Amma o, fərqli formatda təqdim etdiyi bu xronikanı, Qarabağda baş verən hadisələri, “sevimli şəhəri” Sumqayıtda yaşananları, 18 yaşlı gəncin daxilindəki təlatümləri, bütövlükdə 1988-ci ili 50 yaşın “baxış bucağı”ndan təhlil edir. Gündəliyin hər gününü isə dünya miqyasında cərəyan edən mühüm siyasi, iqtisadi, mədəni hadisələr müşayiət edir. Bütün bunları böyük səbr, təmkin və zəhmətlə toplayan müəllif oxucunun gözləri önündə “1988”in olduqca dolğun mənzərəsini yaradır. Lakin bununla kifayətlənmir, çünki məqsədi təkcə həmin tarixin salnaməsini yaratmaq deyil, eyni zamanda və ən əsası, “gələcək naminə mütləq keçmişə baxmaq və nəticə çıxarmağ”ın vacibliyini diqqətə çatdırmaq istəyidır... 

Sadəliyi, səmimiliyi isə kitabı əvvəldən sonadək izləyən “gündəlikdən parçalar”da da aydın görünür. Onları “ütüləməyib”, “hadisələrə 18 yaşındakı yanaşma reallığına əl gəzdirməyib” (professor İlham Rəhimli). Kitaba “Yaddaşlarda əbədiləşən tarix” adlı ön söz yazan professor İlham Rəhimlinin fikrincə, “Keçmişə pəncərə: 1988-ci il” öz orijinallığı, forma-məzmun xronotopu, esse, xatirə, gündəlik, reportaj janrlarının harmonik vəhdətinin parlaq nümunəsi”dir. Mən bu kitaba, həm də

Tarixin bir parçası...

deyərdim. “Tarix keçmişə yönəlmiş siyasətdir” deyən müəllifin yetərincə bələd olduğu parça. Kitabda zəngin faktlar aparıcı olsa da, müəllifin mövqeyi, həmin faktlara, hadisələrə münasibəti ön plandadır. Bu tarix, həm də ona görə maraqlıdır ki, onu onun şahidi olan şəxs qələmə alır...

Əslində, onun tarixə sevgisini eyni redaksiyada işlədiyimiz illərdə də hiss etmişdim. Televiziyadan hansısa ölkəyə göndəriləndə mütləq xeyli söhbət edərdi bizimlə. İordaniyaya getməzdən əvvəl, az qala, bu ölkənin bütün tarixi abidələrini saymışdı mənə, ““Ölü dəniz”in suyunun hər litrində 300 qram duz var, Petra tarixin möcüzəsidir” demişdi. Yaxud Hindistana gedəndə, “Bilirsən də, dünyanın yeni 7 möcüzəsindən biri olan Tac Mahalı Təbrizdən gətirilən türk memarları tikib”, Londona gedəndə ““Viktoriya və Albert” muzeyinə mütləq baş çəkərsən, “Şeyx Səfi xalçası” ordadır” deyə xatırlatmışdı... Dünyanın harasından desən, ordan xəbər verərdi. Bu, təkcə “çox gəzən çox bilər” gerçəyi ilə bağlı deyildi, mütaliəsi və yaddaşı mükəmməl idi. İstedad və biliyini ssenari müəllifi olduğu yüzlərlə veriliş, onlarla sənədli film də təsdiq edir. Yeri gəlmişkən, bu filmləri, həm də içindəki Azərbaycan sevgisi ilə hazırlayırdı. Bu sevgi ilə dünyanın çox yerinə “Körpü” salıb, “Azərbaycan izləri”ni tapmaq, üzə çıxarmaq, xatırlatmaq, təbliğ etmək üçün yola çıxıb, televiziya məkanında ilk dəfə xaricdə yaşayan, ölkəmizi şöhrətləndirən soydaşlarımızı “Sorağınız gəlir” deyə tamaşaçılara tanıdıb. “Gecə kanalı”, “Bizimlə birgə”, “Gecəyə doğru” verilişlərinin, “Həftə” analitik informasiya proqramının aparıcısı kimi özü də televiziyanın sevilən, arzuolunan personası olub, siyasi yetkinliyi, yüksək peşəkarlığı ilə yadda qalıb...

Kitab haqqında çox yazmaq, çox danışmaq olar, indi məqsədim bu olmadığından fikrimi elə müəllifin özünün son sözü ilə bitirirəm. O, “tarixin bir parçası”na belə yekun vurur: “30 il sonra müstəqil Azərbaycanın vətəndaşı kimi keçmişə boylananda, düşünürəm ki, məhz 1988-ci il tərksilah eşqilə yaşayan bütün dünya üçün, simasını dəyişməyə çalışan sosialist sistemi üçün, mətinləşən xalqım üçün və nəhayət, mənim üçün dönüş ili idi. ...Taleyimiz bacarıqsız və mərhəmətsiz rəhbərlərdən asılı olduğu üçün faciələr yaşadıq. Bizi naməlum gələcəyə və dumanlı sabaha inanmağa çağıranlar yol ayrıcında itdilər. Bizim onlara olan inamımız xırda pul kimi xərclənərək tükəndi. ...Bir cümlə ilə – 1988-ci il bəşər salnaməsinə yeni tarixin yazıldığı ədalətsiz və gərgin günlər toplusu kimi həkk oldu!..”

O vaxtkı bu küskünlüyü, bu bədbinliyi indi müstəqil Azərbaycanın 30 ildəki misilsiz nailiyyətləri, tariximizə qızıl hərflərlə yazılacaq möhtəşəm QƏLƏBƏni bizə bəxş edən məğrur LIDERi, bu LİDERin ətrafında bir yumruq, alınmaz qala kimi birləşən xalqı ilə qürur hissinin əvəz etməsinə isə qətiyyən şübhəm yoxdur... 

“... ən yaxşılar sizə xatirələr bəxş edir”

... Sumqayıtda anadan olub Faiq müəllim, “tarixi” 7 noyabrda – Böyük Oktyabr Sosialist inqilabının qələbə çaldığı gündə. Bu, Sovet İttifaqında ən möhtəşəm bayramlardan biri kimi qeyd olunardu. 18 yaşını da sovet vətəndaşı kimi qarşılayıb. Əsgəri xidmətini də uzaq Perm şəhərində çəkib – amma indi bunlardan hansı biriləsə öyündüyünü ağlıma belə gətirə bilmirəm...

Tarixçi olmaq istəyib, alınmayıb, bəxtinə BDU-nun jurnalistika fakültəsi düşüb. Yanlış da bir naxışdır... 1993-cü ildən AzTV-dədir, müxtəlif vəzifələrdə işləyib. Prezidentin 16 avqust 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini vəzifəsinə təyin edilib. 2015-ci ildən Televiziya və Radio Akademiyasının rektorudur. 2008-ci ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb...

O, harda, hansı vəzifədə olursa-olsun, özü ilə hər yerə peşəkarlıq, ziyalılıq və insanlıq daşıdı. Hara getdisə, orada yaxşı iz qoydu. Üstəlik, hər zaman, hər yerdə özü oldu, simasını, dünyamızda az qala, qəhətə çəkilən insanlığını qorudu. Yaşının üstünə yaş gəldi, uğurlar qazandı, vəzifə pillələri ilə irəlilədi, insan kimi isə qətiyyən dəyişmədi. Birgə işlədiyimiz, onu tanıdığım illərdə gəldiyim qənaət budur. Qosqocaman AzTV-də sədr müavini olanda da hansısa sözü, hərəkəti ilə xüsusi statusa malik olduğunu hiss etdirmirdi, əksinə, bütün davranışı ilə nümunə göstərirdi. Son dərəcə prinsipial, məsuliyyətli idi, hansı “kreslo”da əyləşdiyini yaxşı bilirdi, TV-nin ən məsuliyyətli sahəsinə, informasiya proqramlarına rəhbərlik edirdi, xəbər siyasətinə cavabdeh idi. O gərgin vaxtlarda (bu gərginliyi ancaq “Xəbərlər”də işləyənlər bilər), hətta filmlər də hazırlayırdı və yaxşı yadımdadır ki, Rusiya prezidenti Dmitri Medvedyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Serbiya prezidenti Tomislav Nikoliç, Şimali Kipr Türk Respublikasının prezidenti Mustafa Akınçı və bir sıra başqa görkəmli siyasətçilərdən eksklüziv müsahibələr almışdı. Təşkilatçılığı da gözəl idi, yenilikçi idi. Mənəviyyata söykənən idarəçiliyi vardı, təmənnasız idi, redaksiyada hər kəsin imkanlarını yaxşı bilir, qabiliyyətini düzgün qiymətləndirir və  istiqamətləndirirdi. Heç kimi heç kimlə dəyişik salmazdı. Mövqeyindən, yaxud önündəki insanın zəifliyindən istifadə etməzdi, kimsənin haqqını öz adına çıxmazdı, kimsənin haqqının tapdanmasına yol verməzdi. Qapısı bütün yaxşılıqlara açıq idi. Hətta dəfələrlə özünü çıxılmaz vəziyyətdə qoyub işçilərin səhvlərini üzərinə götürərək onları xilas etmişdı. Ən gərgin vaxtlarda belə səsinin tonu qalxmazdı. Hansısa anlaşılmazlığı elə yüksək səviyyədə yoluna qoyurdu ki, heç kimin ruhu da incimirdi. Sanki “qoruyucu mələk” idi, vəzifə parıltısından gözləri qamaşanların qəzəbinə tuş gələnləri qoruyurdu. Kin-kidurətdən, qəzəbdən, söz-söhbətdən uzaq idi. Hər zaman Allahı başının üstündə “görərdi”. O qədər xoşniyyətli, mərd, etibarlı idi ki, ona güvənə, arxalana bilərdin, bütün subardinasiyaları kənara qoyub, onunla sevincini, dərdini çox rahatlıqla bölüşə bilərdin, ondan məsləhət ala bilərdin. Bütün bunlar onu daha da hörmətli edirdi. Peşəkarlığı, işgüzarlığı, təşkilatçılığı öz yerində, tərbiyəsi, parlaq insani keyfiyyətləri ilə də kollektivin doğmasına çevrilmişdi. “Biz sabah başqa yerdə də işləyə bilərik, amma gərək insanlığımızı qoruyaq, onu itirməyək” – hər dəfə belə deyirdi. Onu da deyirdi ki, hər şeyi qara rəngdə görmək olmaz, hər şeyə qara don geyindirmək lazım deyil. Onsuz da həyatımız başdan-ayağa qaramtıl, bozumtul rənglərlə doludur. Ona bir az əlvan rənglər qatmaq lazımdır ki, yaşamaq mümkün olsun...

Elə çıxmasın ki, Faiq Hüsiyev haqqında keçmiş zamanda danışıram. Yenə eyni kollektivin üzvüyük. O, Teleradio Akademiyasındadır. 2019-cu ildən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədovla birgə yeni ab-hava gətirdikləri bu Akademiya, ümumilikdə ölkə teleməkanı üçün müasir dövrün tələblərinə uyğun kadrlar hazırlayır. Həm Rövşən müəllimin, həm də Faiq müəllimin  ən böyük arzusu Teleradio Akademiyasının ixtisaslaşdırılmış ali təhsil məktəbinə çevrilməsidir. Uğurlar olsun!.. 

Qələbə ətirli yubiley...

İndi o, dostları ilə birgə doğma şəhəri Sumqayıtda siyasi klub yaradan, ona rəhbərlik edən, Sumqayıtdan Bakıya gələrək Topxananın qırılmasına etiraz edən mitinqlərə qatılan, xalqın oyanış hərəkatından ruhlanan, az sonra bu hissin əzilməsindən sarsılan, ürəyində parlayan ümid qığılcımı sönən... 1988-ci ildəki 18 yaşlı gənc deyil!..

İndi o, öz tarixinin qızıl səhifələrini yazan qalib bir dövlətin vətəndaşıdır! 2020-ci ildə halal torpaqlarını işğaldan azad etməklə hər bir azərbaycanlının içindəki məğlubiyyət acısını milli qürur hissi ilə əvəz edən müzəffər Ali Baş Komandanın əsgəridir!..

50 yaşı tamam olur bu vətəndaşın, bu əsgərin...

Qələbə qoxusu bürüyüb yubileyini – nə gözəl qoxudur bu!..

Kimsə öz yubileyinə bundan gözəl hədiyyə düşünürmü?..

Qələbə ətirli ad günün mübarək,  ÇOX DOĞMA INSAN!..

 





09.11.2020    çap et  çap et